2 Tem 2011

“18 ildə Azərbaycanda 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”


“Təhlükəsiz şəhər” xidmətinin videonəzarət vasitələrinin əhatə dairəsi mərhələli şəkildə genişləndirilib, bu informasiya resursunun fəaliyyətə başladığı dövrdən yol hərəkəti qaydaları əleyhinə olan 47 minə yaxın inzibati xəta, 6000-dən çox hadisə aşkarlanaraq zəruri tədbirlər görülüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov məlumat verib.Nazir bildirib ki, bu gün daxili işlər orqanlarında qanunla müəyyən edilmiş mühüm vəzifələri layiqincə yerinə yetirə bilən istedadlı və yüksək ixtisaslı kadr potensialı, peşəkar özək formalaşıb: “Orta və böyük rəis heyətində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi yüksələn xətt üzrə inkişaf edərək 1994-cü illə müqayisədə 58,3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 77 faizədək yüksəlib. Kadrların, xüsusən gənclərin xidmətdə möhkəmlənməsi və inkişafı üzrə tədbirlər də sistemli şəkildə həyata keçirilir”.

R. Usubov deyib ki, Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmandan ötən dövrdə həyata keçirilən əməliyyat axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib: “Əllərdə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılıb və qeyd olunan illərdə onun tətbiqi ilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb. Bu müddətdə axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsi olaraq son illər bir sıra ağır cinayətlərin azalması tendensiyası müşahidə olunur”.

Nazirin sözlərinə görə, ötən il əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlərdən olan qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9 fakt, hədə-qorxu ilə tələb etmələr 0,3 fakt, banditizm 0.01 fakt təşkil edib ki, bu da əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.

“Bütün bunlar, həm həyata keçirilən kompleks qabaqlayıcı tədbirlərin, həm də daxili işlər orqanlarının fədakar əməyinin nəticəsidir. Təkcə ötən il xidməti vəzifələrinin icrası zamanı 153 əməkdaş xəsarət alıb, 5 nəfər həlak olub. Bu heç də adi rəqəm deyil, deyərdim ki, şəxsi heyətimizin xidməti vəzifələrinin icrası zamanı hər cür rəşadətə hazır olduğunun göstəricisidir”, - deyə, R. Usubov bildirib.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı