30 Nis 2011

Elektrik enerjisinin dəyərinin ödənişində böyük artım qeydə alınıb


Azərbaycanda istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində artım qeydə alınıb.

Lent.az-ıns “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin mart ayında 591,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib, ümumi ödəniş isə 79 faizdən çox olub.


Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 7 faizə yaxın olub. Daimi əhali istehlakçı qrupu üzrə istehlak 218,5 milyon kilovatsaata yaxın olub və bu da ötən ilin eyni dövründəki göstəricidən 18,4 milyon kilovatsaat azdır. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,2 faiz artaraq 81 faizi keçib.


Mart ayında ümumi ödəniş üzrə 5 elektrik şəbəkəsində (EŞ) ötən ayların debitor borcu nəzərə alınmaqla, 100 faiz və ondan yuxarı, 6 EŞ-də isə 95 faiz və ondan yuxarı nəticə qeydə alınıb. Ümumiyyətlə, hesabat ayında ümumi ödənişdə yüksək göstərici “Ağstafa” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 103,9%), ən aşağı “Sabirabad” EŞ-də (37,1%) qeydə alınıb.


Daimi əhali istehlakçı qrupu üzrə ödənişdə isə 11 EŞ-də ötən ayların debitor borcu nəzərə alınmaqla, 100 faiz və ondan yuxarı nəticə qeydə alınıb. Bu istehlakçı qrupu üzrə hesabat ayında ən yüksək göstərici “Ağstafa” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 108,6%), ən aşağı göstərici isə “Sabirabad” EŞ-də (26,1%) olub.


Xatırladaq ki, “Azərenerji” ASC-nin əsas funksiyası Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalının və ötürülməsinin idarə edilməsini həyata keçirməkdir.
Bununla yanaşı, Səhmdar Cəmiyyət hazırda Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını da həyata keçirir.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı