2 May 2011

Özbəkistanın baş prokuroru İçəri Şəhərdə olub


Özbəkistanın baş prokuroru Rəşidjan Kodirov Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olub.

Qonağın gəzintisi Qoşa Qala Qapıları meydanı ilə tanışlıqla başlayıb, ona meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilib.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, gəzinti zamanı cənab Kodirov həmçinin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilib.

İçəri Şəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə davam edib və kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında qısa informasiya verilib.

Ötən il muzey konservasiyası işləri bitmiş Məhəmməd Məscidi ilə tanışlıqdan sonra qonaq “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”ında olub. Burada Rəşidjan Kodirov İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb.

Tanışlıq zamanı Kadırova Bakının, eləcə də Azərbaycanın ən möhtəşəm və sirli memarlıq abidəsi olan Qız Qalasının tarixi, burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə də danışılıb. Qonaq “Sıratağlı” dini-memarlıq kompleksi ərazisində sərgilənən və müxtəlif dövrlərə aid olan daş ekspozisiya ilə tanış olub və Varfolomey kilsəsinin qalıqları barədə məlumatlandırılıb.
Sonda Buxara Karvansarası ilə tanış olan qonağa bu abidənin Azərbaycanın Orta Asiya ölkələri və həmçinin Özbəkistanın Buxara şəhəri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirilib və qonaq burada çay süfrəsinə dəvət olunub.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı