İDMAN etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
İDMAN etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

7 Tem 2011

İtaliya futbolunda da “köhnə sandıqlar” açılır

İtaliyada da futbol aləmində köhnə sandıqlar açılmağa başlayıb.

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, “Yuventus” ilə “İnter” arasında 2006-cı ildəki çempionluq mübahisəsi yenidən gündəliyə gəlib.

Birinci liqanın 2005-2006 mövsümü sonunda ortaya çıxan “Kalkiopoli” qalmaqalından sonra verilən qərarların diskussiyası başlayıb. İtaliya Futbol Federasiyasının istəyi ilə məsələni araşdıran prokuror Stefano Palazzinin “İnter”in o zamankı prezidenti Qiaktino Facettinin bəzi hakimləri ələ almasını iddia etməsi idman aləminin bir nömrəli mövzusu olub.

Stefano Palazzinin “İnter”lə bağlı iddiaları “Kalkiopoli” skandalından sonra verilən qərarların da yenidən müzakirəyə çıxarılmasına yol açıb. O zaman qəbul edilən qərar əsasında “Yuventus”un 2004-2005-ci il çempionluğu ləğv edilib, 2005-2006 çempionluğu isə liqanın ikincisi olan "İnter"ə verilib.

İtaliya mətbuatı “İnter”lə bağlı iddiaların federasiya tərəfindən necə dəyərləndiriləcəyini maraqla gözləyir. “Yuventus”dan alınıb “İnter”ə verilən çempionluğun geri alınma ehtimalından danışılır.
Devamını Gör »

5 Tem 2011

Avstriya Musa Yaqubun nəvəsini London Olimpiadasına göndərir

Avstriyada hazırlıq keçən “Xəzər Lənkəran” klubunun dünən axşam məşqini izləyənlər arasında İnnsbrukda yaşayan bir azərbaycanlı da var idi.

Əlindəki fotoaparatla futbolçularımızın şəkillərini çəkən bu gənc təbii ki, diqqətimizdən yayına bilməzdi.

Apasport.az saytının Avstriyaya ezam olunan əməkdaşı ilə söhbəti zamanı Gəray Gəraylı bildirib ki, əslən İsmayıllı rayonundandır. Görkəmli şair Musa Yaqubun nəvəsi olan 17 yaşlı boksçu artıq Avstriya milli komandasına da cəlb edilib: “12 yaşım olanda ailəmizlə birgə Avstriyaya köçdük. Artıq boks üzrə Avstriya yığmasının üzvüyəm. Hətta gələn il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında da iştirak edə bilərəm. Bunun üçün şansım da var. 63 kq çəkidə mübarizə aparıram”.

Gəraylı bildirib ki, yerli federasiya onun London Olimpiadasına daha yaxşı hazırlaşmaq üçün Almaniyaya toplanışa göndərəcək.
Devamını Gör »

Karate 2020-ci il olimpiadasının proqramına salına bilər

2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd idman növləri açıqlanıb. Lent.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) Cənubi Afrika Respublikasının Durban şəhərində keçirdiyi toplantıda qərar qəbul edib.

Siyahıya 8 idman növü - beysbol, karate, rolikli idman, softbol, idman qayayadırmanması, skvoş, veykbord və uşu salınıb. Bunlardan yalnız 1-i olimpiadanın proqramına daxil ediləcək. Yekun qərar İOC-un 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək 125-ci sessiyasında veriləcək.
Devamını Gör »

Aziz Yıldırımın ürəyinə stend qoyulur

Türkiyədə danışılmış oyun qalmaqalı ilə əlaqədar həbsdə ikən halı pisləşən “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımın ürəyinə stend qoyulması qərara alınıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumatına görə, əməliyyat İstanbul Universitetinin Kardiologiya Xidməti tərəfindən aparılır.

Yıldırımın xəstəxanaya aparıldığını öyrənən həkimləri stendin Kadıköydəki bir xəstəxanada qoyulmasını istəyiblər. Lakin Haseki xəstəxanasının həkimləri ilə polislər əməliyyatın başqa yerdə aparılmasına qarşı çıxıblar. Bu zaman həkimlər arasında sərt mübahisə yaranıb.

Qeyd edək ki, Aziz Yıldırım şəkər və təzyiqindən şikayətlənir.
Devamını Gör »

Türkiyə Futbol Federasiyasının rəhbərliyi prokurorluqda


Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Ali Aydınlar futbolda danışılmış oyun iddiaları ilə əlaqədar cinayət işini aparan prokurorla görüşmək üçün ədliyyə idarəsinə gəlib. Lent.az-ın məlumatına görə, Aydınlar TFF rəsmiləri ilə birgə prokurorluğa gəlib.

Onun cinayət işini aparan dövlət ittihamçısı Mehmet Bərklə görüşəcəyi məlum olub. TFF prezidenti jurnalistlərə açıqlamasında deyib: “Ölkəmizi Avropa kuboklarında təmsil edəcək komandaların adlarını UEFA-ya bildirməliyik. Lakin açılan cinayət işi ilə əlaqədar vaxtımız daralır. İstintaq başa çatmadan qərar verməliyik”.

Aydınlar daha geniş açıqlamanı görüşdən sonra verəcəyini əlavə edib.

Digər tərəfdən, İstanbul Ağır Cəza Məhkəməsi “Fənərbağça” klubunun futbolda danışılmış oyun iddiaları ilə əlaqədar istintaq xəbərlərinin yayımına qadağa qoyulması tələbini rədd edib.
Devamını Gör »

4 Tem 2011

Volkan Dəmirəl xanımına baxanın başında butulka qırdı

Futbol üzrə Türkiyə milli komandasının və “Fənərbağça” klubunun qapıçısı Volkan Dəmirəl barda dava salıb. Lent.az-ın məlumatına görə, Dəmirəl ötən il ailə qurduğu Belçika gözəli Zeynep Sevər Dəmirəldən gözünü çəkməyən şəxsin başında şüşə qab qırıb.

Davanın böyüməsini əngəlləmək istəyən bar mühafizəçiləri döyülən şəxsi və onun yoldaşlarını dərhal olay yerindən uzaqlaşdırıblar. Volkan isə Zeynep və dostları ilə birgə heç nə olmayıbmış kimi əyləncələrinə davam edib. Lakin bu əyləncə də çox uzun çəkməyib. Qapıçı “Fənərbağça”nın prezidenti Aziz Yıldırımın həbsini eşidən kimi Çeşmə tətillərini yarımçıq qoyaraq İstanbula qayıdıb.

Qeyd edək ki, Volkan Dəmirəl bir neçə ay öncə restoranda salfet kağızına telefon nömrəsini yazaraq, onun həyat yoldaşına uzadan şəxsi döyüb.
Devamını Gör »

Joze Mourinyo kapitanı dəyişir

spaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyo qapıçı İker Kasilyası kapitan sarğısından məhrum etməyi qərara alıb. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, Mourinyo meydan oyunçularından birini kapitan təyin etmək niyyətindədir.

Onun fikrincə, qapıçıya nəzərən belə futbolçunun hakimlərlə ünsiyyət qurması daha münasib olacaq. Portuqaliyalı mütəxəssis əvvəlki komandalarında məhz meydan oyunçularını kapitan təyin edib. Məsələn, “İnter”də sarğını Xavyer Zanetti, “Çelsi”də Con Terri daşıyıb. “Real Madrid”in yeni kapitanı isə müdafiəçi Serxio Ramos və ya yarımmüdafiəçi Xabi Alonso ola bilər.

Qeyd edək ki, İker Kasilyas kral klubu”nun kapitanı Raulun Almaniya “Şalke 04”ünə keçidindən sonra – 2010-cu ilin yayında sarğını qoluna taxıb. “Real Madrid” 2010-2011-ci il mövsümündə İspaniya Kubokunu qazanıb, ölkə çempionatında ikinci yeri tutub və Çempionlar Liqasının yarımfinalınadək irəliləyib.
Devamını Gör »

Azərbaycan hakimləri üçün “Tişina”

Azərbaycan futbol hakimlərinin iyulun 1-dən Sloveniyada təlim-məşq toplanışı başlayıb.

Lent.az-ın məlumatına görə, hazırlıq prosesi çərçivəsində hakimlərimiz bir neçə yoldaşlıq oyunu idarə ediblər. Onların arasında yerli klubların iştirakı ilə oyunlar çoxluq təşkil edib. Bundan başqa FİFA referisi Fariz Yusifov “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi – Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının “Svase” (Sloveniya) ilə görüşünün baş hakimi olub.

“Tişina” (Sloveniya) – “Bakoviç” (Sloveniya)
Ramil Diniyev, Yaşar Abbasov, Mübariz Haşımov, İnqilab Məmmədov

“Mura 05” (Sloveniya) – “Riyeka” (Xorvatiya)
Anar Salmanov, Vaqif Musayev, Rza Məmmədov, Fuad Həsənov

“Arsenal” (Kiyev, Ukrayna) – “Zadar” (Sloveniya)
Elçin Məmmədov, Namiq Hüseynov, Rail Ramazanov, İnqilab Məmmədov

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Svase” (Sloveniya)
Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov

“Mura 05” (Sloveniya) – “İnter” (Xorvatiya)
Rövşən Əhmədov, Samir Hacıyev, Zeynal Zeynalov, Alik Yunusov

“Arsenal” (Kiyev, Ukrayna) – “Aliminium” (Sloveniya)
Orxan Məmmədov, İlham Əliyev, Mehman Mahmudov, Elvin Əsgərov

“Maribor” (Sloveniya) – “İstanbulspor” (Türkiyə)
Rauf Cabbarov, Coşqun Həsənov, Knyaz Əmiraslanov, Xəlil Hüseynli
Devamını Gör »

Azərbaycan yığması Avropa üçüncüsü oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə başa çatan Avropa çempionatında Azərbaycanın 23 yaşadək kanoeçi kişilərdən ibarət millisi ümumi komanda hesabında 3-cü yeri tutub.

Lent.az-ın məlumatına görə, yığmamız bu nailiyyəti Andrey Kraytorun uğuru sayəsində əldə edib. 19 yaşlı kanoeçimiz 200 metr məsafəyə yürüşdə qızıl, 500 metr məsafəyə yürüşdə isə gümüş medal qazanıb. Millimiz yalnız Rusiya (2 qızıl, 2 gümüş, 1 bürünc) və Almaniyadan (2 qızıl, 1 bürünc) geri qalıb.


23 yaşadək kişi kanoeçilərin mübarizəsində 6 dəst medal cəmi 8 ölkə arasında bölüşdürülüb. Azərbaycan yığması medal əyarında Polşa (1 qızıl), Belarus, Macarıstan, Çexiya (hərəyə 1 gümüş, 1 bürünc) və Ukraynanı (1 bürünc) üstələməyi bacarıb.


Qeyd edək ki, yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilmiş Avropa çempionatında 38 ölkə mübarizə aparıb. Azərbaycan 8 yeniyetmə, 3 gənc idmançı ilə təmsil olunub. Kayak və kanoeçilərimiz daha 5 yürüşdə əsas finalda çıxış etsələr də, mükafatçılar sırasına düşə bilməyiblər.
Devamını Gör »

“AFFA-nın baş katibi bizə bir az gözləməyi tövsiyə etdi” - MÜSAHİBƏ

“Bakı”nın aşağı yaş qrupları üzrə komandalarının türkiyəli baş koordinatoru Yüksəl Kepoğlu klubun rəsmi saytına müsahibə verib.

Lent.az 43 yaşı bu gün tamamlanan Kepoğlu ilə müsahibəni təqdim edir.


- 2010/11 futbol mövsümünü geridə qoyduq. Carı mövsümü “Bakı”nın aşağı yaş qrupu üzrə komandaları üçün uğurlu hesab etmək olarmı?

- Bu il qazandığımız uğurların təməli üç il öncə qoyulub. Bu il komandalarımızın çıxışından razıyam. 4 komandamız müxtəlif turnirlərdə çempion oldu. 1999 və 2000-ci il təvəllüdlülərimiz “Sabahın ulduzlarında”, 1996-lar U-15 liqasında, 1994-lər U-17 liqada və əvəzedici heyətimiz çempion titulu qazandılar. 2 komandamız mükafatçılar sırasından son anda qopdu. 1997-ci il təvəllüdlülər AFFA U-13 liqasında məğlubiyyət acısı yaşamasa da, finalçılar sırasına düşə bilmədi. Əslində bizim burada əsas məqsədimiz iştirak etdiyimiz birinciliklərdə çempionluq yox, əsas komanda üçün futbolçu yetişdirməkdir. Klub prezidenti cənab Hafiz Məmmədov da qarşımıza bu vəzifəni qoyub. Bu yaxınlarda istifadəyə verilən akademiya, yaradılan şəraitə görə uğur qazanmağa borcluyuq.


- Bu il “Bakı”nın uşaq komandaları kifayət qədər uğur qazandılar. Bu növbəti mövsümə də əlavə məsuliyyətdir. Bu uğuru təkrarlamaq çətin olmayacaq ki?

- Məşqçilər öz məsuliyyətlərini yaxşı başa düşürlər. “Bakı”nın necə böyük bir klub olduğunun da fərqindədirlər. Dediyim kimi, bizim üçün birinci dərəcəli məsələ istedadlı uşaqları tapıb, kluba cəlb etmək və onları əsas komandaya hazırlamaqdır. İkinci planda uşaqların müsbət əhval-ruhiyyədə olması üçün qələbə qazanmaqdır. Növbəti mövsüm bu ilkindən də ağır olacaq. Bütün klublar uşaq futboluna diqqət ayırır. Buna baxmayaraq yetirmələrimizin növbəti il bundan da yaxşı çıxış edəcəyinə ümid edirəm. Hamı bizdən bunu gözləyir.


- “Bakı” müxtəlif yarışlarda 11 komanda ilə mübarizə apardı. Ümumi götürsək, əsas rəqibləriniz hansı klublardır?

- “Neftçi”, “Qəbələ” və “İnter”i fərqləndirmək olar.


- Uşaqların seçiminə nə vaxt başlayacaqsınız?

- Qrup şəklində iyulun 20-dən seçimlərə başlamağı planlaşdırırıq. Avqust ayının ilk həftəsindən etibarən yaş qrupları üzrə seçimlərin son mərhələsini təşkil edəcəyik. Bu mərhələdə diqqətimizi çəkən uşaqlar klubun sıralarına qatılmaq şansı qazanacaqlar.


- Ötən il müxtəlif çempionatlarda 400-dən çox uşaq və yeniyetməni sınaqdan çıxardınız. Mövsüm boyu digər komandalarda izlədiyiniz yeniyetmələr də var. Dəyişikliklər barədə nə deyə bilərsiniz?

- Hər bir komandadan 3-4 futbolçu ilə yollarımız ayrılacaq. Əsas dəyişikliklər 1995-ci il təvəllüdlülərdən ibarət komandamızda olacaq. Bu heyətə 8-10 futbolçunu uzaqlaşdırıb, eyni sayda da cəlb etməliyik. İzlədiyimiz oyunçular var. Onların adlarını çəkmək istəmirəm. Onların bəziləri milli komandaların üzvləridir.


- 17 yaşlılarımız və əvəzedicilərimiz bu il çempiona yüksəldilər. Bu heyətdən ilk dəfə 2 futbolçu əsas komandaya göndərildi. Digər gənclərin isə belə bir şansı yoxdur. Onlar da U-19 liqası olmadığı üçün əvəzedici heyətə qatılırlar. Bu vəziyyətdən necə çıxmağı düşünürsünüz?

- Uşaq futbolunun əsas problemləri, məhz, bu mərhələdə yaranır. Hər iki komanda çempion olub. Bizə isə cəmi bir heyət lazımdır. Əlbəttə, bu qədər istedadlı gənclərin itməsi bizi düşündürür. İllərdir ki bu uşaqları yetişdiririk. Çıxış yolu ya U-19 liqasının yaradılması ya da həmin gənclərin komanda şəklində I divizionda oynamasıdır. İkinci daha sərfəlidir. Yaşı keçən gənclər burada oynamaqla əsas komandaya düşmək üçün təcrübə qazanacaqlar. Hər iki variant üzərində işləyirik. AFFA baş katibi Elxan Məmmədovla görüşümüzdə bu məsələni onun da diqqətinə çatdırmışam. Bizə bir az gözləməyi tövsiyə etdi.
Devamını Gör »

Zidan: “Barselona”nın uğuru bəxtlə əlaqələdir”

İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Zinəddin Zidan “Barselona”nın hazırkı nəsil oyunçuları üçün fəxarətli tonla danışıb. Lent.az-ın məlumatına görə, Zidan İngiltərə “Mançester Yunayted”i ilə final matçına çıxan “Barsa”lı futbolçulardan 7-sinin məşhur La Masiya akademiyasından çıxdıqlarını xatırladıb.

Onların arasında Xavi, Lionel Messi və Andres İnyesta da var. Fransa yığmasının heyətində 1998-ci ilin dünya çempionu bildirib ki, “Barselona”nın belə futbolçu nəsli yetişməsində bəxti gətirib. “Real Madrid” prezidentinin məsləhətçisi bunların nadir hallarda baş verdiyini söyləyib.

“Real Madrid” öz akademiyasında perspektivli, istedadlı futbolçuları axtarmağa cəhd əvəzinə hazır dünya ulduzlarını almaqla tanınır. Zidan bu məsələyə belə reaksiya verib: “Biz daim mənim 75 milyon avroya, yaxud Kriştianu Ronaldunun 93 milyon avroya transferindən danışırıq. Lakin bizdən əlavə çoxlu oyunçunun yolu “Real Madrid”dən keçib. Kimisinə əsas heyətə düşmək çətin olub, kimisi də digər komandalarda daha az kəskin rəqabətdə bacarıqlarını açıblar”.
Devamını Gör »

3 Tem 2011

“Uimbldon” turniri: Cokoviç və Nadal finalda

Tennis üzrə “Böyük dəbilqə” seriyasından “Uimbldon” turnirində kişilərin fərdi mübarizəsində də finalçılar müəyyənləşib.

XezerXeberin məlumatına görə, həlledici görüşdə serbiyalı Novak Cokoviçlə ispaniyalı Rafael Nadal üz-üzə gələcək.

Yarımfinalda Cokoviç fransalı Jo-Vilfrid Tsonqanı yenib - 7:6, 6:2, 6:7, 6:3. Bununla da serbiyalı tennisçi karyerasında ilk dəfə “Uimbldon”un finalına yüksəlməklə bərabər, Peşəkar Tennisçilər Assosiasiyasının yeni reytinqində birinci pilləni təmin edib.

Nadal isə digər yarımfinal görüşündə britaniyalı Endi Mürreyi üstələyib - 5:7, 6:2, 6:2, 6:4. İspaniyalı tennisçi “Böyük dəbilqə” seriyalı turnirlərdə 10 dəfə qalib olub ki, bunların 2-si (2008, 2010) “Uimbldon”a təsadüf edib.

Final matçı iyulun 3-də keçiriləcək. Bundan bir gün öncə isə qadınların fərdi mübarizəsində rusiyalı Mariya Şarapova ilə çexiyalı Petra Kvitova arasında həlledici qarşılaşma olacaq.
Devamını Gör »

“Bakı” Verpakovski ilə müqavilə bağladı

“Bakı” futbol klubu yeni transferini reallaşdırıb.

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Kiyev “Dinamo”sundan transfer olunan Maris Verpakovskidir.

Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb. O, yeni klubunda 22 nömrəli formanı geyəcək.

Maris Verpakovski 1979-cu il oktyabrın 15-də anadan olub. O, karyerası ərzində əvvəlcə Latviyanın “Baltika”, “Metallurq”, “Skonto” klublarının formasını geyib. 2003-cü ildə Kiyev “Dinamo”suna transfer olunan Verpakovski 2007 - 2008-ci illərdə İspaniyanın “Xetafe” və “Selta”, Xorvatiyanın “Hayduk” və Yunanıstanın “Erqotelis” klublarında oynayıb. O, 3 dəfə (2001, 2002, 2003) Latviya çempionu tituluna sahib çıxıb, Latviya Kubokunun 2 qat (2001, 2002) sahibidir. 2004-cü ildə Kiyev "Dinamo"su ilə Ukrayna çempionu titulunu qazanıb, 2005-2006-cı illərdə ardıcıl 2 dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.

Maris Verpakovski Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb. 2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdır. Onun qolları sayəsində Avro-2004-ün “pley-off” mərhələsində Latviya Türkiyəni mübarizədən kənarlaşdırıb. Verpakovski 2003 və 2004-cü illərdə Latviyanın ən yaxşı futbolçusu seçilib.
Devamını Gör »

Devid Bekhemin onurğa sütununda çat aşkarlanıb

ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun futbolçusu Devid Bekhem ona məşq etməyə mane olan çiynindən şikayətlənib.

Lent.az-ın məlumatına görə, tibbi müayinə nəticəsində 36 yaşlı yarımmüdafiəçinin onurğa sütununda kiçik çat aşkarlanıb.

Bekhem deyib: “10 gün öncə çiynim daha çox ağrıyırdı. Lakin indi bir qədər keçib. Məşqləri və matçı buraxmaqdan zəhləm gedir. Həyatımda iki dəhşətli həftə keçirdim. Xüsusən ona görə üzgünəm ki, bu, mənim üçün yeni zədədir. Əvvəllər belə problem hiss etməmişəm”.

Qeyd edək ki, özünü pis hiss etdiyi üçün “San-Xose” ilə matçı buraxmış Devid Bekhem “Siettl”lə görüşdə də oynamayacaq.
Devamını Gör »

Voleybolçularımızın Çempionlar Liqasındakı rəqibləri

Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

Apasport.az saytının xəbərinə görə, Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə Bakının qadınlardan ibarət “Rabitə” və “Azərreyl” klublarının da rəqibləri bəlli olub.

B qrupuna düşən “Rabitə” “Fənərbaxça Acibadəm” (Türkiyə), “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) ilə mübarizə aparacaq.
D qrupunda yer alan “Azərreyl” isə “Berqamo” (İtaliya), “VaqıfGünəş Bank” (Türkiyə), “Tomis” (Rumıniya) ilə qarşılaşacaq.
Devamını Gör »

Avropa çempionatında ən azı 7 final!

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatı davam edir.

Lent.az-ın məlumatına görə, yarışda Azərbaycanı 7 yeniyetmə, 4 23 yaşadək idmançı təmsil edir.

Onlar 13 qayıq tipindən ən azı 7-də əsas finala vəsiqə qazanıblar.

1000 metr məsafəyə yürüşdə yeniyetmə kanoeçilərin 1 nəfərlik qayıqla (C-1) mübarizəsində Radoslav Kutsev 4 dəqiqə 31,267 saniyə nəticə ilə öz qrupunda 6-cı yeri tutub. Yarımfinalda o, 4 dəqiqə 8,064 saniyə nəticə ilə 2-ci yeri tutaraq, əsas finala yüksəlib. Həlledici yürüşdə isə Kutsev 4 dəqiqə 22,377 saniyə nəticə ilə 7-ci olub.

Yeniyetmə kanoeçilərin 2 nəfərlik qayıqla (C-2) yürüşündə isə Aleksey Kupin – İqor Delistianov dueti 4 dəqiqə 14,650 saniyə nəticə ilə 4-cü olub. Yarımfinalda bu cütlük 3 dəqiqə 48,909 saniyə nəticə ilə 1-ci yeri tutub. Bununla da kanoeçi duetimiz əsas finala yüksəlib. Həlledici yürüşdə Kupin – Delistianov cütlüyü 4 dəqiqə 1,620 saniyə nəticə ilə 5-ci olub.

2 nəfərlik kayak qayığı (K-2) ilə çıxış edən Yasin Əhmədov – Amil Hüseynli dueti 4 dəqiqə 5,448 saniyə nəticə ilə 6-cı olub. Yarımfinalda onlar finişə 3 dəqiqə 35,893 saniyəyə 8-ci çatıblar. Bununla da Əhmədov – Hüseynli dueti 10 – 18-ci yerlər uğrunda mübarizəni nəzərdə tutan B finalına çıxıb. Bu yürüşdə isə təmsilçilərimiz 3 dəqiqə 41,727 saniyə nəticə ilə 8-ci, ümumi nəticədə 17-ci olublar.

23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla (C-1) yürüşündə Boqdan Kurudz finişə 4 dəqiqə 28,074 saniyəyə çatıb. O, öz yarımqrupunda 5-ci yeri tutub. Yarımfinal yürüşündə Kurudz 4 dəqiqə 4,180 saniyə nəticə ilə 4-cü olub və əsas finala yüksələ bilməyib.

500 metr məsafəyə yürüşdə yeniyetmə kanoeçimiz Aleksey Kuçer 1 nəfərlik qayıqla (C-1) 2 dəqiqə 4,778 saniyə nəticə göstərərək, 4-cü olub. Bu nəticə ilə Kuçer növbəti mərhələyə yüksəlib. Yarımfinalda o, 1 dəqiqə 59,925 saniyə nəticə ilə 6-cı yeri tutub və əsas finala çıxa bilməyib.

2 nəfərlik kayak qayığı (K-2) ilə çıxış edən Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti isə 1 dəqiqə 36,650 saniyəyə finişə çataraq, öz yarımqrupunda 1-ci yeri tutub. Azərbaycanlı cütlük birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici mərhələ yürüşü iyulun 3-də Bakı vaxtı ilə saat 13:07-də olacaq.

Aleksey Kupin – İqor Delistianov dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə yürüşə də qatılıb. Bu cütlük finişə 1 dəqiqə 52,641 saniyəyə çataraq, öz yarımqrupunda 5-ci olub. Yarımfinalda isə Kupin – Delistianov dueti 1 dəqiqə 49,877 saniyə nəticə ilə 2-ci olub və əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü iyulun 3-də Bakı vaxtı ilə saat 13:21-də olacaq.

23 yaşadək kayakçıların mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) seçmə yürüşdə finişə 1 dəqiqə 45,173 saniyəyə 3-cü sırada çatıb. Yarımfinalda o, daha yüksək – 1 dəqiqə 44,009 saniyə nəticə göstərib və öz yarımqrupunda 2-ci olub. Bununla da Cavadov əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü iyulun 3-də Bakı vaxtı ilə saat 15:25-də olacaq.

23 yaşadək kanoeçilərin mübarizəsində isə Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə 1 dəqiqə 56,023 saniyə nəticə ilə 1-ci yeri tutub. Bununla da Kraytor birbaşa əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü iyulun 3-də Bakı vaxtı ilə saat 15:39-da olacaq.

200 metr məsafəyə yürüşdə yeniyetmələrin mübarizəsində Aleksey Kuçer 1 nəfərlik kanoe qayığı (C-1) ilə seçmə yürüşdə finişə 45,186 saniyəyə 5-ci çatıb. Kuçer bu gün Bakı vaxtı ilə saat 18:50-də keçiriləcək yarımfinal yürüşünə vəsiqə qazanıb.

2 nəfərlik kayak qayığı (K-2) ilə seçmə yürüşdə Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti 36,200 saniyə nəticə ilə 4-cü olub. Bu gün Bakı vaxtı ilə saat 19:35-də azərbaycanlı cütlük yarımfinal yürüşünə qatılacaq.

23 yaşadək kayakçıların mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) seçmə yürüşdə 38,598 saniyə nəticə ilə 4-cü olub. Cavadov bu gün Bakı vaxtı ilə saat 19:15-də keçiriləcək yarımfinal yürüşünə qatılacaq.

23 yaşadək kanoeçilərin yarışında isə Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə 41,957 saniyə nəticə göstərərək, 1-ci yeri tutub. Bununla da Kraytor birbaşa əsas finala yüksəlib.
Devamını Gör »

Türkiyədə futbol “zəlzələsi”

Danışılmış oyunlarla bağlı istintaq çərçivəsində bir çox klub rəhbəri, futbolçular, məşqçilər və menecerlər saxlanılıb


Türkiyədə ölkə futbol tarixinin indiyədək görünməmiş ən böyük və ən geniş miqyaslı polis-istintaq əməliyyatı keçirilir. APA-nın xəbərinə görə, bu gün səhər tezdən polis “Fənərbağça”nın çempionluğu ilə nəticələnən 2010/2011 futbol mövsümündə danışılmış oyunlarla bağlı istintaq çərçivəsində 15 şəhərdə əməliyyat-axtarış tədbirlərinə başlayıb.

İstanbulda Türkiyənin ən böyük idman klublarından biri olan “Fənərbağça”nın prezidenti Əziz Yıldırımın həbs edilməsi xəbəri ölkə ictimaiyyətini şoka salıb. Ə. Yıldırım evində yaxalanaraq İstanbul Əmniyyət Müdirliyi (polis idarəsi) binasına aparılıb. Onun evində, “Fənərbağça” klubunun binasında və klubun “Şükrü Saraçoğlu” stadionunda axtarış aparılıb. Ə. Yıldırımdan sonra klubun vitse-prezidenti Şekip Mosturoğlu, klub direktoru İlhan Ekşioğlu, klubun baş mühasibi də həbs edilib. Bundan başqa, “Fənər”in bu sezon “Karabükspor”dan transfer etdiyi nigeriyalı futbolçu Emmanuel Emenike və “Əskişəhərspor”dan alınan Sezər Öztürk də həbs olunanlar arasındadır. E. Emenike ötən mövsümün 2-ci yarısında “Fənərbağça” ilə matçdan əvvəl zədəli olduğunu bəhanə göstərərək oynamayıb. Sonradan Emenikenin zədəli olmadığı ve “Fənərbağça” ilə transfer razılığına gəldiyi üçün oynamadığı bəlli olub. S. Öztürk isə “Əskişəhərspor”un aparıcı futbolçularından biri olmasına baxmayaraq, “Fənər”lə oyunda müəmmalı şəkildə çox zəif oyun nümayiş etdirib və 42-ci dəqiqədə əvəzlənib. Hər iki futbolçunun sezon bitdikdən sonra “Fənərbağça”ya transfer olması şübhələri daha da artırıb.

Əməliyyatı genişləndirən Türkiyə polisi “Əskişəhərspor”un baş məşqçisi, uzun illər “Fənərbağça”da oynamış Bülənt Uyğun və “Əskişəhərspor”un idman direktoru Ümit Karanı da həbs edib. Xatırladaq ki, “Fənərbağça” hazırda istintaq tərəfindən araşdırılan o qarşılaşmada “Əskişəhərspor”u 3-1 hesabı ilə məğlub etmişdi.

İstintaq tərəfindən araşdırılan digər şübhəli qarşılaşma isə çempionatın sonuncu turunda oynanılan “Sivasspor” – “Fənərbağça” matçıdır. “Sivasspor”un prezidenti Məcnun Odyakmaz, komandanın qapıçısı Korcan Çelikay, komandanın kapitanı olmuş və bir neçə gün əvvəl “Əskişəhərspor”a transfer olan Mehmet Yıldız da bu istintaq çərçivəsində həbs edilib. Qapıçı Korcan “Fənər”in 4-3 hesabı ilə qalib gəldiyi qarşılaşmada şübhəli qollar buraxmışdı.

Həbs olunanlar arasında “Fənərbağça”nın 2-ci kapitanı və Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğlunun yaxın qohumu da var.

Əməliyyat sadəcə “Fənərbağça” ilə məhdudlaşmayıb. 2-ci liqadakı danışılmış oyunlarla əlaqədar “Diyarbəkirspor”un sabiq prezidenti Abdurrahman Yaqut, “Giresunspor”un indiki prezidenti Ömər Ülkü və keçmiş prezidenti Olqun Peker, “Altay” klubunun baş direktoru Ərman Ərtaş, “Adanaspor”un baş məşqçisi Ləvənt Əriş, onun köməkçisi Sərdar Berkin, menecer Əli Kıratlı, “Gənclərbirliyi” klubunun futbolçusu Mahmud Boz da həbs edilib. “Gənclərbirliyi”nin başqa bir futbolçusu Sərkan Çalık haqqında da həbs qərarı var. Lakin o, hazırda Almaniyada olduğu üçün həbs olunmayıb.

Həbs edilənlərin sayı ümumilikdə 40 nəfərdən çoxdur. Əməliyyat davam edir. Həbs olunanların sayının 150-yə çatacağı bildirilir. Qanunlara görə, saxlanılan şəxslər 3 gün polis idarəsində saxlanıla bilər, sonra ifadə vermək üçün prokurorluğa göndərilməlidirlər. Prokurorun bu şəxsləri sərbəst buraxmaq və ya həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə göndərmək hüququ var.
Devamını Gör »

2 Tem 2011

Məşhur futbolçunun sevgilisi: “Səkkiz ay hər gün sekslə məşğul olduq”

“Ştutqart”ın futbolçusu Artur Bokanın keçmiş sevgilisi, almaniyalı model Gina-Liza Lohfink yataq sirlərini paylaşıb. O, futbolçu ilə ayrılmasının səbəbini belə izah edib: “Münasibətlərimiz 8 ay davam etdi. Hər gün sekslə məşğul olurduq. Buna baxmayaraq, məni aldadırdı. Bunu qəbul etməyim mümkün deyildi”.

24 yaşlı model bir müddət əvvəl qadınla dodaq-dodağa öpüşməsi ilə gündəmə gəlmişdi. Çimərlikdə çəkilən klip üçün müğənni Loona ilə öpüşən model bundan ləzzət aldığını bildirib: “Bu, mənim qadınla ilk öpüşməm deyildi. Üstəlik, qadınla öpüşmək çox gözəldir”.
Devamını Gör »

Voleybolçularımızın Çempionlar Liqasındakı rəqibləri

Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

Apasport.az saytının xəbərinə görə, Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə Bakının qadınlardan ibarət “Rabitə” və “Azərreyl” klublarının da rəqibləri bəlli olub.

B qrupuna düşən “Rabitə” “Fənərbaxça Acibadəm” (Türkiyə), “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) ilə mübarizə aparacaq.
D qrupunda yer alan “Azərreyl” isə “Berqamo” (İtaliya), “VaqıfGünəş Bank” (Türkiyə), “Tomis” (Rumıniya) ilə qarşılaşacaq.
Devamını Gör »

1 Tem 2011

“Neftçi” Albaniya çempionuna qarşı

Avstriyada təlim-məşq toplantısında olan “Neftçi” futbol komandası iyulun 2-də ilk yoldaşlıq görüşünə çıxacaq.

Lent.az-ın məlumatına görə, rəqib Albaniya çempionu “Skenderbu” klubu olacaq.

Oyun Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı