1 Tem 2011

Azərbaycanın tanınmış stilistindən qalmaqallı açıqlamalar: “Röya eybəcər, qara qızdır” - MÜSAHİBƏ


Azərbaycanlı top-stilist Samir Əliyevin Milli.Az xəbər portalına müsahibəsi.

- Samir, deyəsən Nura Suri ilə münasibətlərin korlanıb?

- Nura? Mən ümumiyyətlə, onu qəbul etmirəm. O, “parixmaxerləri” yığıb, haqqımda xoşəgəlməz sözlər deyib. Ötən ilin yekununda mən müğənnilər haqda müsahibə verəndə onu 4-cü pillədə gördüm. Bu isə onu qəzəbləndirib. Orada yığışanlar özlərinə stilist deyən, əslində isə sadəcə, bərbərdir. Onların adlarını çəksəm, reklam olar. Onu bilsinlər ki, mən bərbər deyiləm. Mən özümə hörmət qoyan stilistəm.

Əgər mən Nuranı 4-cü yerə layiq görmüşəmsə, o, sadəcə mənə təşəkkürünü bildirməlidir. Ancaq Nura mənim kim olduğumu soruşur. Mən artıq sübüt eləmişəm kimliyimi. Mən heç kim olsaydım, ekspert kimi verilişlərdə iştirak etməzdim. Axı mən müğənni haqqında danışanda, onun sənəti və hərəkətlərini deyil, görünüşünü deyirəm. Mən Nuranın stilini bəyənmirəm.

Əgər söhbət stildən gedirsə, onda insanda dəb olmalıdır. İnsanlar üzərlərində dəyişiklik etməlidirlər. Məsələn, müğənni Rəqsanə və Xumar Qədimova kimi. Rəqsanə və Xumar hər dəfə yeni görünüşdə insanların qarşısına çıxırlar. Bu il Rəqsanə Elza Seyidcahanı geridə qoydu. Mən bunu bir professional gözü ilə deyirəm. Nuranın görünüşü kuklaya bənzəyir. Hər dəfə eyni görünür. İndi mən deyirəm, sən Nura, mənə kimliyini sübüt et.

- Nura Samir Əliyev üçün kimdir?

- Başı girməyən yerə bədənini soxan bir kəsdir. O mənim üçün dəbdən başı cıxmayan, ancaq bu mövzuda ağıllı-ağıllı danışan bir insandır. Adam bir işlə məşğul olmalıdır. Sən ya şair, ya akademik, ya da müğənni olmalısan. “Mən hər şeyi bacarıram” deyən insan sağlam deyil. Axı mən Nuranı ən professional müğənnilər sırasına saldım. Mən bunu etməyə də bilərdim. Əgər kimsə məni Nura kimi bəyənmirsə, gedib öz eyibindən danışsın. Elə Nura da öz eyibinə baxsın, sonra məndən danışsın. Nura mənə hələ çox sağ ol desin. Çünki ondan da gözəl geyinən və özünü yaxşı aparan müğənnilər var.

- Niyə şou-biznes nümayəndələri səni əsəbləşdirməyə çalışır?

- Çünki mənim öz dünyam var. Mən heç kəsə bənzəmirəm. Mən olduğum kimiyəm və tamaşaçının gözündən pərdə asmıram. Küçəyə çıxa bilmirəm. İnsanlar mənə xoş sözlər deyir. Gün ərzində telefonlarım dayanmır. Bunu nə Nura, nə də orada ona dəstək olanlar qazanıb. Mən çox əziyyət çəkmişəm. Heç vaxt özümü hər yerə soxmuram.

- Röya ilə münasibətin necədir?

- Röya əkizlər bürcüdür. O, mənə zəng edib bir yerdə işləməyi təklif etdi. Nura mənə Röyaya görə belə etdi. Nura dedi ki, mən ancaq işlədiyim adamları tərifləyirəm. Qurban olum, axı mən necə Röyanı tərifləməyim? Bu insan bir anda dəyişilir və istədiyi formaya düşür. Röya gözəl deyil, eybəcər, qara qızdır. Ancaq üzərində işləyir. O, bir dəqiqə ərzində istədiyi dünya ulduzuna bənzəyir.

Mən Röyaya dedim ki, işim çoxdur. Amma icazə ver, sənin üzərində özüm bildiyim kimi işləyim. Ancaq Röya deyir ki, bütün işlərimi atıb, onun yanında olmalıyam. Məndə bu alınmadı. O isə məni qara siyahısına salıb, söydü. Özü də əməlli-başlı söydü. Amma mən onu çox istəyirəm. Eybi yox, ona hər şey halaldı.

- Bir zamanlar tənqid etdiyin Zülfiyyə Xanbabayeva ilə münasibətlərin düzəlib?

- O qadın haqqında danışmamağı özümə söz vermişəm.

- Niyə? Qadağa qoyub?

- Yox, mənə heç kim qadağa qoya bilməz.

- Sən ilk dəfə onun barəsində danışanda, o, çox qəzəblənmişdi. Hətta o zaman işlədiyin Samir Bağırova belə, zəng edərək, sənin haqqında xoşagəlməz ifadələr səsləndirmişdi.

- Mən ötən ilin yekunları ilə bağlı müsahibə verəndə Zülfiyyə xanım haqda danışmışdım. O zaman prodüseri Nigar məni yığıb dedi ki, “Biz səni çox yaxına buraxmışdıq. Niyə Zülfiyyə xanım barədə belə sözlər dedin?” Amma buradan demək istəyirəm ki, əgər Zülfiyyə xanım mənim sözlərimi təhqir kimi qəbul edirsə, mən ondan üzr istəyirəm. Mən sadəcə onu qara geyimdə görməkdən yorulduğumu dilə gətirmişdim. Necə Ledi Qaqa geyimləri ilə insanları təəccübləndirir, Zülfiyyə xanım da zamanında elə idi. Ancaq biz indi onu belə görmürük.

Bu gün bütün informasiyalar mənə olduğu kimi gəlib çatır. Kim əleyhimə işlər görür, kim dalımca nə danışır, hamısını bilirəm. Axı mən onun yaradıcılığı və oxumağı haqda heç nə demədim. Mən sadəcə, onun geyimi haqda danışmışam. Demişəm ki, bəyənmirəm. Sözümün də arxasında dayanmışam. Demişəm ki, onun geyindikləri dünənkidir. Bu sözü yenə deyirəm və deyəcəm də. Əgər o əvvəllki Zülfiyyə Xanbabayeva olsa, mən daha onun haqda danışmayacağam. Məni onun geyimləri çox qıcıqlandırır. Standart olub.

- Bəs kişi müğənnilər necədir?

- Nə danışırsız? Bizdə zövqlü kişi müğənni yoxdur.

- Bəs Rəhim Rəhimli?

- Onun harası zövqlüdür? Onun geyimlərini görmüsünüz? Axırıncı dəfə Rəhimin qarnını görəndə, şoka düşdüm. Bu insan niyə bu boyda qarın buraxır? Onu çox istəyirəm. Amma belə olmaz.

- Qorxmursan ki, bu müğənnilər yığışıb səni döyə bilərlər?

- Niyə qorxmalıyam ki? Bu, mənim işimdir. Mən necə görürəmsə, elə də deyirəm. İnsanları qıcıqlandırıram ki, onlar özlərinə fikir versinlər. Bu, mənim siyasətimdir.

- Deyəsən Zamiq əlindən yaman bezardı?

- Niyə, axı o, məni çox istəyir. Sadəcə, onun yanındakılar özlərini reklam etmək istədilər. Bu isə alınmadı. Zamiq zövqlüdür, ancaq onda da standartlıq var. Siz fikir versəniz, mən zövqsüz insanlardan danışmıram. Mən yalnız zövqlü insanların zövqsüzlüyünü deyirəm. Mən heç vaxt deyə bilmərəm ki, Zülfiyyə Xanbabayeva zövqsüzdür. O, yeri gələndə zövqü ilə adamı yeyər. Amma bəzi mənfiləri var.

- Samir, o gün 35 yaşın oldu artıq.

- Bəli, mən o gün çox kədərli idim. Orada yaxın dostlar məni dəstəkləməyə gəldi. Onda hiss etdim ki, həyatda tək deyiləm (gözləri doldu). Bu 35 il ərzində ilk dəfə idi ki, ad günü qeyd etdim.

- Və həmin gün valideynlərini bağışladın...

- Bu 35 ildə çox uğurlar əldə etmişəm. Fikirləşdim ki, mənə indi nə ana, nə də ata lazım deyil. Onları bağışlamaq olar.

- Samir, sənin haqqında xoşagəlməz ifadələr səsləndirirlər. Yəgin sən bilirsən, söhbət nədən gedir...

- Mənim iki həyatım var - ulduzluq və adi insan həyatı. Belə olduğum üçün peşman deyiləm. Bu halımla çox mübarizə apardım ki, Ya Rəbbim, axı niyə məni belə yaratdın. Ancaq məğlub oldum. İndi isə mən sevinirəm ki, Allah məni belə yaradıb. Çünki mən hər kəsdən seçilirəm. Mən belə olmasaydım, qadınları hiss edə bilməzdim. Mən kimliyimi heç vaxt gizlətməmişəm.

- “Məni niyə qadın yaratmamısan” deyərək Allaha üsyan etdiyin vaxtlar olubmu?

- Bəli. Mən gözəl qadın görəndə onun kimi olmaq istəyirəm. Mən həyatda bu qədər çətinlik görmüşəm, qəddar da, paxıl da, pis də ola bilərdim.

- Bir az səmimi ol. Səni Samir Bağırov ilə nə bağlayırdı?
- Axı mən dedim ki, mən kişiləri daha çox bəyənirəm. Mənim kişiyə qarşı hissiyatım daha çoxdur.

- Bəs Samir Bağırov kişi deyil?

- Əlbəttə, kişi deyil. O haradan kişi oldu? Onun harası kişidir? Əgər mən beləyəmsə, bu, o demək deyil ki, mən hər kəslə münasibət qurub onu sevə bilərəm.

- Sevgilin var?

- Yox, çünki bu halımla oynamıram. Mən yalnız insanlara baxıb yaşayıram. Bir çox insanlar elə bilir ki, bizim Bağırovla münasibətimiz olub. Ancaq bu, belə deyil. Samir Bağırov mənim zövqümdə deyil. Çünki mənim kök və özünə baxmayan insanlardan xoşum gəlmir.

- Samir Bağırov özünə baxmırdı? Axı ona sən baxırdın. Sən onun stilisti idin...

- Mən onunla işləmişəm. Ancaq onu deyim ki, əgər mənim kişiyə qarşı meylim varsa, demək, kişini bəyənməliyəm.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı