4 Tem 2011

“AFFA-nın baş katibi bizə bir az gözləməyi tövsiyə etdi” - MÜSAHİBƏ


“Bakı”nın aşağı yaş qrupları üzrə komandalarının türkiyəli baş koordinatoru Yüksəl Kepoğlu klubun rəsmi saytına müsahibə verib.

Lent.az 43 yaşı bu gün tamamlanan Kepoğlu ilə müsahibəni təqdim edir.


- 2010/11 futbol mövsümünü geridə qoyduq. Carı mövsümü “Bakı”nın aşağı yaş qrupu üzrə komandaları üçün uğurlu hesab etmək olarmı?

- Bu il qazandığımız uğurların təməli üç il öncə qoyulub. Bu il komandalarımızın çıxışından razıyam. 4 komandamız müxtəlif turnirlərdə çempion oldu. 1999 və 2000-ci il təvəllüdlülərimiz “Sabahın ulduzlarında”, 1996-lar U-15 liqasında, 1994-lər U-17 liqada və əvəzedici heyətimiz çempion titulu qazandılar. 2 komandamız mükafatçılar sırasından son anda qopdu. 1997-ci il təvəllüdlülər AFFA U-13 liqasında məğlubiyyət acısı yaşamasa da, finalçılar sırasına düşə bilmədi. Əslində bizim burada əsas məqsədimiz iştirak etdiyimiz birinciliklərdə çempionluq yox, əsas komanda üçün futbolçu yetişdirməkdir. Klub prezidenti cənab Hafiz Məmmədov da qarşımıza bu vəzifəni qoyub. Bu yaxınlarda istifadəyə verilən akademiya, yaradılan şəraitə görə uğur qazanmağa borcluyuq.


- Bu il “Bakı”nın uşaq komandaları kifayət qədər uğur qazandılar. Bu növbəti mövsümə də əlavə məsuliyyətdir. Bu uğuru təkrarlamaq çətin olmayacaq ki?

- Məşqçilər öz məsuliyyətlərini yaxşı başa düşürlər. “Bakı”nın necə böyük bir klub olduğunun da fərqindədirlər. Dediyim kimi, bizim üçün birinci dərəcəli məsələ istedadlı uşaqları tapıb, kluba cəlb etmək və onları əsas komandaya hazırlamaqdır. İkinci planda uşaqların müsbət əhval-ruhiyyədə olması üçün qələbə qazanmaqdır. Növbəti mövsüm bu ilkindən də ağır olacaq. Bütün klublar uşaq futboluna diqqət ayırır. Buna baxmayaraq yetirmələrimizin növbəti il bundan da yaxşı çıxış edəcəyinə ümid edirəm. Hamı bizdən bunu gözləyir.


- “Bakı” müxtəlif yarışlarda 11 komanda ilə mübarizə apardı. Ümumi götürsək, əsas rəqibləriniz hansı klublardır?

- “Neftçi”, “Qəbələ” və “İnter”i fərqləndirmək olar.


- Uşaqların seçiminə nə vaxt başlayacaqsınız?

- Qrup şəklində iyulun 20-dən seçimlərə başlamağı planlaşdırırıq. Avqust ayının ilk həftəsindən etibarən yaş qrupları üzrə seçimlərin son mərhələsini təşkil edəcəyik. Bu mərhələdə diqqətimizi çəkən uşaqlar klubun sıralarına qatılmaq şansı qazanacaqlar.


- Ötən il müxtəlif çempionatlarda 400-dən çox uşaq və yeniyetməni sınaqdan çıxardınız. Mövsüm boyu digər komandalarda izlədiyiniz yeniyetmələr də var. Dəyişikliklər barədə nə deyə bilərsiniz?

- Hər bir komandadan 3-4 futbolçu ilə yollarımız ayrılacaq. Əsas dəyişikliklər 1995-ci il təvəllüdlülərdən ibarət komandamızda olacaq. Bu heyətə 8-10 futbolçunu uzaqlaşdırıb, eyni sayda da cəlb etməliyik. İzlədiyimiz oyunçular var. Onların adlarını çəkmək istəmirəm. Onların bəziləri milli komandaların üzvləridir.


- 17 yaşlılarımız və əvəzedicilərimiz bu il çempiona yüksəldilər. Bu heyətdən ilk dəfə 2 futbolçu əsas komandaya göndərildi. Digər gənclərin isə belə bir şansı yoxdur. Onlar da U-19 liqası olmadığı üçün əvəzedici heyətə qatılırlar. Bu vəziyyətdən necə çıxmağı düşünürsünüz?

- Uşaq futbolunun əsas problemləri, məhz, bu mərhələdə yaranır. Hər iki komanda çempion olub. Bizə isə cəmi bir heyət lazımdır. Əlbəttə, bu qədər istedadlı gənclərin itməsi bizi düşündürür. İllərdir ki bu uşaqları yetişdiririk. Çıxış yolu ya U-19 liqasının yaradılması ya da həmin gənclərin komanda şəklində I divizionda oynamasıdır. İkinci daha sərfəlidir. Yaşı keçən gənclər burada oynamaqla əsas komandaya düşmək üçün təcrübə qazanacaqlar. Hər iki variant üzərində işləyirik. AFFA baş katibi Elxan Məmmədovla görüşümüzdə bu məsələni onun da diqqətinə çatdırmışam. Bizə bir az gözləməyi tövsiyə etdi.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı