30 Nis 2011

Ümid Partiyasında imtahan sabah davam edəcək


Bu gün saat 10:00-dan etibarən Ümid Partiyasının qərargahında partiyanın Dairə Seçki Komissiyalarındakı təmsilçilərini müəyyənləşdirmək məqsədilə imtahan keçirilib.

Partiyadan Lent.az-a verilən məlumata görə, imtahan başlamazdan əvvəl namizədlərlə görüşən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə prosesin əhəmiyyəti haqqında danışıb.

İqbal Ağazadə çıxışında qeyd edib ki, bu, Azərbaycan siyasi sistemində yeni bir ənənədir: “Ümid Partiyası Azərbaycan siyasi sistemində ilk dəfə olaraq bu qaydanı həyata keçirir və bu siyasi sistemin daha da demokratikləşməsinə, təkmilləşməsinə təkan verəcək. Hakimiyyətdən şəffaflıq istəyən təşkilat bunu öz daxilində reallaşdırmağı bacarmalıdır. Bu cəmiyyətdə yeni bir üsulun, ənənənin tətbiqidir”.

İmtahan komissiyasının rəhbəri, MSK üzvü Akif Qurbanov imtahanın prosedur qaydaları, nəticələrin necə hesablanması haqqında ətraflı məlumat verərək qeyd edib ki, 58 dairə üzrə Ümid Partiyası öz nümayəndələrini imtahan əsasında seçib müəyyən edəcək: “Rayon təşkilatlarının göndərdiyi nümayəndələr partiyanın mərkəzi orqanının qərarı əsasında yazılı və şifahi imtahandan keçməlidirlər. Yazılı imtahanda namizədlərə 20, şifahi imtahanda isə beş sual verilir. Onlara bu suallara cavab vermək üçün 1 saat müddət nəzərdə tutulub. Hər bir sual üçün maksimum 1 bal, orta cavab isə 0,5 balla qiymətləndiriləcək və ümumi maksimal bal 25 bal olacaq. Yazılı və şifahi imtahanın hər ikisindən birgə 13 bal toplayan namizəd imtahandan müsbət qiymət almış hesab ediləcək”.

Şifahi imtahan iki qrup üzrə həyata keçirilib. Partiya Ali Məclisinin sədri Ənvər Ağazadənin rəhbərlik etdiyi qrupa partiya sədrinin müavinləri Şəbnəm Karslı, Arif Paşa və Səməd Hətəmov daxil olub. İcra Aparatının rəhbəri Nəsimi Məmmədlinin rəhbərlik etdiyi digər qrupa isə partiya sədrinin müavini Rəfail Tağızadə və şöbə müdiri Razi Abbasbəyli daxil edilib.

İmtahanda rayon təşkilatlarının hər birindən bir neçə nümayəndə iştirak edib və mətbuat nümayəndələrinə prosesi müşahidə etmək üçün şərait yaradılıb. Namizədlərin sayının çoxluğunu nəzərə alaraq, yazılı imtahan 3 növbədə həyata keçirilib.

İmtahan prosesi başa çatmadığından növbəti gün davam etdirilməsi qərara alınıb. İmtahanının nəticələri əsasında namizədlərin DSK üzvlüyünə göndərilməsi təsdiq ediləcək.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı