3 May 2011

Əqli mülkiyyət hüquqlarının idarə olunması sistemi sahəsində ilk addım atıldı


Qrant razılaşması layihəsi üzrə müzakirə protokolu imzalanıb

Bu gün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında “Azərbaycanda əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması” qrant razılaşması layihəsi üzrə müzakirə protokolu imzalanıb. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müzakirə protokolu Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında imzalanması nəzərdə tutulan Qrant Razılaşması layihəsinin müddəalarını təyin edir.

Müzakirə protokolunu Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Yonq-vu Kim ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov imzalayıb. İmzalanma mərasimində KOİCA baş ofisinin Mərkəzi Asiya və MDB ölkələri üzrə departamentinin rəhbəri xanım Hi Suk Koh, KOİCA Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Yonq-vu Kim, Namseul Universitetinin Kompüter elmləri departamentinin professoru Sanq Yeob Na və başqaları iştirak edib.

İmzalanması və həyata keçirilməsi nəzərdə tutulmuş Qrant Razılaşması layihəsinin məqsədləri aşağıdakılardır:

- İctimaiyyətə daha yaxşı xidmətlər göstərilə bilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən əqli mülkiyyət hüquqlarının idarə olunması sisteminin səmərəliliyini və məhsuldarlığını yaxşılaşdırmaq;
- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əqli mülkiyyət hüquqları üzrə inzibati işlərinin avtomatlaşdırılması üçün kompüterləşdirilmiş sistemin yaradılması, Azərbaycanın əqli mülkiyyət hüquqları üzrə milli məlumat bazası toplusunun yaradılması və ictimaiyyət üçün Rəqəmsal Əqli Mülkiyyət Hüquqları Kitabxanasının yaradılması;
- Mütəxəssis hazırlamaq, zəruri texnologiyaların, bilik və bacarıqların maraqlı tərəflərə ötürülməsini təmin etmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində Təlim Mərkəzinin yaradılması;
- Azərbaycanda əqli mülkiyyət hüququ sisteminin davamlılığının təmin edilməsi.

Layihənin iki il davam etməsi nəzərdə tutulub. Əqli mülkiyyət hüquqlarının idarəolunması sisteminin hazırlanması təşəbbüsü Azərbaycan Hökumətinin e-hökumət prosesinə keçid çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən KOİCA-ya müraciəti əsasında yaranıb. Bu sahədə Komitə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıq edir. Təşkilatın tövsiyələrinə uyğun olaraq bu sahədə Koreya Əqli Mülkiyyət Ofisi (KİPO) ilə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq Komitə ilə KİPO arasında əməkdaşlıq çərçivəsində, KOİCA-nın dəstəyi və ÜƏMT-nın iştirakı ilə Azərbaycanda mövcud əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə dair layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı