5 May 2011

“Baku Steel Company”da 6 nəfər zəhərlənib

Bu gün Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından XezerXeber-e verilən məlumata görə, hadisə Nərimanov rayonu ərazisində, Əliyar Əliyev küçəsi 36 ünvanında yerləşən “Baku Steel Comany” şirkətinə məxsus Qara Metalların Təkrar Emalı müəssisəsində baş verib.

Məlumata görə, səhər saatlarında yük avtomobili ilə müəssisəyə metal qırıntıları gətirilib. Qırıntıların arasında iri çən diqqət çəkib. Bu zaman işçilər çənin içində maye olduğunu görərək onu açmağa ehtiyatlanıblar. Nəticədə yükü gətirmiş şəxslər çənin qapağına açmaq qərarına gəliblər. Hadisə də elə bu zaman baş verib. Məlum olub ki, 6 tonluq çənin içindəki maye təhlükəli ammonyak turşusudur. Hava ilə reaksiyaya girən kimi ammiak turşusu buxarlanmağa başlayıb və ətrafda olan şəxslər zəhərlənib.

Ammiakın buxarlanmasından orada olan 6 nəfərə ziyan dəyib. Zəhərlənən şəxslər təcili olaraq yaxınlıqda yerləşən “Baku Steel Company” şirkətinin tibb məntəqəsinə çatdırılıb. Taksologiya şöbəsinə yerləşdirilən şəxslərə tibbi yardlm göstərilib.

Faktla bağlı ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis Bölməsindən Lent.az-a bildirdilər ki, onlara həmin ərazidə hadisə baş verməsi ilə bağlı məlumat daxil olub. Lakin əraziyə çatdıqda orada hər hansı insidentə rast gəlinməyib.
Devamını Gör »

Portuqaliya finalını möcüzə əngəlləyə bilər

Bu gecə keçiriləcək yarımfinal mərhələsinin cavab görüşləri ilə futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşəcək.

Lent.az-ın məlumatına görə, İspaniyanın “Vilyarreal” klubu Portuqaliya “Portu”suna 1:5 hesablı sarsıdıcı məğlubiyyətdən sonra finala vəsiqə üçün möcüzə yaratmalıdır.

Digər cütlükdə heç də hər şeyə aydınlıq gəlməyib. Portuqaliyanın “Braqa” klubu “Benfika” ilə matçda 1:2 hesablı səfər məğlubiyyətinin əvəzini 1 cavabsız qolla çıxa bilər.

00:05. “Vilyarreal” (İspaniya) – “Portu” (Portuqaliya)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk görüş – 1:5

“Vilyarreal” klubu tarixində ilk dəfə Avropa kuboklarının finalına çıxmaq üçün böyük tapşırığın öhdəsindən gəlməlidir. “Sarı sualtı qayıq” ən böyük hesablı məğlubiyyətinə ilk görüşdə düçar olub. Avrokuboklar tarixində indiyədək yalnız 3 klub ilk matçda üzləşdiyi 4 qolluq fərqi cavab oyununda aradan qaldıra bilib. “Portu” İspaniyada keçirdiyi son 5 səfər qarşılaşmasının heç birində uduzmayıb. Bu oyunlarda 3 qələbə, 2 heç-heçə qeydə alınıb. Digər tərəfdən, “Vilyarreal” Avropa Liqasındakı 7 ev oyununda yüz faizlik nəticə göstərib. İspaniya klubu öz meydançasında 20 qol vurduğu halda cəmi 4-ünü buraxıb.

00:05. “Braqa” (Portuqaliya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk görüş – 1:2

Həm “Braqa”, həm də “Benfika” aprelin 18-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək final matçına vəsiqə üçün yaxşı şansa malikdir. 2:1 hesablı ev qələbəsi “Benfika”nın futbolçularının ayıq-sayıqlığını zəiflədə bilməz. Ötən mövsüm Lissabon komandası Avropa Liqasının ¼ finalında mübarizəni dayandırıb. “Benfika” öz meydançasında “Liverpul”u 2:1 hesabı ilə yensə də, cavab görüşündə 1:4 hesablı məğlubiyyətlə üzləşib. “Braqa” cari Avrokubok mövsümündə 8 ev oyunundan yalnız 1-də yenilib. Bu, ötən il sentyabrın 28-də Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”la oyunda baş verib – 0:3. Qalan görüşlərdə 6 qələbə və 1 heç-heçə qeydə alınıb. “Benfika” isə əvvəlki 7 səfər oyununda yalnız 1 dəfə qalib gəlib. Bu, 1/16 final mərhələsində Almaniya “Ştutqart”ı ilə oyuna təsadüf edib – 2:0.

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Devamını Gör »

Əsəd 40 yaşa qədər kişiləri həbs etdirir

Suriya hakimiyyəti etiraz aksiyalarının qarşısını almaq istiqamətindəki təşəbbüslərini davam etdirir.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, hakimiyyət cümə namazından öncə ölkə ərazisində islahat tələb edənlərin müqavimətini həbslərlə qırmağa çalışır. Suriya polisi üsyanın mərkəzi Dera şəhərində bütün evlərə basqın edərək, yaşı 40-a çatan bütün kişiləri həbs edib. Daha sonra isə Suriya Dövlət Televiziyası əməliyyatın başa çatdığını və əsgərlərin mərhələli şəkildə şəhərdən çəkildiyini bildirib. 10 günə yaxındır, mühasirədə olan şəhərdə komendant saatı tətbiq edilir, qadağalara əməl etməyənlər vurulur.

Suriyanın paytaxtı Dəməşqdə də vəziyyət gərgin olaraq qalır. Paytaxt yaxınlığındakı Sakbada bu sabah 300-dən çox insan həbs edilib. Ancaq bütün bunlara baxmayaraq, müxalifət etirazları davam etdirməkdə qərarlıdır.
BMT-nin baş katibi Pan Gi Mun Suriya prezidenti Bəşər Əsədə zəng vurub və onu güc tətbiqinə qon qoymağa çağırıb. Bu gün Romada keçirilən Liviya Koordinasiya Qrupunun toplantısında isə Suriyaya sanksiyaların tətbiqi məsələsi müzakirə ediləcək.
Devamını Gör »

“Bosch”: Məhsullarımızın 92 faizi ətraf mühitə zərər vermədən istifadə oluna bilər

Dünyada məişət texnikalarının üçüncü istehsalçısı olan “Bosch” şirkəti Azərbaycanda “Yaşıl texnologiyalar”a həsr olunmuş mətbuat konfransı keçirib.

“APA-Economics”in məlumatına görə, tədbirdə ətraf mühitlə bağlı məsələlərin müasir dünyanın ən mühüm mövzularından birinə çevrildiyi bildirilib: “Qlobal istiləşmə, biosferanın çirklənməsi və digər mühüm ekoloji amillər planetimizin canlı aləminə günü-gündən daha da pis təsir göstərir. Gənc nəsillərin gələcəyi bizdən asılıdır. Hər bir ölkənin vətəndaşı fərdi, korporativ və ictimai şəkildə uşaqlarımızın xoşbəxt gələcəyi uğrunda mübarizəyə qoşulmalıdır. İllər boyunca məişət texnikaları istehsalında ekoloji təmiz texnologiyaları tətbiq edən “Bosch” markası bu məsələnin ciddiliyini nəzərə alaraq, eko-məhsulların əsas müsbət cəhətlərini və onlara üstünlük verilməsinin vacibliyini alıcıya çatdırmağı öz vəzifəsi hesab edir”.

Tədbirdə həmçinin bildirilib ki, “Yaşıl Texnologiyalar” yalnız bu günə deyil, həm də sabaha qoyulan sərmayədir: “Şirkətin missiyası davamlı inkişaf və istehsal prinsiplərinə əsaslanır. Təbiət, cəmiyyət və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayan “Bosch” istehsalatın müxtəlif mərhələlərində təbii resurslardan səmərəli istifadə edir. Müasir “Bosch” məhsullarının keyfiyyəti özündə həm ekoloji, həm də dizayn ideyalarının mükəmməlliyini birləşdirir. Ekoloji cəhətdən tamamilə təmiz məhsulların hazırlanmasına sərf edilmiş uzunmüddətli əmək artıq öz bəhrəsini verib. Yeni texnologiyaların tətbiqi ilə işlənib hazırlanmış “Bosch” məhsullarının istehsalında son 30 il ərzində təbii resurslardan səmərəli istifadədə rekord səviyyəyə, 60% suya və 70% elektrik enerjisinə qənaət edilməsinə nail olunub. Ümumiyyətlə, məhsullarımızın 92%-i ətraf mühitə zərər vermədən istifadə oluna bilər”.

“Bosch” şirkəti müxtəlif təbəqədən olan insanları nəzərə alaraq “Yaşıl Texnologiyalar”ı işləyib hazırlayıb ki, hər bir insan davamlı gələcəyin möhkəmləndirilməsinə öz töhfəsini verə bilsin. “Yaşıl Texnologiyalar”a üstünlük verən ailə, təkcə uşaqlarının gələcəyinə yox, həm də bu gününə sərmayə qoyur. Çünki eko-məhsul alan ailə, kommunal xidmətlərə qənaət edir. Gələcəkdə də, “Bosch” məhsulları davamlı inkişafın fəlsəfəsinə müvafiq olaraq planetimizin gələcəyinə öz töhfəsini verməkdə davam edəcək.
Devamını Gör »

Eldar və Nigar ilk beşliyə başçılıq edir

Təmsilçilərimiz onları dəstəkləyənlərə təşəkkür etdilər

“Eurovision” Mahnı Müsabiqəsinin rəsmi fan klubu OGAE-nin müsabiqədə akkreditasiya olunan jurnalistlər və yarışma pərəstişkarları arasında keçirdiyi ənənəvi sorğunun nəticəsinə görə, Azərbaycan iştirakçıları may ayının 10-da birinci yarımfinalından finala vəsiqə qazanan iddiaçıların ilk beşliyinə başçılıq edir. Lent.az-ın itv.az-a istinadən məlumatına görə, Düsseldorfda olan Azərbaycanın “Eurovison-2011” təmsilçiləri Eldar və Nigar pərəstişkarına, eləcə də jurnalistlərə təşəkkür ediblər.


Eldar və Nigar deyib: “İlk gündən Düsseldorfda müsabiqənin abı-havasına heyran olduq. Pərəstişkarlar, jurnalistlər və iştirakçılar arasında heyranedici dərəcədə dostluq mühiti bizə daha çox enerji verir. Bizi dəstəkləyənlərə minnətdarıq. Bu, Düsseldorfda əsas ifaya hazırlaşmaqda bizə böyük qüvvə verir”.
Devamını Gör »

2009-cu ildə batan təyyarədən cəsədlərin çıxarılmasına başlandı

Əməliyyat 4 min metr dərinlikdə keçirilir

Rio-de-Janeyro - Paris reysini həyata keçirərkən 2009-cu ildə Atlantik okeanı üzərində qəzaya uğrayan və 228 insana məzar olan “Air France” təyyarəsindən cəsədlərin çıxarılmasına başlanıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, əməliyyat okeanın 4 min metr dərinliyində həyata keçirilir.

Mini batiskafların yardımı ilə həyata keçirilən əməliyyatda qurbanlardan birinə aid cəsəd çıxarılıb.
Devamını Gör »

Müxalifətçi gənclər müdafiə komitəsində birləşdi

Bu gün Müsavat Partiyasının qərargahında bir qrup gənclər təşkilatları son günlərdə həbs olunan gənclərin müdafiəsilə bağlı tədbir keçirib.

Bu barədə Lent.az-a Müsavat Gənclər Təşkilatı sədrinin müavini Səxavət Soltanlı məlumat verib. Müsavat, AXCP, ADP, VHP gənclər təşkilatları, həmçinin, “Azad Gənclik”, “Gənclər Klubu” İB, “10 dekabr”, “Nida və daha bir neçə gənclər təşkilatlarının qatıldığı tədbirdə həbs olunan gənclərin müdafiə komitəsinin yaradılması barədə qərar çıxarılıb.

Tədbirin sonunda müdafiə komitəsi adından gənclərin həbsinə etiraz əlaməti olaraq, bəyanat qəbul edilib.
Devamını Gör »

TQDK-dan yenilik

Dörd hərf yazmaq kifayətdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edir.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mobil texnologiyaların imkanlarından istifadə edən TQDK yeni bir xidməti – sms MƏLUMATLANDIRMA xidmətini istifadəyə verir.
“Azercell Telekom” MMC-nin məzmun təminatçısı olan “LSİM MMC”-nin təqdim etdiyi proqram təminatı vasitəsi ilə artıq istənilən şəxs TQDK-nın yenilikləri barədə məlumatları mobil telefonları vasitəsilə əldə edə biləcəklər. Məlumatlandırma xidməti vasitəsi ilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyələrinə qəbulla bağlı bütün məlumatları telefon vasitəsilə öyrənmək mümkün olacaq.
Bu xidmətdən yararlanmaq üçün sadəcə müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək kifayətdir. Abunə olmaq istəyən şəxs 4 məlumat blokundan hər hansı birinə, yaxud hamısına abunə ola bilər. Hər blok üçün 1 aylıq abunə haqqı 53 qəpikdir.
Devamını Gör »

4 May 2011

“Banklar Fəaliyyətdə” layihəsinin ilk mərhələsi başa çatıb

Tələbələr pul siyasətinin hədəflərini öyrəniblər

Mərkəzi Bankın “Junior Achievement Azərbaycan” (JAA) təşkilatı ilə birgə keçirilən “Banklar Fəaliyyətdə” adlı layihəsi çərçivəsində 40-a yaxın tələbə-iqtisadçı mərkəzi bankçılıq və bank sisteminin quruluşu haqqında ətraflı məlumat əldə edib.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də, Bakı Dövlət və Qafqaz Universitetlərinin iqtisadiyyat fakültələrinin tələbələri 5 günlük treninqin sonunda xüsusi sertifikatlarla təltif olunublar.

Mərkəzi Bankın baş direktoru Emin Hüseynov deyib ki, treninq proqramı üzərində çoxlu hazırlıq işləri aparılıb və proqram bank sistemindəki yeni ideyaları və tendensiyaları əks etdirir. Treninq Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilib. Tələbələr pul siyasətinin hədəfləri, məzənnə sabitliyi, Mərkəzi Bankın vəzifə, funksiyaları və onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumatlar əldə ediblər. Tələbələr bank sisteminin quruluşu, onun müxtəlif iştirakçıları, bankların üzləşdiyi risklər, risk idarəetməsi mexanizmləri, müxtəlif maliyyə alətlərinin mahiyyəti, onları müqayisə etmək üsulları ilə tanış olublar. Eyni zamanda tələbələrə Mərkəzi Bankda işə qəbul prosesi, o cümlədən Mərkəzi Bankın internatura proqramı barədə ətraflı məlumat verilib.
Devamını Gör »

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ı təsdiq edildi

Nazirlər Kabinetinə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək tapşırılıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda Nazirlər Kabinetinə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulmuş tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək tapşırılır.
Sərəncamda qeyd edilir ki, İqtisadi İnkişaf Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Devamını Gör »

Bərdədə qaçırılan qız ailəsinə qaytarılıb

Mayın 2-də Bərdə rayonunda 20 yaşlı qız qaçırılıb.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bərdə şəhər sakini R.İ ərizə ilə müraciət edərək qızı V.-nin bir neçə şəxs tərəfindən zor gücü ilə qaçırıldığını bildirib. O ərizəsində bildirib ki, Famir adlı şəxs və qeyriləri həmin gün qız işə gedərkən qəfildən onu maşına salaraq aparıblar.


Araşdırma zamanı müəyyən edilib ki, 1991-ci ildə anadan olmuş V.-ni mayın 2-də saat 14.00 radələrində Bərdə şəhər Nizami küçəsi ərazisində işə gedərkən Bərdə şəhər Xətai küçəsi ev 21 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Səfixanov Famir Nazim oğlu, qardaşı, 1995-ci il təvəllüdlü Səfixanov Tofiq Nazim oğlu və digər bir nəfər şəxslə birlikdə VAZ 2107 markalı, 10 NS 772 dövlət qeydiyyat nişanlı avtomobillə qaçırıb.


Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin avtomobil göstərilən şəxslərlə birlikdə mayın 3-də saxlanılıb. Qaçırılan qız tapılaraq ailəsinə təhvil verilib.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Devamını Gör »

“Mançester Yunayted” “Barselona”ya doğru

Mayın 4-də futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin daha bir cavab görüşü keçiriləcək.

Lent.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 23:45-də İngiltərənin “Mançester Yunayted” klubu Almaniyanın “Şalke 04” komandasını qəbul edəcək.

Fəlakət baş verməsə, finalda İspaniya “Barselona”sının rəqibi “Mançester Yunayted” komandası olacaq. Çünki “qırmızı şeytanlar” ilk yarımfinal matçında “Şalke 04”ü səfərdə 2:0 hesabı ilə yeniblər. Komandanın veteranı Rayan Giqqz bu mövsüm ilk qolunu məhz həmin oyunda vurub. Digər topun müəllifi isə Ueyn Runi olub. Mançesterdəki “Old Trafford” stadionunda oynanılacaq təkrar qarşılaşmaya baş məşqçi Aleks Ferqyusonun komandası böyük üstünlüklə çıxacaq. Həm bu amili, həm də aprelin 8-də “Çelsi” ilə Premyer Liqada keçirəcəyi vacib oyunu nəzərə alan Ferqyuson bugünkü cavab görüşündə komandanın bir neçə liderinə istirahət verə bilər.

Amma
Devamını Gör »

İqbal Ağazadə: “Bu birlikdə təmsil olunmaq niyyətimiz yoxdur”

“Biz parlament müxalifət qrupunda birləşən partiyalara normal münasibət bəsləyirik. Onların birliyinə də normal yanaşırıq. Lakin ümumilikdə, bu birlikdə təmsil olunmaq niyyətimiz yoxdur”.

Bu sözləri Lent.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, mayın 4-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında parlamentdə təmsil olunan 4 partiyanın – VHP, Böyük Qurtuluş Partiyası, Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyalarının parlament müxalifət qrupu yaratması məsələsinə münasibət bildirərkən belə söyləyib.

İ.Ağazadə deyib ki, həmin partiyaların Azərbaycan Konstitusiyasında da göstərildiyi kimi bir-biriylə birləşmək hüququ var: “Görünür, parlament müxalifət qrupunda birləşən partiyalar öz siyasi fəaliyyətlərində yaxınlıq hiss ediblər”.

Yaradılan qrupa qoşulmaq barədə onların müraciət edilmədiyini qeyd edən partiya sədri bu addımın da doğru olduğun vurğulayıb: “Hansısa partiya ilə ümumi siyasi tələbələrimiz müəyyən məsələlərdə üst-üstə düşə bilər. lakin bu o demək deyil ki, biz gedib həmin partiya ilə birləşməliyik”.
Devamını Gör »

Ağsuda “Aşıqlar Festivalı” keçiriləcək

Aprelin 6–da Ağsu rayonunda Şirvan aşıqlarının festivalı keçiriləcək.

Lent.az-ın məlumatına görə, Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçiriləcək festivalda Şirvan bölgəsindən olan sənətçilərlə yanaşı, ətraf rayonlardan da xeyli saz-söz ustaları dəvət olunub.


Bir neçə gün davam edəcək aşıq festivalında tanınmış Şirvan aşıqlarının repoertuarına müraciət olunacaq.


Qeyd edək ki, Şirvan aşıq məktəbi Azərbaycan mədəniyyətinə xeyli sayda istedadlı sənətçilər bəxş edib. Əsası Aşıq Şakir və Aşıq Bilal kimi sənəntkarlar tərəfindən qoyulmuş məktəbin onlarla nümayəndəsi ölkənin müxtəlif yerlərində fəaliyyət göstərir.
Devamını Gör »

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı təsdiqləndi

Azərbaycan prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

“APA-ECONOMICS”in məlumatına görə, Nazirlər Kabinetinə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulmuş tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək tapşırılıb.

İqtisadi İnkişaf Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat verəcək.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı