21 Haz 2011

İşəgötürəninizlə əmək müqaviləsi imzalamısınızmı?

DSMF-nin saytında keçirilən sorğunun nəticələri açıqlandı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb.

DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu dəfəki sorğu zamanı respondentlərə “İşəgötürəninizlə əmək müqaviləsi imzalamısınızmı” sualı ünvanlanıb.

Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 61,9 faizi “İşəgötürəninizlə əmək müqaviləsi imzalamısınızmı” sualına “bəli”, 34,1 faizi isə “xeyr” cavabını verib. Sorğuya qatılanların 4 faizi isə ümumiyyətlə, bu haqda məlumatsız olduqlarını vurğulayıb. Sorğuda iştirak edənlərin çoxu - 61,9 faizi işəgötürənlə əmək müqaviləsi imzaladığını bildirsə də, ümumilikdə 38,1 faiz əmək müqaviləsi imzalamadan çalışdığını ifadə edib ki, bu da kiçik göstərici deyil.

DSMF bildirir ki, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlər sığorta-pensiya sisteminin dayanıqlı inkişafına öz mənfi təsirini göstərir və bu istiqamətdə müvafiq sağlamlaşdırma tədbirlərinin tətbiqi mütəmadi həyata keçirilməkdədir. Bununla belə, aparılan maarifləndirmə işlərinə və görülən müvafiq tədbirlərə baxmayaraq, işçilərlə əmək müqavilələrinin bağlanmaması, yaxud əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsi hallarına rast gəlinməkdədir. Təəssüf doğuran odur ki, bu kimi halların müşahidə olunmasına işçilərin öz hüquqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir.

Unutmaq olmaz ki, hər bir şəxs işlədiyi yerdə əmək müqaviləsi imzalamadan çalışmaqla və yaxud aldığı əmək haqqının tam miqdarda rəsmiləşdirilməməsinə göz yummaqla özünü gələcək pensiya - müavinət (əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və s.) təminatından məhrum etmiş olur. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnəcəkdir. Pensiya - müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır.
Devamını Gör »

Təyyarə yerə çırpıldı: 2 ölü

Bu gün Cənubi Koreyada təlim-məşq uçuşu zamanı “İl-103” tipli təyyarə qəzaya uğrayıb.

Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə Çxunçxon-pukto əyalətinə, Hərbi Hava Qüvvələri Akademiyasının binasının yaxınlığına düşüb. 2 nəfər həlak olub. Qəzanın səbəbi barədə məlumat verilmir.
Devamını Gör »

Orta ixtisas təhsili müəssisələrinə bağlı ərizə qəbulu iyunun 28-dən avqustun 10-dək aparılacaq

TQDK-da ərizə qəbuluna həsr olunmuş seminar-məşğələ keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2011/2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, TQDK-nın sektor müdiri Hidayət Zeynalov ərizə qəbulu ilə bağlı geniş məlumat verib.
O qeyd edib ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu internet vasitəsilə iyunun 28-dən avqustun 10-dək aparılacaq. Abituriyentlər həmin müddət ərzində internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Abituriyentlərin ərizələrini rahat şəkildə təsdiqləmələri məqsədilə TQDK tərəfindən Respublikanın bütün bölgələrini əhatə edən 85 SQK yaradılıb. SQK-lara müvafiq hazırlıq işlərinin aparılması, onların üzərlərinə düşən vəzifələr barədə tapşırıqlar verilib.

Qeyd edək ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı yaxın vaxtlarda “Abituriyent” jurnalının 4-cü sayında dərc olunacaq.
Devamını Gör »

Təhsil Nazirliyinə Odlar Yurdu Universiteti ilə bağlı müraciət edilib

Nazirliyə müraciətlərin statistikası açıqlandı

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) bu ilin may ayında 2 min 102 müraciət daxil olub.



Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin 1922-si telefonla, 180-i elektron poçt vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi (1875 müraciət) sorğu və məlumat, 227-si isə şikayət xarakterlidir.
Şikayət xarakterli müraciətlərin əksər hissəsi ümumtəhsil məktəblərindən, bir qismi məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, məktəbdənkənar tərbiyə, texniki-peşə təhsili müəssisələrindən daxil olub. Sorğu xarakterli müraciətlər ölkədaxili və beynəlxalq olimpiadalar, xaricdə təhsil, əlavə təhsil, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları ilə əlaqədardır. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qeydə alınıb və cavablandırılmaqla həllini tapıb.


Ötən ay ümumtəhsil məktəbləri üzrə Bakıdan 66, Sumqayıtdan 8, Gəncədən 2, Mingəçevirdən 1, Abşerondan 12, Füzulidən 6, Goranboy, Qəbələ, Şəki və Lerik rayonlarının hər birindən 5, Qazax, Tovuz, Gədəbəy və Zaqatala rayonlarının hər birindən 4, Siyəzən, Daşkəsən, Tərtər, Şəmkir, Ağcabədi, İsmayıllı, Masallı, Yevlax rayonlarının hər birindən 3, İmişli, Xaçmaz, Cəlilabad, Kəlbəcər, Şəmkir, Ağcabədi, Biləsuvar, Zəngilan, Yardımlı, Xızı, Laçın, Qusar rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub. Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, məktəblərdə fond pulu toplanması, dərs bölgüsündən narazılıq, buraxılış imtahanları ilə əlaqədar vərəqələrin paylanması, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqlarından qanunsuz tutulmalar, məzuniyyətin düzgün hesablanmaması, maaşların gecikdirilməsi ilə əlaqədar məsələlər təşkil edib. Müvafiq araşdırma zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad və telefon nömrələrinin qeyri-dəqiq olduğu aşkarlanıb, müraciətlərin böyük bir qismində qeyd olunan faktlar öz təsdiqini tapmayıb.


Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar “Qaynar xətt”ə edilmiş 12 müraciətin 6-sı Bakı, 2-si Sumqayıt şəhərlərindən, 3-ü Abşeron, 1-i Şabran rayonlarından olub. Bu müraciətlərdə uşaq bağçalarına qəbul, uşaqlara verilən yeməklərin keyfiyyəti, bağçadan-bağçaya köçürülmə və digər mövzularda valideynləri narahat edən məsələlər əksini tapıb. May ayında məktəbdənkənar tərbiyə müəssisələrindən 1 şikayət məzmunlu müraciət qəbul edilib və müvafiq qaydada araşdırılıb. “Qaynar xətt” xidmətinə texniki peşə təhsili müəssisəsi ilə əlaqədar 9, internat məktəbləri ilə bağlı 3 müraciət daxil olub. Müraciətlərdə şagirdlərin təqaüdünün gecikdirilməsi, şagird qəbulu, internat məktəblərində təhsilin səviyyəsinin aşağı olması, dərsliklərin verilməməsi və digər məsələlərə toxunulub.


Dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 19, özəl ali təhsil müəssisələri ilə əlaqədar 2 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş şikayətlərdə əsasən, təhsil sənədlərinin gecikdirilməsi, imtahanlarla əlaqədar sualların qabaqcadan verilməməsi, təhsil haqqının ödənilməsi, diplomun gecikdirilməsi və başqa məsələlərlə bağlı problemlər əksini tapıb. Özəl ali təhsil müəssisələrindən daxil olmuş hər 2 müraciət Odlar Yurdu Universitetində diplom üçün rüsum tələb olunması barədədir.
Devamını Gör »

Azərbaycanlı yazıçıya 30 sutkalıq həbs cəzası

İyunun 16-da saxlanılan Azərbaycan yazıçısı Eduard Bağırov Moldova məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası alıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, E.Bağırov 2009-cu ilin aprelində Kişinyovda baş verən kütləvi çaxnaşmalarda iştirakda şübhəli bilindiyi üçün saxlanılıb. Məhkəmə onun həbsinə prokurorluğun sorğusu əsasında sanksiya verib. Hazırda yazıçı Moldova DİN-in Müvəqqəti Saxlama Təcridxanasındadır.


Məlumata görə, Eduard Bağırov moldovalı vəkilin xidmətlərindən istifadə edir.

Qeyd edək ki, yazıçı, ssenarist Eduard Bağırov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qastarbayter”, “Sevgililər”, “İdealist” romanlarının müəllifidir.
Devamını Gör »

İnsanları öldürən 4 xəstəlik

Dünyada ölümlərin əksəriyyəti viruslara yoluxma ilə bağlı deyil.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, BMT-nin ekspertləri bu qənaətə gəliblər. Ekspertlərin araşdırmaları zamanı məlum olub kit, insanların 2/3-i , məhz xərçəng, şəkər, ürək və ağ ciyər xəstəliklərindən həyatlarını itirirlər. Bu xəstəliklərin miqyası sürətlə artır, dünya iqtisadiyyatına zərbə vurur, trilyon dollarlarla vəsaitin xərclənməsinə yol açır. Ancaq hazırda dünya ictimaiyyəti əsas diqqəti virusla yayılan İİV/QİÇS, malyariya, vərəm kimi xəstəliklərə yönəlib və yuxarıda qeyd olunan 4 xəstəlik nəzərə çarpmadan inkişaf etməkdə olan ölkələrdə ön plana çıxıb. İndi xərçəng, şəkər, ürək və ağ ciyər xəstəlikləri qlobal epidemiyaya çevrilir.

Məsələn, 2008-ci ilin statistikasına görə, xərçəng, şəkər, ürək və ağ ciyər xəstəliklərindən 36 milyon insan həyatını itirib. Bu, ümumi ölümlərin 63 faizini təşkil edir. Ölümlərin 80 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. 9 milyon qadın və kimi 60 yaşında həyatını itirib. Hesabat müəlliflərinin proqnozuna görə, 2030-cu ildə 52 milyon insan xərçəng, şəkər, ürək və ağ ciyər xəstəliklərindən öləcək. Bu xəstəliklərin geniş yayılması şəhərləşmə və ticarətin qloballaşmasının mənfi təsirləri ilə izah olunur.
Devamını Gör »

Ramin Musayev: “Qarabağ” rəhbərliyi Qurban Qurbanovu çətin vəziyyətdə qoydu”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Avrokubokların püşkatmasının nəticəsi haqqında fikirlərini açıqlayıb.


Lent.az-ın məlumatına görə, Musayev püşkü “www.pfl.az” saytına dəyərləndirib. O, bütün komandalarımızın növbəti mərhələyə yüksələcəklərinə inam ifadə edib: “Bəzən KİV-lər yazır ki, hansısa komandaya güclü rəqib düşüb və ya hansısa komandaya zəif rəqib düşüb. Əgər komandalar Avrokuboklara vəsiqə qazanıblarsa, deməli güclü komandalardır. Amma mən inanıram ki, bizim komandalarımızın dördü də ilk mərhələni keçəcəklər. Statistikaya baxdıqda görünür ki, ən güclü rəqib “Neftçi”yə düşüb. Amma “Neftçi”nin oyunçularının da hamısı peşəkar oyunçulardır. Hamısı Avrokuboklarda iştirak etmiş oyunçulardır. Ona görə də “Dinamo”ya da “Neftçi” ilə asan olacağını demək olmaz və mən inanıram ki, “Neftçi” cütün taleyini Zaqrebdə ilk oyundaca həll edəcək. Digər komandalara gəldikdə isə, “Xəzər Lənkəran” mövsüm boyu çox gözəl transferlər həyata keçirib. İsrail komandasının güclü olmasına baxmayaraq, “Xəzər Lənkəran” da öz sözünü deyə bilir. “Xəzər Lənkəran”nın iki oyunçusu – Julius Vobayla Uinston Parksı xüsusi qeyd etmək istərdim. Mirça Rednik də yaxşı məşqçidir, oyunu oxumağı bacarır. Yəqin ki, o, özünün gizli taktikasından artıq istifadə edəcəkdir. AZAL-ın transferləri bir az zəif oldu. Bir güclü hücumçu alsalar onlar üçün də problem olmaz. “Qarabağ”ın da transferlərdə aktiv olmadığını vurğulamaq lazımdır. Klubunun rəhbərliyi Qurban Qurbanovu çətin vəziyyətdə qoydu. Lakin, buna baxmayaraq, inanıram ki, “Qarabağ” bu il də Avropa Liqasında öz sözünü deyə biləcək”.


Musayev bildirib ki, rəqibdən qorxmaq olmaz: “Ççempionatdakı oyunları nəzərə alsaq, bütün komandalarımız bizi sevindirməlidir. Onların ən azı bir mərhələni keçəcəklərinə inanıram. Əgər qarşılarındakı komandanı zəif bilirlərsə, arxayınlaşmasınlar, güclü bilirlərsə, qorxmasınlar. Qorxaraq oynamaq olmaz – qorxsan, rəqibə bununla güc verərəsən. Hər şeyi 90 dəqiqə ərzində eləmək lazımdır. Klublarımıza Avrokuboklarda uğurlar və Azərbaycanı şərəflə layiqincə təmsil etməyi arzulayıram”.
Devamını Gör »

“Facebook”-un reklam gəlirləri 2 dəfə artacaq

“Facebook” sosial şəbəkəsinin banner reklamından əldə etdiyi gəlirlər bu il iki dəfə artacaq.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “eMarketer” analitik şirkətinin proqnozlarına görə, ABŞ-da “Facebook”-un banner satışı üzrə mədaxili 80,9 faiz artaraq 2,19 milyard dollara çatacaq.


Bu il sosial şəbəkənin bu seqmentdə “Yahoo!”-nu üstələyəcəyi və ABŞ-da lider olacağı proqnozlaşdırılır. Gələn il isə “Facebook”-un banner reklamı sahəsində mədaxilinin 31,1 faiz artacağı gözlənilir. ABŞ-da bu seqmentdə “Facebook” və “Yahoo!”-dan sonra “Google” şirkəti üçüncü mövqeyi tutacaq. Cari ildə internet-nəhəngin banner satışından əldə edəcəyi gəlirlərin 34,4 faiz, gələn isə 58,3 faiz artacağı proqnozlaşdırılır.


“Effie Worldwide” analitik şirkətinin bu yaxınlarda dərc etdiyi hesabata əsasən, ABŞ-da marketinq sahəsində fəaliyyət göstərən şirkətlər sosial şəbəkələri cari il üçün strategiyalarının ayrılmaz hissəsi hesab edir və onların əksəriyyəti bu cür resurslarda reklam yerləşdirilməsi üzrə büdcələrini 10 faiz artırmağı planlaşdırır.
Devamını Gör »

BMT İran üzrə özəl məruzəçisini müəyyənləşdirdi

BMT-nin İnsan Haqları üzrə Şurası Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahidini İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçisi təyin edib.

“Reuters”in məlumatına görə, bu vəzifə 10 ilə yaxın boş qalıb. Şura İranda müxalifətin təqib edilməsi və ölüm hökmlərinin çoxluğundan rahatsızlığını da ifadə edib. BMT Tehran hakimiyyətini xüsusi məruzəçi ilə əməkdaşlıq etməyə çağırıb.

Qeyd edək ki, Güney Azərbaycan türklərinin milli haqlarını təmin olunmasını istəyənlərə qarşı da İran rəhbərliyi sərt davranır. Onlar təqib edilir və həbs olunurlar. İran parlamentinin deputatları - Məhəmməd Kərim Abidi və Zöhrə İlahian jurnalistlərə açıqlamalarında Əhməd Şahidi qəbul etməyəcəklərini bildiriblər.


Ölkə məclisinin insan hüquqları komitəsinin sədr müavini Məhəmməd Kərim Abidi deyib: “Bizim komitə keçirdiyi bir neçə iclasda bu şəxs barədə müzakirələr aparıb. Onun ölkəyə buraxılmaması barədə qərar qəbul etmişik”. Z.İlahian isə BMT-nin nümayəndə təyin etməsinin arxasında gizli və qərəzli siyasi məqsəd yatdığını vurğulayıb: “Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahid müsəlman olsa da, onu qəbul etmək mümkün deyil. O, yalnız bir turist kimi İrana gələ, ölkənin müxtəlif tarixi və görməli yerlərini ziyarət edə bilər”.


BMT-nin açıqlamasına görə, İran İslam Respublikası 2005-ci ildən bu yana qurumun nümayəndələrini İrana buraxmır.
Devamını Gör »

Gəncədə 25 yaşlı oğlan bacısının başını kəsdi

4 uşaq anası olan qadının bədənində 30 bıçaq zərbəsi aşkarlanıb


Bu Gəncə şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əziz Əliyev küçəsi, ev 175-də yaşayan 1986-cı il təvəllüdlü Nadirov Maarif Mətləb oğlu saat 14.00 radələrində yaşadığı evdə bacısı, 1981-ci ildə anadan olmuş Hüseynova Mətanət Mətləb qızını xüsusi amansızlıqla öldürüb. O, 4 uşaq anası olan bacısını çoxsaylı bıçaq zərbələri endirərək həyatına son qoyub.


Bıçaq yaralarının əksəriyyəti 30 yaşlı M.Hüseynovanın boğaz nahiyəsində aşkarlanıb.

Qeyri-rəsmi məlumata görə, hadisə namus üstündə baş verib. Faktla bağlı cinayət işi başlanılıb. M.Nadirov saxlanılıb.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı