3 May 2011

Eldar Mahmudov belaruslu həmkarı ilə görüşdü


Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-leytenant Vadim Zaytsev mayın 3-də Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə ölkəmizə səfər edib.

Lent.az-ın MTN-in İctimai Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, belaruslu qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti əvvəlcə, Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə əklil qoyublar. Akademik Zərifə Əliyevanın məzarı üzərinə də gül dəstələri düzüblər.

Nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini də yad edərək, “Əbədi məşəl» abidəsinin önünə də əklil qoyublar.

Daha sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov həmkarı Vadim Zaytsevi qəbul edib. Nazir Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri ilə əvvəlki səmərəli görüşlərini xatırladaraq, Vadim Zaytsevi Azərbaycanda yenidən görməkdən məmnun olduğunu və bu səfərin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirib.

Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, həmçinin, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar barədə qonağa ətraflı məlumat verib.

Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkür edən Vadim Zaytsev respublikamıza səfərindən xoş təəssüratlar aldığını söyləyib. Qonaq Belarus və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və keçirilmiş görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı