2 May 2011

Azərbaycan gömrüyündən keçənlərin işi asanlaşacaq


Bundan sonra Azərbaycan gömrüyündən keçənlərin problemi ən uzağı 1 ay müddətinə həll ediləcək.

Bu, yeni hazırlanan qanun layihəsində nəzərdə tutulub. Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İqtisadi siyasət komitəsinin birgə hazırladığı Gömrük Məcəlləsinin yeni layihəsində dəyişikliklər edilib.

Dəyişikliklərdə Dövlət Gömrük Komitəsinin 30 gün ərzində gömrük prosedurlarından keçmək, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasına qadağa qoyulan malların yeni syahısının tərtib edilməsi, bu siyahıların sərhəd-buraxılış məntəqələrinə vurulması və digər təklifləri ilə bağlı müraciətinə baxılması üçün maksimum müddətin müəyyən edilməsi təklif olunub. Məcəllənin layihəsində gömrük prosedurlarından keçmə müddətinin 15 gündən artıq olmaması göstərilir. Lakin deklarant tərəfindən müvafiq sənəd və məlumatların toplanması üçün əlavə vaxt lazım olacağı halda bu müddətin uzadılması istisna edilmir.

Yeni Gömrük Məcəlləsinin qəbulu gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, dövlət büdcəsinin gəlirlərinin artması, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunması, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesinin sürətlənməsi, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsi, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, gömrük tarif siyasətinin təkmilləşdirilməsinə və inkişaf etdirilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılması, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artması, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşması və ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradacaq.

Hazırda qüvvədə olan Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib. Qeyd edək ki, yeni layihə ikinci oxunuşda Milli Məclisin növbəti iclasına tövsiyə olunub.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı