4 Tem 2011

Tehran Ankaradan nə istəyir?


Yaxın Şərqdə vəziyyət gərginləşdikcə, bölgədə marağı olan dövlətlərdəki hakimiyyətlərin də iç üzü aşkarlanır.

Mətləbə keçməzdən öncə qeyd edək ki, “The Wall Street Journal”ın hesabatına əsasən, İran İslam Respublikası İraq və Əfqanıstandakı qanuni hakimiyyətlərə qarşı çıxış edən yaraqlılara yeni növ silah-sursat ötürür. Mənbə bildirib ki, son aylar İran bu yöndə fəallığı artırıb. Buna səbəblərdən biri kimi ABŞ-ın tezliklə bu ölkələrdən ordusunu çıxaracağı ilə bağlıdır.

Jurnal naməlum mənbəyə istinad edərək, bildirib ki, İran İslam İnqilab Keşikçiləri Qvardiyası bu ölkələrdəki yaraqlılara yeni raket sistemi və təlimçilər göndərib. “Talıban” döyüşçülərinə Tehran hakimiyyətinin uzaq radiuslu raketlər tədarük etdiyi də həmin hesabatda öz əksini tapıb.

Generala-mayor Ceyms Bükenen isə müsahibəsində deyib ki, məhz İrandan bu sayaq dəstək alan qüvvələr son zamanlar İraqda daha fəaldırlar. Onun sözlərinə görə, əvvəllər terror aksiyalarının çoxunu “əl-Qaidə” və ya özlərini “müstəqil” adlandıran yaraqlılar törədirdi.

Mənbənin yazdığına görə, son iki ay ərzində ABŞ hərbçiləri belə hərbi bazalardan açılan raket atəşi nəticəsində həlak olub. Jurnalın mütəxəssisləri hesab edib ki, İran Yaxın Şərqdə və Afrikanın Şimalında təsiretmə imkanlarını artırmaq üçün fəallaşıb. Onların qənaətinə görə, Tehran ümid edir ki, “ərəb inqilablarından” sonra Ağ ev bölgədə bir sıra müttəfiqlərini itirib. Bu isə Tehranın islam dini adı altında fəaliyyət göstərən qurumlarla əlaqələri genişləndirmək və onları dəstəkləmək cəhdidir.

Bu fəallıq özünü İran hakimiyyətinin apardığı siyasi-ideoloji təbliğat da göstərməkdədir.

Ötən həftəki cümə namazında Tehranın xütbə oxuyan Kazım Sədiqi ərəb ölkələrində baş verənlərin Avropa və ABŞ-a təsir göstərəcəyini söyləyib. Onun sözlərinə görə, “beynəlxalq oyanış dalğası tezliklə” bütün dünyanın bürüyəcək.

Tehran həm də bölgə dövlətləri üçün “örnək”, “model” olduğunu da sübut etməyə səy göstərir. Bu yaxınlarda Moskvada çıxan “Sovremennıy İran” (“Çağdaş İran”) jurnalının birinci sayında da bu xətt əsas götürülüb. Müəllif Nina Mixaylovna Məmmədova bu yöndə yazısı ilə İran İslam Respublikasının son 32 ildə güclü iqtisadi, sosial və başqa sahələrdə inkişaf etdiyi sübut etməyə çalışıb.

Bunun Tehran hakimiyyəti əslində Türkiyədəki hakim AK Partiyaya alternativ olduğunu göstərmək niyyətindədir. Bu niyyətini gerçəkləşdirmək üçün o, rəsmi Ankaraya böhtan atmaqdan və yeri gəldi-gəlmədi çeşidli səviyyələrdə onu hədələməkdən də özünü saxlaya bilmir. Nəzər almaq lazımdır ki, Türkiyə bu yaxınlarda İran İslam Respublikasını “stateji düşmənlər” siyahısından çıxarıb. Tehran təmsilçiləri isə bu sayaq davranış və çıxışları isə AK Partiyanın apardığı İranla strateji əməkdaşlıq siyasətinə qarşı həsədli davranış da sayıla bilər.

Məlum olduğu kimi Türkiyə iqtidarı Misir, Tunis, Liviya, Suriya, Yəməndəki rejimlərə islahat aparmağı məsləhət görüb. Bu ölkələrdəki islamçı müxalif qurumlar isə indiki Türkiyə hakimiyyətini özünə örnək olaraq, görməkdədir. Bundan heç şübhəsiz Tehran rahatsızdır.

Bu yaxınlarda Suriya prezidenti Bəşər Əsədin İranın ali rəhbəri ayətullah Xamneyiyə Türkiyədən “şikayət etdiyi” haqda xəbər yayılmışdı. Onda İran rəsmilərinə istinadən bildirilmişdi:”Öz ərazisindəki NATO bazalarından Suriyaya hücum üçün icazə verərsə, o halda İran Türkiyəyə zərbə endirəcək”.

İran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Ramin Mehmanpərəst Türkiyə ilə bağlı bu məlumatı təkzib etmişdi. Ancaq həmi n xəbərdən bir neçə gün öncə İranın rəsmi informasiya vasitələri Suriyadakı müxalifəti silahlandırmaqda Türkiyəni ittiham etmişdi.

Ötən gün isə İran məclisi müdafiə komitəsinin sədri Qulamrza Kərəmi çıxışı ilə R.Mehmanpərəstin “təkzibini” başqa şəkildə təkzib edib. O, deyib ki, ABŞ İrana qarşı ehtimal olunan hərbi hücumu müttəfiqlərinin ərazisindən gerçəkləşdirərsə, onda “biz həmin dövlətləri hədəfə almaq haqqını özümüzdə saxlayırıq”.

Heç şübhəsiz Türkiyə Mustafa Kamal Atatürkün “…Cahanda barış!” vəsiyyətinə 88 ildir əməl etməkdədir. Hakimiyyətə gələn qüvvələrin sağçı, solçu, islamçı olmasından asılı olmayaraq, rəsmi Ankara bu vəsiyyəti həmişə əsas tutub. Elə son illər Orta Şərqdə fəallaşdığı hiss olunan Türkiyənin təməl prinsipi bunun üzərində qurulub.

Yeri gəlmişkən, Qarabağ məsələsinin həllində Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq üçün rəsmi Ankara Ermənistanla sərhəd məsələsində belə anlaşmağa hazır idi. Ancaq ermənilər və onun havadarları Türkiyəyə verdikləri vədi yerinə yetirmədiyindən AK Partiya iqtidarı da sərhədi açmaqdan imtina etdi. Əslində Türkiyədəki islamçı AK Partiya dünyaya islamın İrandakından fərqli bir siyasət yeritməyin, dünya ilə barış içində yaşamağın mümkünlüyünü sübut etdi. Türkiyə təsdiqlədi ki, islamçı kimi Fələstini müdafiə edib, İsraillə, onu düşmən elan etmədən, habelə “İsrailə ölüm!” şüarı səsləndirmədən diplomatik müzakirələr aparmaq olar və s.

İranın davranışından isə belə çıxır ki, ölkənin içində və dışında ondan “ədalətlisi, məzlumların haqqını müdafiə edə biləcək, başqası yoxdur”. Elə bu niyyətlə də o, bölgədəki, Suriya hakimiyyətini, Livandakı “Hizbullah”ı və başqalarını dəstəkləməklə özünü bölgənin əsas söz sahibi kimi dünyaya sırımağa çalışır. Məlum olduğu kimi Tehran son illər Türkiyəni özünə yaxın saydığını bəyan edir. Ancaq o, hazırkı şəraitdə, özəlliklə, Suriya ilə bağlı məsələdə bu ölkəni başlıca rəqib, bəzi hallarda isə hədələməkdən belə özünü saxlaya bilmir.

Təbii ki bunun səbəblərindən biri də türklüklə bağlıdır. Çünki Güney Azərbaycandakı türklər həm Azərbaycan Respublikası, həm də Türkiyə Cümhuriyyəti ilə fəxr edir. Bu dövlətlərin inkişafı onların milli haqları uğrunda mübarizəsinə mənəvi dəstəkdir.

Tehran isə bunun qarşısını almaq üçün çeşidli “oyunlara” əl atır. Bir zamanlar, Rza şahın hakimiyyəti illərində Güney Azərbaycan türklərini “azəriləşdirməklə” onları Türkiyədəki soydaşlarından ayırmağa, assimiliyasiya etməyə çalışdı. Bu siyasət indi də davam etməkdədir. Çünki Tehran hakimiyyəti üçün islam dini panfarsçılığı ört-basdır etməkdən ötrü bir alətdir.

Bu yaxınlarda İranda belələri Güney Azərbaycandakı türklərin Türkiyədəki sodyaşlarından fərqli bir soya malik olduğunu “sübut etməyə” cəhd göstərib. Onlar Təbrizdə kimliyi və soyu bəlli olmayan bir neçə sakinin qanını guya araşdıraraq, Azərbaycan türklərinin genetikasının Türkiyədəki soydaşlarından fərqli olduğunu “sübut ediblər”. Ən gülüncü isə budur kİ, bu qərəzli yazı xaricidəki dərgilərdən birində dərc də edilib.

Beləliklə, Tehranın Ankara ilə rəqabətinin, müəyyən mənada düşmənliyinin səbəblərindən biri Türkiyənin daha mütərəqqi, islhatyönlü bir dövlət olmasındadır. İran hakimiyyəti isə davranışı ilə “Dostumun dostu dostumdur” prinsipinin heç də həmişə özünü doğrultmadığını sübut etməkdədir.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı