2 May 2011

“Əl-Qaidə”nin yeni lideri cərrah olacaq

“Əl-Qaidə” terror təşkilatının yeni liderinin Misir əsilli həkim-cərrah Eymen əl-Zəvahirinin olacağı gözlənilir.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Eymen əl-Zəvahiri Üsamə bin Ladenə ən yaxın şəxslərdən biri və əsas terror aktlarının təşkilatçısı olub. Eymen əl-Zəvahiri və Üsamə bin Laden 1980-ci illərin ortalarında Pakistanın şimal-qərbindəki Peşavar şəhərində Əfqanıstandakı sovet qüvvələrinə qarşı savaşan könüllü döyüşçülərə dəstək vermək üçün bir araya gəlib.

Qeyd edək ki, Eymen əl-Zəvahiri 1951-ci ildə Qahirədə məşhur ailələrdən birinin oğlu olaraq dünyaya göz açıb. Atası farmakologiya üzrə professor, babası ərəb dünyasındakı ən məşhur məscidlərdən biri olan Əl Azhar məscidinin imamı olub. O, 1974-cü ildə Misirin ən nüfuzlu tibb məktəblərindən birini bitirib. 1973-cü ildə Misir İslam Cihadı qurulan zaman onların sıralarına qatılıb. Misir prezidenti Ənvər Sədata qarşı həyata keçirilən sui-qəsdlə bağlı saxlanan 301 nəfər arasında Eymen əl-Zəvahiri də olub.
Devamını Gör »

Belarus Akademik Böyük Teatrının solistləri Bakı səhnəsində

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçirilib.

Lent.az-ın məlumatına görə, tamaşada əsas rollarda Belarus Akademik Böyük Teatrının solistləri, Belarusun xalq artisti, Balet artistlərinin Beynəlxalq müsabiqələrinin qızıl medalı və birinci mükafatının sahibi Olqa Qayko və Belarusun əməkdar artisti, Balet artistlərinin Beynəlxalq balet müsabiqələrinin laureatı Oleq Yeromkin çıxış ediblər. Anşlaqla baş tutan tamaşanın əsas partiyalarının ifası tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb və onlar bütün tamaşa ərzində iştirakçıları alqışlayıblar.


Tamaşadan sonra təəssüratlarını bölüşən Olqa Qayko bunları qeyd edib: “Bizim teatrın bir sıra aparıcı solistləri dəfələrlə Bakıda olub və sizin səhnənizdə çıxış ediblər. Onlar hər zaman bu teatr haqqında yüksək fikirlər söyləyirdilər. Bu gün mən və tərəf müqabilim buna bir daha əmin olduq. Sizin çox gözəl balet truppanız, orkestr və dirijorunuz var. Bu tamaşada çıxış etməkdən çox böyük zövq aldıq. Tamaşaçı alqışları bizə daha çox ilham verir və ruhlandırırdı. Sizin gözəl şəhəriniz və teatrınız haqqında ən xoş təəssüratlarla və bir daha bu şəhərə qayıtmaq və bu səhnədə çıxış etmək arzusu ilə Bakını tərk edirik”.
Devamını Gör »

Azərbaycan gömrüyündən keçənlərin işi asanlaşacaq

Bundan sonra Azərbaycan gömrüyündən keçənlərin problemi ən uzağı 1 ay müddətinə həll ediləcək.

Bu, yeni hazırlanan qanun layihəsində nəzərdə tutulub. Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İqtisadi siyasət komitəsinin birgə hazırladığı Gömrük Məcəlləsinin yeni layihəsində dəyişikliklər edilib.

Dəyişikliklərdə Dövlət Gömrük Komitəsinin 30 gün ərzində gömrük prosedurlarından keçmək, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasına qadağa qoyulan malların yeni syahısının tərtib edilməsi, bu siyahıların sərhəd-buraxılış məntəqələrinə vurulması və digər təklifləri ilə bağlı müraciətinə baxılması üçün maksimum müddətin müəyyən edilməsi təklif olunub. Məcəllənin layihəsində gömrük prosedurlarından keçmə müddətinin 15 gündən artıq olmaması göstərilir. Lakin deklarant tərəfindən müvafiq sənəd və məlumatların toplanması üçün əlavə vaxt lazım olacağı halda bu müddətin uzadılması istisna edilmir.

Yeni Gömrük Məcəlləsinin qəbulu gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, dövlət büdcəsinin gəlirlərinin artması, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunması, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesinin sürətlənməsi, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsi, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, gömrük tarif siyasətinin təkmilləşdirilməsinə və inkişaf etdirilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılması, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artması, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşması və ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradacaq.

Hazırda qüvvədə olan Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib. Qeyd edək ki, yeni layihə ikinci oxunuşda Milli Məclisin növbəti iclasına tövsiyə olunub.
Devamını Gör »

Türkiyə Liviyadakı səfirliyini boşaldır

Türkiyə Liviyada təhlükəsizliklə bağlı böyük risklər yarandığı üçün bu ölkədəki diplomatlarını çıxarmağa qərar verib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən gecə bununla bağlı qərar qəbul etdiklərini söyləyib. Əhməd Davudoğlu Türkiyənin Liviyadakı səfiri Salim Levent Şahinkaya və səfirlik işçilərinin hazırda sağ-salamat Tripolidə olduğunu bildirib.
Devamını Gör »

“Biz bu uşaqları təkcə futbolçu kimi yetişdirmirik”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov affa.az saytına müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:

- Rəhbərlik etdiyiniz komanda Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku”nun qalibi oldu. Bu Turnirlə bağlı təəssüratlarınız necədir?

- Yüksək səviyyədə təşkil olunmuş turnir idi. Güclü komandalar çıxış edirdilər. Həmvətənlərimiz oyunlarımızı izləyirdilər. Bu amil uşaqlarda məsuliyyəti bir qədər də artırmışdı. O cür atmosferdə oynamaq futbolçulara əlavə ruh yüksəkliyi verirdi. Turnirə yaxşı hazırlaşmışdıq. Hər oyunda maksimum nəticə qazanmaq uğrunda mübarizə aparırdıq. Uşaqlar əllərindən gələni edirdilər. Sevindirici haldır ki, qrupda maksimum nəticə əldə etdik. Finalda penaltilərlə qələbə qazanaraq turnirin qalibi olduq. Çempion olduğumuza görə sevinirəm. Komandamın oyunundan razıyam. Çünki bu yaşda 5 gündə 4 oyun keçirmək çox çətindir. Çalışacağıq ki, uğurlu nəticənin davamını gətirək. Hər turnirə, hər oyuna maksimal dərəcədə hazırlaşacağıq ki, yaxşı çıxış edək. Uşaqların ustalıq səviyyələrini, beynəlxalq oyun təcrübələrini artırmaq baxımından bu cür turnirlərin böyük əhəmiyyəti var. Məncə, böyük təcrübə qazandıq. Çempion olmağımıza baxmayaraq, deməzdim ki, komandamızda hər şey yaxşıdır. Çatışmayan cəhətlərimiz var. Yaxşı komanda qurmağımızı istəyiriksə, çatışmayan cəhətlərimiz üzərində çalışmalıyıq.

- Nə kimi çatışmazlıqlar var?

- Bu məsələnin təfərrüatına varmaq istəməzdim. Çatışmazlıqları müəyyən etmişik və onların aradan qaldırılması üçün müvafiq işlər görüləcək. Bu barədə geniş danışsaq, futbolçular həvəsdən düşə bilərlər.

- Bu cür nəticə əldə edəcəyinizi gözləyirdinizmi?

- Açığı, turnirdən əvvəl qarşımıza məqsəd qoymuşduq ki, finala çıxaq. Qrupda maksimum nəticə göstərərək ilk məqsədimizə çatdıq. Finalda Ukrayna ilə oyunda zəif çıxış etmədik. Hətta qol epizodlarına görə onları üstələdik. Oyunun sonunda bizim futbolçular fiziki baxımdan rəqibdən daha güclü təsir bağışlayırdı. İkinci hissənin sonları bizim nəzarətimiz altında keçdi. Bununla belə, istənilən nəticə qeydə alına bilərdi. Uşaqlar əzmkarlıq nümayiş etdirdi və sonda biz qələbə qazandıq. Onu da deyim ki, bu yaşda uşaqları penalti vurmaq üçün psixoloji cəhətdən hazırlamaq elə də asan deyil. Elə futbolçu var idi ki, penalti vurmağa ehtiyat edirdi. Bəzi futbolçulara tapşırıq verdim ki, mütləq 11 metrlik zərbəni vurmalısan. Penalti seriyası göstərdi ki, psixoloji cəhətdən bizim komanda daha hazır idi.

- Komandanın əldə etdiyi nəticə futbolçuların gələcək oyunlarda, turnirlərdə arxayınlığına səbəb ola bilərmi?

- Çalışacağıq ki, arxayınlaşmasınlar. Hazırda bu istiqamətdə işlər aparırıq. Biz bu uşaqları təkcə futbolçu kimi yetişdirmirik. Təlim-tərbiyəsi ilə məşğul oluruq, vətənpərvər ruhda böyüdürük, bir şəxsiyyət kimi formalaşmaları istiqamətində çalışırıq.

- Finaldakı qolsuz heç-heçə barədə nə deyə bilərsiniz?

- İran və Qazaxıstan yığmaları ilə oyunlarımız çətin keçdi. Özbəkistan yığması ilə oyunda əsas heyətin oyunçularına istirahət verəcəyimizi düşünənlər vardı. Ancaq belə etmədik. Qrup mərhələsində sonuncu oyun turnir baxımından bizim üçün heç bir məna kəsb etməsə də, milli komanda üçün böyük əhəmiyyəti vardı. Çünki himnimizin səsləndiyi, bayrağımızın dalğalandığı yerdə bütün oyunlara məsuliyyətlə yanaşmalıyıq. Əvvəlki qarşılaşmalarda olduğu kimi, Özbəkistan yığması ilə görüşdə də uşaqlara öz tapşırıqlarımızı verdik, oyuna köklədik. Əldə etdiyimiz qələbə yanılmadığımızı göstərdi. Ertəsi gün isə finalda Ukrayna yığması ilə qarşılaşdıq. Final oyunları həmişə gərgin keçir, tam fərqli ab-havada oynanılır. Heç bir komanda qol buraxmaq istəmir. Ukrayna yığması turnirin ən güclü komandalarından biri idi.

- Turnirin ən məhsuldar oyunçusu seçilən Ruslan Nəsirlinin çıxışını necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, biz mart ayında İzmirdə “Ege kuboku”nda çıxış etdik. Türkiyədə təşkil olunan turnirdə yaratdığımız qol imkanları Qazaxıstandakından çox idi. Əgər “Ege kuboku”ndakı qol imkanlarından tam yararlana bilsəydik, həmin turnirin də qalibi olardıq. Əfsuslar olsun ki, imkanlardan, hətta 11 metrlik cərimə zərbələrindən istifadə edə bilmədik. Həmin səhvlərimizin üzərində çalışdıq. Yaxşı oldu ki, Ruslan Nəsirli həmin səhvlərdən nəticə çıxardı, həm turnirin ən məhsuldar oyunçusu oldu, həm də komandamız uğur qazandı.

- Gələcək planlarınız nədən ibarətdir?

- Mayın 7-də Moldovada Rumıniya, Moldova və Litva yığmalarının iştirakı ilə keçirilən turnirdə iştirak edəcəyik. Çalışacağıq ki, həmin turnirdə də maksimum nəticə göstərək. Əsas məqsədimiz bərpa prosesini lazımi qaydada keçməkdir. Dediyim kimi, 5 günə 4 oyun keçirmək asan deyil. Bu, uşaqlar üçün böyük yükləmədir.

- Millimiz “Prezident kuboku”nun qalibi olmaqla 10 min dollar mükafat qazandı. Bildiyimizə görə, həmin mükafatın 20 faizi uşaq evinə köçürüləcək...

- Turnirdən əvvəl uşaqlar qərar vermişdilər ki, çempion olsaq, mükafatın 20 faizini uşaq evinə köçürsünlər. Qarşıdakı günlərdə həmin məbləğ uşaq evlərindən birinə təqdim olunacaq. Mükafatın qalan hissəsi isə futbolçulara verildi.
Devamını Gör »

Gəncə və Bakıda keyfiyyətsiz un məmulatlar istehsal edən müəssisələr aşkarlandı

Keyfiyyətsiz malların satışının qarşısı alınıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 17 ünvanında Novruz Əliyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı unlu məmulatların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, həmin məhsulların etiketlərinin üzərində istehsalçının adı, məhsulun istehsal tarixi, tərkibi barədə məlumatların göstərilmədiyi müəyyən edilib.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı müəssisədə istehsal edilən unlu məmulatların laborator müayinə aparılmadan satışa buraxıldığı da aşkarlanıb.

Qanun pozuntuları ilə əlaqədar, unlu məmulatların istehsalının dayandırılması və ticarət şəbəkəsinə paylanmış bu cür məhsulların geri yığılması, eləcə də uyğunluq və gigiyenik sertifikatı olmadan istehsal edilmiş 45 kq unlu məmulatların qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Novruz Əliyevə icrası məcburi göstəriş verilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, 103 ünvanında “Zaur-A” müstəqil kiçik müəssisəsinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı pryaniklərin müvafiq reseptura olmadan istehsal edildiyi müəyyənləşdirilib. Aşkarlanan qanun pozuntuları ilə əlaqədar, müvafiq reseptura olmadan istehsal edilmiş 70 kq-a yaxın pryanikin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi və ticarət şəbəkəsinə paylanmış bu cür məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən “Zaur-A” müstəqil kiçik müəssisəsinə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam etdirilir.
Devamını Gör »

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi mükafata layiq görülüb

Tbilisidə Gənc və Yeniyetmələrin Yaradıcı Kollektivlərinin mükafatlandırılma mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gürcüstanın gənc və yeniyetmələrdən ibarət rəqs qrupları və ifaçıları arasında keçirilmiş müsabiqədə Marneulidən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu da iştirak edib.

Gürcüstanın Birləşmiş Həmkarlar İttifaqının nümayəndəsi, tanınmış şairə, tibb elmlər doktoru Nana Tsintsaidze tədbiri açıq elan etdikdən sonra bir-birinin ardınca səhnəyə qalxan Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş rəqs qrupları və ifaçılar çıxış ediblər. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupunun “Yallı”, “Odlar yurdu” və “Cücələrim” rəqsləri, aşıq Samirin isə saz havaları tamaşaçıların alqışları ilə müşayiət olunub.

Tədbirin sonunda 2010-cu ilin nəticələrini elan edilib. Münsiflər heyətinin qərarına əsasən ifaçılar arasında Tbilisi, Qori, Quriya, Çürciani və digər bölgələrin təmsilçiləri ilə yanaşı, Azərbaycanlıların Mədəniyyət Mərkəzinə Gürcüstanda Azərbaycan mədəniyyətini layiqincə təmsil etdiyinə , eləcə də Mərkəzin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupuna Azərbaycanın folklor rəqs nümunələrini professional şəkildə ifa etdiklərinə görə fəxri diplom və mükafat təqdim olunub.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov və “Sarvan” folklor rəqs qrupunun bədii rəhbəri Cəmilə Məmmədova tədbirin təşkilatçılarına təşəkkürlərini ifadə edərək onların fəaliyyətinə yüksək qiymət verilməsindən fərəh hissi keçirdiklərini qeyd ediblər. Müsabiqənin münsiflər heyətinin sədri, Gürcüstanın Bəstəkarlar İttifaqının rəhbəri Vaja Azaraşvili Azərbaycan və gürcü xalqları arasında həmişə səmimi dostluq münasibətləri olduğunu söyləyərək Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. O “Sarvan” folklor rəqs qrupunun çıxışlarını olduqca bəyəndiyini və zövq aldığını söyləyib.
Devamını Gör »

“Erməni yalanına yox deyək!” - FOTO

ABŞ-dakı Azərbaycan və türk diasporunun üzvləri aprelin 30-da Nyu-Yorkun “Times” meydanına toplaşaraq, “Erməni yalanına yox deyək!” tələbi ilə yürüş keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verpilən məlumata görə, Azərbaycan və Türk diasporunun təşkil etdiyi bu aksiya ənənəvi olaraq, hər il bu tarixdə keçirilir və sayca yeddincidir. Aksiyanın əsas məqsədi Amerikada yaşayan azərbaycanlıları və türkləri anti-erməni fəaliyyəti, birgə ideyalar ətrafında birləşdirməkdir. Etiraz aksiyasında “Erməni yalanlarına inanmayın!”, “İnsanlığa qarşı zülmə son!” kimi şüarlar səsləndirilib.


Ötən ildəkindən fərqli olaraq aksiyaya Nyu-Yorkda yaşayan azərbaycanlılar və türklərlə yanaşı, onların Vaşinqton, Pensilvaniya, Boston, Nyu-Cersi və Konnektikutdan olan tərəfdarları da qatılıb.
Devamını Gör »

Ailənin 53-cü uşağı, dünyanın 1-ci terrorçusu - HEKAYƏ

Orta Şərqin qanlı əfsanəsi - Üsamə bin Laden

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsi bu gün dünyanın aparıcı kütləvi informasiya vasitələrinin əsas xəbəridir. Bəs Üsamə bin Laden necə bir ailədə dünyaya göz açıb, ömür yolu necə olub, hansı əməllərin sahibidir?


Üsamə bin Ladenin atası Məhəmmədin 54 uşağı olub. Məhəmməd 1930-cu ildə Cənubi Yəməndəki Hadramut qəsəbəsindən Səudiyyə Ərəbistanına gəlib, tikinti sektorunda çalışıb. O, Səudiyyə Ərəbistanında çalışdığı dövrdə Orta Şərqin ən böyük tikinti şirkətlərindən birini qurub. Oğlanları Səudiyyə Ərəbistanının şahzadələri ilə birlikdə böyüyüb və oxuyub. Üsamə bin Laden 1957-ci ildə 53-cü uşaq kimi dünyaya göz açıb. Məhəmməd 1968-ci ildə qəzada həyatını itirən zaman övladlarına 11 milyard dollarlıq bir miras qoyub.


Bin Laden gənc yaşlarında Müsəlman Qardaşları Hərəkatının ideyalarının təsiri altına düşüb. O, 1979-cu ilin dekabrında dostu, Səudiyyə Ərəbistanının kəşfiyyat qurumunun rəhbəri şahzadə Turki bin Faysal tərəfindən Pakistanın Peşaver əyalətinə göndərilib. Bu əyalətdə başda ərəb ölkələri olmaqla, dünyanın müxtəlif ölkələrindən gələn islamçı gənclər peşəkar döyüşçü kimi yetişdirilir. Beş ölkənin birlikdə həyata keçirdiyi bu layihəyə görə əsas məsuliyyəti Pakistanın kəşfiyyat qurumu daşıyıb, bu qüvvələrin komandanı isə Fələstin əsilli Abdulla Assam olub.


Bin Laden Abdulla Assamın köməkçisi olduğu vaxt şəxsən döyüşlərdə iştirak edib, hətta Cəlalabad yaxınlığında yaralanıb. O, 1986-cı ildə şəxsi düşərgələrini qurub. Sərvəti, comərdliyi, sadə yaşamı, xarizması, savaşdakı cəsarəti səbəbindən əfsanələşib. 1988-ci ildən təşkilatlanma işinə başlayıb. Bunun üçün öncə könüllü döyüşçülər haqqında məlumatların toplandığı sistem yaradıb və beləliklə də “əl-Qaidə” adlı təşkilat ortaya çıxıb. Səudiyyə Ərəbistanının hakim rejimi cihadı hər yerə yaymaq istəyən Üsamə in Ladendən artıq qorxmağa başlayıb və 1989-cu ildə onun pasportunu əlində alıb.


İraq diktatoru Səddam Hüseyn 1990-cı ildə Küveytə qoşun yeridərkən bin Laden Səudiyyə Ərəbistanının sərhədlərinin qorunması vəzifəsinin ona və tərəfdarlarına tapşırılmasını istəyib və kral Fahd ABŞ əsgərlərini ölkəyə çağıran zaman çox qəzəblənib. Öncə Pakistana, sonra Əfqanıstana və nəhayət, Səudiyyə Ərəbistanına gedib. O, artıq Pakistanda da arzulanmayan minlərlə cihadçını Sudan və Yəməndə yerləşdirib, onlara bir çox ölkədə iş tapıb. Üsamə bin Laden ABŞ-a qarşı ilk cəbhəni Somalidə açıb. 1994-cü ildə Səudiyyə Ərəbistanı vətəndaşlığından çıxarılan “əl-Qaidə” lideri uzun müddət hakimiyyətə gəlməsində böyük yardım etdiyi Taliban Hərəkatının himayəsində Əfqanıstanda yaşayıb. ABŞ-ın ələ keçməsi üçün başına 5 milyon dollar qoyduğu bin Laden heç bir terror aktı ilə bağlı məsuliyyəti açıq formada üzərinə götürməyib, amma heç bir terror aktını da qınamayıb. Zatən “əl-Qaidə” lideri etdiyi yox, edəcəyi iddia edilən terror aktları ilə gündəmdə olub.


Məsələn, 1998-ci il fevralın 23-də Londonda ərəbcə yayımlanan “El Qüds el Ərəbi” qəzetində Üsamə bin Laden, Misir Cihad Təşkilatının lideri Ebu Yasir Rifai Ahmed Taha, “Pakistan Cəmiyyət-əl Üləma”nın rəhbəri Şeyx Mir Həmzə və Banqladeş Cihad Hərəkatının lideri Fəzlul Rəhmanın “Dünya İslam Cəbhəsi” adı altında yazdıqları fətva yayımlanıb. Fətvada yazılır ki, 7 ildir, ABŞ islamın ən müqəddəs torpaqlarının olduğu Ərəbistan yarımadasını işğal edir, ölkələrin rəhbərlərini oyuncağa çevirir, qonşulara qarşı terror törədir, xalqı təhdid edir və yarımadadakı bazalarından qonşu ölkələrə hücum məqsədi ilə istifadə edir: “Amerikalılar yalnız iqtisadi və dini səbəbdən müsəlmanlara qarşı savaş açmayıb, eyni zamanda kiçik yəhudi dövlətinə xidmət edir və orada müsəlmanların qatillərini gizləməyə çalışır. Müsəlmanları Əl Aksa məscidini və Məkkəni işğaldan qurtarmaq və işğalçıların ordularını islam torpaqlarından uzaqlaşdırmaq üçün istər mülki şəxs, istər hərbiçi olsun, amerikalılara və onların müttəfiqlərinə hücum etməyə çağırırıq. Hansı ölkədə olursa olsun, onları öldürmək hər bir müsəlman üçün gərəklidir. Amerikalılar hər yerdə öldürülməli və pulları müsadirə edilməlidir”.


Üsamə bin Ladenin təşkilatçısı olduğu bildirilən əməllərin siyahısı da genişdir. Bu sırada 1992-ci ilin dekabrında Yəməndəki ABŞ əsgərlərinin qaldığı otelin bombalanması, 1993-cü ildə Somalidə Qərbə qarşı çıxan Aididə dəstək verərək Moqadişidə 18 amerikalının öldürülməsi, 1993-cü ilin fevralında Nyu-Yorkda Dünya Ticarət Mərkəzində partlayış törədilməsi, 1995-ci ilin yanvarında Filippində Roma Papasına sui-qəsd cəhdi, 1995-ci ildə Əlcəzair Silahlı İslam Qrupunun Fransaya qarşı savaşının dəstəklənməsi, 1995-ci ilin iyununda Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Misir prezidenti Hüsnü Mübarəki öldürməyə cəhd, 1995-ci ilin noyabrında ər-Riyadda 5 amerikalı əsgərin öldürülməsi, eyni ayda Misirin Pakistandakı səfirliyində partlayış törədilərək 17 nəfərin həyatını itirməsi, 1996-cı ildə Səudiyyə Ərəbistanının Hobar şəhərində 19 amerikalı əsgərin ölümünə yol açan terror aktının təşkil olunması, 1998-ci il avqustun 7-də Kenya və Tanzaniyada ABŞ səfirliklərinin partladılaraq 257 nəfərin öldürülməsi, 5 min 500 nəfərin yaralanması, 2000-ci ilin oktyabrında Yəmənin Ədən limanında 17 amerikalı dənizçinin öldürülməsi və nəhayət, 2001-ci il 11 sentyabrda Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qoşa qüllələrinin bombalanması var. Ələ keçirilən təyyarələr vasitəsi ilə törədilən bu terror aktında 2 min 974 nəfər həyatını itirib...


Üsamə bin Ladenin lideri olduğu “əl-Qaidə” terror təşkilatı Orta Şərqdə geopolitik mənzərənin müəyyənləşməsində iştirak edən qüvvələrdən biri sayılıb, əfsanələşib. Bu əfsanə liderin ölümü ilə sona çatacaqmı?
Bunu zaman göstərəcək...
Devamını Gör »

İronik layihə: Qırxayağın gündəliyi

İlk qonaqlar: Behrudi, Hüseynbəyli, Cahangir

Behrudinin biznesi

Məşhur şair Rüstəm Behrudi müsahibə verib deyir:

- Aqşinlə Qan Turalı mənə qarşı tərbiyəsizlik ediblər.

Jurnalist soruşur:

- Tərbiyəsizlik dedikdə nəyi nəzərdə tutursunuz?

- Deyiblər ki, guya, mən şalban satıram...

- Bəs siz nə satırsınız?

- Vur-tut, dişqurdalayan.

Özünü göndərmək

Bir gün Anar Elçin Hüseynbəylini kabinetinə çağırıb deyir:

- Elçin hazırlaş, Bişkekdə məktəbli yazarların birincilik turniri keçirilir, səni ora göndəririk.

Iki-üç aydan sonra yenə Elçini Düşəmbədə keçirilən bir turnirə yollayırlar, sonra Lökbatanda keçirilən məktəblilərin ədəbiyyat olimpiadasına göndərirlər və günlərin bir günü gənc yazar eşidir ki, Londonda dünya yazıçılarının beynəlxalq toplantısı keçiriləcək. Tez Anarın kabinetinə qaçıb ağzını açmaq istədikdə, Anar:

- Elçin, ora özümü göndərəcəyəm.

AYO-çularla AYB-çilərin fərqi

AYB-çilər Təhminə ilə gəzəndən sonra Firəngizlə evlənirlər.
AYO-çular isə Firəngizlə evlənəndən sonra Təhminə ilə gəzirlər.

Facebook fəalı

Gənc tənqidçi Əsəd Cahangir eşidir ki, Facebook-da məşhurlaşmaq daha tez mümkün olur, odur ki tezbazar özünə səhifə açıb orada ədəbiyyat haqqında üyüdüb tökür. Bunu görən ən balaca AYO-çu onu dolamaq fikrinə düşür və Əsədə yazır:

- Əsəd bəy, deyin görək 1938-ci ildə dünyada hansı hadisə baş verib?

Ə. Cahangir vurhay cavab verir:

- 1938-ci ildə sevimli yazıçımız Anar anadan olub.

- Yaxşı, bəs 1941-ci ildə dünyada hansı hadisə baş verib?
Beş-altı dəqiqəlik sükut və ardından:

- Tapdım, sevimli yazıçımız Anar müəllimin üç yaşı tamam olub.
Devamını Gör »

Özbəkistanın baş prokuroru İçəri Şəhərdə olub

Özbəkistanın baş prokuroru Rəşidjan Kodirov Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olub.

Qonağın gəzintisi Qoşa Qala Qapıları meydanı ilə tanışlıqla başlayıb, ona meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilib.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, gəzinti zamanı cənab Kodirov həmçinin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilib.

İçəri Şəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə davam edib və kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında qısa informasiya verilib.

Ötən il muzey konservasiyası işləri bitmiş Məhəmməd Məscidi ilə tanışlıqdan sonra qonaq “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”ında olub. Burada Rəşidjan Kodirov İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb.

Tanışlıq zamanı Kadırova Bakının, eləcə də Azərbaycanın ən möhtəşəm və sirli memarlıq abidəsi olan Qız Qalasının tarixi, burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə də danışılıb. Qonaq “Sıratağlı” dini-memarlıq kompleksi ərazisində sərgilənən və müxtəlif dövrlərə aid olan daş ekspozisiya ilə tanış olub və Varfolomey kilsəsinin qalıqları barədə məlumatlandırılıb.
Sonda Buxara Karvansarası ilə tanış olan qonağa bu abidənin Azərbaycanın Orta Asiya ölkələri və həmçinin Özbəkistanın Buxara şəhəri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirilib və qonaq burada çay süfrəsinə dəvət olunub.
Devamını Gör »

Qənirə Paşayeva Ümumdünya Qlobal Qadın Sammitində iştirak edəcək

Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya Qlobal Qadın Sammitinin zirvə toplantısında iştirak etmək üçün mayın 4-dən 9-dək Türkiyədə səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İstanbul şəhərində keçiriləcək toplantı “Qadınlar – XXI əsrdə qərarların həlli” mövzusuna həsr olunur.

Tədbirdə millət vəkili müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, çıxışlarında Azərbaycanda qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlar və problemlər barədə məlumat verəcək. Səfər müddətində Qənirə Paşayeva dünyanın müxtəlif ölkələrindən gəlmiş qadın millət vəkilləri, yüksək vəzifəli ictimai-siyasi xadimlər və işgüzar qadınlarla görüşlər keçirəcək, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, minlərlə qadının öz doğma yurd-yuvasından didərgin düşməsi, əsir və girov götürülməsi barədə məlumatları onların diqqətinə çatdıracaq.
Devamını Gör »

İki yeni filmin təqdimatı olacaq

Mayın son on günlüyündə rejissor Ülviyyə Könülün quruluş verdiyi “Vəkil haradadır?” filminin premyerası olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən Lent.az-a verilən məlumata görə, plyonkada çəkilən bu filmin təqdimatı “Azərbaycan” kinoteatrında baş tutacaq. Kompüter qrafikası ilə çəkilən “Onun ürəyi“ filmi isə iyunun 1-də - dünya uşaqlarının müdafiəsi günündə Teatr Xadimləri İttifaqının zalında təqdim olunacaq. 25 dəqiqəlik filmin ssenari müəllifi və rejissoru Samir Kərimoğlu, bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, qrafisti Tural Səfərovdur. Filmdə baş rolları Murad Abdullayev (Qədran), Aysel İbrahimova (Pəri) ifa edirlər.
Devamını Gör »

Elmar Məmmədyarov Serbiya və Monteneqroyaya rəsmi səfərə gedir

Xarici işlər naziri Elmar Məmmədyarov 3-5 may tarixlərində Serbiya və Monteneqroyada rəsmi səfərlərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Serbiya səfəri çərçivəsində Elmar Məmmədyarovun bu ölkənin prezidenti Boris Tadiç, xarici işlər naziri Vuk Yeremiç, əmək və sosial siyasət naziri Rasim Lyaiç, baş nazirin birinci müavini və daxili işlər naziri İvitsa Daçic, Serbiya Respublikası Milli Assambleyasının prezidenti Slavitsa Cukiç Deyanoviç və baş nazir Mirko Tsvetkoviç ilə görüşləri gözlənilir.

Elmar Məmmədyarov Monteneqroya səfər zamanı bu ölkənin xarici işlər və Avropaya inteqrasiya naziri Milan Roçen, baş nazir İqor Lukşiç, parlamentinin spikeri Ranko Krivikapiç, prezident Filip Vuyanoviç ilə görüşləri planlaşdırılıb. Hər iki səfər zamanı ikitərəfli münasibətlər, regional təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi, siyasi mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə mövzusu olacaq.
Devamını Gör »

Müsavat Divanı toplaşdı

Mayın 2-də Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Partiyadan Lent.az-a daxil olan məlumata görə, toplantıda əvvəlcə qərarların icrası və görülən işlərə baxılıb. Daha sonra partiyadaxili məsələlər müzakirə olunub.

Partiyanın Beyləqan, Bərdə və Ağdam rayon təşkilatlarında keçirilmiş konfrans və ümumi yığıncaqlar haqqında məlumat dinlənilib və bəyənilib. Həmçinin, ABŞ-da təhsil alan bir qrup azərbaycanlı tələbə Müsavat Partiyası üzvlüyünə qəbul edilib.

Sonra İctimai palatanın son sessiyası və növbəti kütləvi aksiyalar barədə geniş fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub.

Toplantıda. Həmçinin, son günlər ABŞ-ın beynəlxalq terrorizmlə mübarizədə əldə etdiyi uğurlar təqdir olunub.

Sonda cari məsələlərə baxılıb.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı