1 Tem 2011

"Pişik" Günel Türkiyəyə hansı geyimdə gedir?


Türk dünyasının sənət kraliçası, xalq artisti İlhamə Quliyevanın ardınca Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyə Xələfova TÜRKSOY-un təşkilatçılığı ilə 1 iyul tarixindən etibarən Türkiyənin Adana şəhərində türkdilli dövlətlərdən qatılacaq sənətçilərin iştirakı ilə 38-ci beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı təmsil edən yeganə xanım müğənni Günel Ələkbərovaya dəstək oldu. Müsabiqədə 3 mahnı ilə çıxış etdiyinə görə üç fərqli libasda səhnəyə çıxmağı arzu edən Günelin istəyini gerçəkləşdirən modelyer, dünən kolleksiyasını bəzəyən ekslüziv geyimlərindən bir neçəsini sənətçiyə təqdim etdi.

Trend olaraq, Günel üçün seçilən geyimlərin hazırlıq mərhələsindəki fotosessiyadan ötrü modelyerin ofisinə yollandıq. Qızğın iş prosesi getdiyindən maneə yaratmamağa çalışdıq və hazırlığın son mərhələsini işıqlandırmağa qərar verdik. Komplekssiz müğənni təklifimizi qəbul edib, yaxınlıqda yerləşən Zorge parkında fotokameramızın qarşısına keçməyə razılıq verdi. Bir anın içində bağı podiuma çevirən müğənni, ətrafdakıların diqqətini özünə cəlb etməməyə çalışıb əsl modellər kimi pozalar verməkdən də çəkinmədi. Deyəsən, Fəxriyə xanım libaslarının müğənniyə yaraşdığından xeyli məmnun qalmışdı.

Trend-ə açıqlamasında beynəlxalq müsabiqəyə qatılan iştirakçıya dəstək olduğunu söyləyən modelyer geyimlər barəsində bunları söylədi. "Hər üç paltar sanki Günelin əyninə biçilib. Libaslar ona çox yaraşdı. Arzu edirəm ki, xarici görünüşünün gözəlliyi ilə repertuarı üst-üstə düşsün. Və o, Vətənə qalib kimi qayıtsın", - Fəxriyə xanım dedi.

Azərbaycanı təmsil edən istənilən sənətçiyə dəstək olduğunu vurğulayan əməkdar incəsənət xadimi onu da söylədi ki, bayrağımızın ölkəmizin hüdudlarından kənarda dalğalanması ona yaşayıb-yaratmaq üçün ən böyük stimul verir. "İstər festival, istərsə də mötəbər müsabiqələrdə Azərbaycanı təmsil edəcək iştirakçıya şəxsən mənim köməyim lazımdırsa, mən həmişə müsbət cavab verirəm. Bayrağımızın xarici dövlətlərdə keçirilən tədbirlərdə dalğalanmasını görmək vətənpərvər insan kimi, ancaq qürurlanmağımla nəticələnir. Ayrı-ayrılıqda hər üç müğənniyə - Günel Ələkbərova, Nurlan Əzizbəyli və Cəlal Abbasova uğurlar arzulayıram. Əsas odur ki, çəkdikləri zəhmət layiqincə qiymətləndirilsin", - modelyer əlavə etdi.

Qeyd edək ki, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Azərbaycan adından həmin mötəbər müsabiqədə iştirakçıların uğurlu çıxış etməsi üçün hazırlıq işlərini mükəmməl şəkildə yekunlaşdırıb. Müğənnilər Günel, Nurlan və Cəlal 30 iyun tarixində Adanaya yola düşəcəklər. Festival çərçivəsində baş verəcək ən maraqlı məqamlari Siz oxucular geniş fotosessiya ilə birlikdə Trend-in dəyişən xəbərlərində izləyə biləcəksiniz.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı