6 May 2011

Smartfon bazarında liderin mövqeyi zəifləyir


“International Data Corporation” (IDC) analitik şirkəti bu ilin birinci rübündə ən iri smartfon istehsalçılarının bazardakı paylarını qiymətləndirib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-ci ilin yanvar-mart ayları ərzində dünya üzrə müxtəlif proqram platformaları ilə işləyən 99,6 milyon smartfon satılıb.


Bu, 2010-cu ilin həmin göstəricisi ilə müqayisədə 80 faiz artıqdır. “Nokia” dünyanın ən iri smartfon istehsalçısı adını qoruyub saxlaya bilsə də, Finlandiya şirkətinin qlobal bazardakı payı il ərzində 38,8 faizdən 24,3 faizədək enib. Rüb ərzində “Nokia” 24,2 milyon smartfon sata bilib.
“Nokia”-nın mövqeyinə yaxınlaşmaqda olan ən iri smartfon istehsalçıları siyahısının ikinci pilləsinin sahibi “Apple” şirkəti ilin birinci rübündə 18,7 milyon müxtəlif “iPhone” modellərini satıb. Keçən ilin yanvar-mart ayları ərzində isə ABŞ şirkətinin bu göstəricisi 8,7 milyon olub. Beləliklə, hazırda qlobal smartfon bazarının 18,7 faizi Apple-ın payına düşür.


İlk üçlüyü isə birinci rübdə 13,9 milyon smartfon satmış Kanadanın “Research In Motion” (RIM) şirkəti tamamlayır. BlackBerry istehsalçının bazardakı payı 14 faizdir. Keçən il bu göstərici 19,1 faiz olub. “Samsung”-un payı 4,3 faizdən 10,8 faizə qədər artıb. Üç ay ərzində 10,8 milyon smartfon satmış Cənubi Koreya şirkəti siyahının dördüncü yerindədir.
Beşinci pillənin sahibi HTC şirkəti cari ilin birinci rübü ərzində 8,9 milyon smartfon sataraq bazarın 8,9 faizinə nəzarəti ələ alıb.


Digər istehsalçıların smartfon bazarında ümumi payı isə cəmi payı 23,2 faizdir.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı