2 May 2011

“Biz bu uşaqları təkcə futbolçu kimi yetişdirmirik”


17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov affa.az saytına müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:

- Rəhbərlik etdiyiniz komanda Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku”nun qalibi oldu. Bu Turnirlə bağlı təəssüratlarınız necədir?

- Yüksək səviyyədə təşkil olunmuş turnir idi. Güclü komandalar çıxış edirdilər. Həmvətənlərimiz oyunlarımızı izləyirdilər. Bu amil uşaqlarda məsuliyyəti bir qədər də artırmışdı. O cür atmosferdə oynamaq futbolçulara əlavə ruh yüksəkliyi verirdi. Turnirə yaxşı hazırlaşmışdıq. Hər oyunda maksimum nəticə qazanmaq uğrunda mübarizə aparırdıq. Uşaqlar əllərindən gələni edirdilər. Sevindirici haldır ki, qrupda maksimum nəticə əldə etdik. Finalda penaltilərlə qələbə qazanaraq turnirin qalibi olduq. Çempion olduğumuza görə sevinirəm. Komandamın oyunundan razıyam. Çünki bu yaşda 5 gündə 4 oyun keçirmək çox çətindir. Çalışacağıq ki, uğurlu nəticənin davamını gətirək. Hər turnirə, hər oyuna maksimal dərəcədə hazırlaşacağıq ki, yaxşı çıxış edək. Uşaqların ustalıq səviyyələrini, beynəlxalq oyun təcrübələrini artırmaq baxımından bu cür turnirlərin böyük əhəmiyyəti var. Məncə, böyük təcrübə qazandıq. Çempion olmağımıza baxmayaraq, deməzdim ki, komandamızda hər şey yaxşıdır. Çatışmayan cəhətlərimiz var. Yaxşı komanda qurmağımızı istəyiriksə, çatışmayan cəhətlərimiz üzərində çalışmalıyıq.

- Nə kimi çatışmazlıqlar var?

- Bu məsələnin təfərrüatına varmaq istəməzdim. Çatışmazlıqları müəyyən etmişik və onların aradan qaldırılması üçün müvafiq işlər görüləcək. Bu barədə geniş danışsaq, futbolçular həvəsdən düşə bilərlər.

- Bu cür nəticə əldə edəcəyinizi gözləyirdinizmi?

- Açığı, turnirdən əvvəl qarşımıza məqsəd qoymuşduq ki, finala çıxaq. Qrupda maksimum nəticə göstərərək ilk məqsədimizə çatdıq. Finalda Ukrayna ilə oyunda zəif çıxış etmədik. Hətta qol epizodlarına görə onları üstələdik. Oyunun sonunda bizim futbolçular fiziki baxımdan rəqibdən daha güclü təsir bağışlayırdı. İkinci hissənin sonları bizim nəzarətimiz altında keçdi. Bununla belə, istənilən nəticə qeydə alına bilərdi. Uşaqlar əzmkarlıq nümayiş etdirdi və sonda biz qələbə qazandıq. Onu da deyim ki, bu yaşda uşaqları penalti vurmaq üçün psixoloji cəhətdən hazırlamaq elə də asan deyil. Elə futbolçu var idi ki, penalti vurmağa ehtiyat edirdi. Bəzi futbolçulara tapşırıq verdim ki, mütləq 11 metrlik zərbəni vurmalısan. Penalti seriyası göstərdi ki, psixoloji cəhətdən bizim komanda daha hazır idi.

- Komandanın əldə etdiyi nəticə futbolçuların gələcək oyunlarda, turnirlərdə arxayınlığına səbəb ola bilərmi?

- Çalışacağıq ki, arxayınlaşmasınlar. Hazırda bu istiqamətdə işlər aparırıq. Biz bu uşaqları təkcə futbolçu kimi yetişdirmirik. Təlim-tərbiyəsi ilə məşğul oluruq, vətənpərvər ruhda böyüdürük, bir şəxsiyyət kimi formalaşmaları istiqamətində çalışırıq.

- Finaldakı qolsuz heç-heçə barədə nə deyə bilərsiniz?

- İran və Qazaxıstan yığmaları ilə oyunlarımız çətin keçdi. Özbəkistan yığması ilə oyunda əsas heyətin oyunçularına istirahət verəcəyimizi düşünənlər vardı. Ancaq belə etmədik. Qrup mərhələsində sonuncu oyun turnir baxımından bizim üçün heç bir məna kəsb etməsə də, milli komanda üçün böyük əhəmiyyəti vardı. Çünki himnimizin səsləndiyi, bayrağımızın dalğalandığı yerdə bütün oyunlara məsuliyyətlə yanaşmalıyıq. Əvvəlki qarşılaşmalarda olduğu kimi, Özbəkistan yığması ilə görüşdə də uşaqlara öz tapşırıqlarımızı verdik, oyuna köklədik. Əldə etdiyimiz qələbə yanılmadığımızı göstərdi. Ertəsi gün isə finalda Ukrayna yığması ilə qarşılaşdıq. Final oyunları həmişə gərgin keçir, tam fərqli ab-havada oynanılır. Heç bir komanda qol buraxmaq istəmir. Ukrayna yığması turnirin ən güclü komandalarından biri idi.

- Turnirin ən məhsuldar oyunçusu seçilən Ruslan Nəsirlinin çıxışını necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, biz mart ayında İzmirdə “Ege kuboku”nda çıxış etdik. Türkiyədə təşkil olunan turnirdə yaratdığımız qol imkanları Qazaxıstandakından çox idi. Əgər “Ege kuboku”ndakı qol imkanlarından tam yararlana bilsəydik, həmin turnirin də qalibi olardıq. Əfsuslar olsun ki, imkanlardan, hətta 11 metrlik cərimə zərbələrindən istifadə edə bilmədik. Həmin səhvlərimizin üzərində çalışdıq. Yaxşı oldu ki, Ruslan Nəsirli həmin səhvlərdən nəticə çıxardı, həm turnirin ən məhsuldar oyunçusu oldu, həm də komandamız uğur qazandı.

- Gələcək planlarınız nədən ibarətdir?

- Mayın 7-də Moldovada Rumıniya, Moldova və Litva yığmalarının iştirakı ilə keçirilən turnirdə iştirak edəcəyik. Çalışacağıq ki, həmin turnirdə də maksimum nəticə göstərək. Əsas məqsədimiz bərpa prosesini lazımi qaydada keçməkdir. Dediyim kimi, 5 günə 4 oyun keçirmək asan deyil. Bu, uşaqlar üçün böyük yükləmədir.

- Millimiz “Prezident kuboku”nun qalibi olmaqla 10 min dollar mükafat qazandı. Bildiyimizə görə, həmin mükafatın 20 faizi uşaq evinə köçürüləcək...

- Turnirdən əvvəl uşaqlar qərar vermişdilər ki, çempion olsaq, mükafatın 20 faizini uşaq evinə köçürsünlər. Qarşıdakı günlərdə həmin məbləğ uşaq evlərindən birinə təqdim olunacaq. Mükafatın qalan hissəsi isə futbolçulara verildi.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı