21 Haz 2011

BMT İran üzrə özəl məruzəçisini müəyyənləşdirdi

BMT-nin İnsan Haqları üzrə Şurası Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahidini İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçisi təyin edib.

“Reuters”in məlumatına görə, bu vəzifə 10 ilə yaxın boş qalıb. Şura İranda müxalifətin təqib edilməsi və ölüm hökmlərinin çoxluğundan rahatsızlığını da ifadə edib. BMT Tehran hakimiyyətini xüsusi məruzəçi ilə əməkdaşlıq etməyə çağırıb.

Qeyd edək ki, Güney Azərbaycan türklərinin milli haqlarını təmin olunmasını istəyənlərə qarşı da İran rəhbərliyi sərt davranır. Onlar təqib edilir və həbs olunurlar. İran parlamentinin deputatları - Məhəmməd Kərim Abidi və Zöhrə İlahian jurnalistlərə açıqlamalarında Əhməd Şahidi qəbul etməyəcəklərini bildiriblər.


Ölkə məclisinin insan hüquqları komitəsinin sədr müavini Məhəmməd Kərim Abidi deyib: “Bizim komitə keçirdiyi bir neçə iclasda bu şəxs barədə müzakirələr aparıb. Onun ölkəyə buraxılmaması barədə qərar qəbul etmişik”. Z.İlahian isə BMT-nin nümayəndə təyin etməsinin arxasında gizli və qərəzli siyasi məqsəd yatdığını vurğulayıb: “Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahid müsəlman olsa da, onu qəbul etmək mümkün deyil. O, yalnız bir turist kimi İrana gələ, ölkənin müxtəlif tarixi və görməli yerlərini ziyarət edə bilər”.


BMT-nin açıqlamasına görə, İran İslam Respublikası 2005-ci ildən bu yana qurumun nümayəndələrini İrana buraxmır.
Devamını Gör »

Gəncədə 25 yaşlı oğlan bacısının başını kəsdi

4 uşaq anası olan qadının bədənində 30 bıçaq zərbəsi aşkarlanıb


Bu Gəncə şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əziz Əliyev küçəsi, ev 175-də yaşayan 1986-cı il təvəllüdlü Nadirov Maarif Mətləb oğlu saat 14.00 radələrində yaşadığı evdə bacısı, 1981-ci ildə anadan olmuş Hüseynova Mətanət Mətləb qızını xüsusi amansızlıqla öldürüb. O, 4 uşaq anası olan bacısını çoxsaylı bıçaq zərbələri endirərək həyatına son qoyub.


Bıçaq yaralarının əksəriyyəti 30 yaşlı M.Hüseynovanın boğaz nahiyəsində aşkarlanıb.

Qeyri-rəsmi məlumata görə, hadisə namus üstündə baş verib. Faktla bağlı cinayət işi başlanılıb. M.Nadirov saxlanılıb.
Devamını Gör »

17 May 2011

Rusiya avtomobil bazarında liderliyi ələ alır

 Yaxın aylarda Rusiya avtomobil satışına görə Fransa və İtaliyanı qabaqlayacaq.

Ekspertlər hesab edir ki, təzə avtomobillərin satışına görə Rusiya bu il yalnız Almaniyadan geri qalacaq. Lent.az-ın “novgorodauto.ru” saytına istinadla xəbərinə görə, Şimal qonşumuzda bu il 2.4 milyon təzə avtomobil satılacaq. Almaniyada isə bu rəqəm 3.14 milyona bərabər olacaq.

Fransada bu il 2.07, İngiltərədə 1.94, İtaliyada isə 1.9 milyon avtomobil satılacağı ehtimal edilir.

Rusiyada avtomobil satışının artmasına səbəb hökumətin ötən il başladığı utilizasiya proqramı olub.
Devamını Gör »

9 yaşlı sərxoş sürücü

İngiltərənin şimalındakı Cumbria qəsəbəsində 9 yaşlı uşaq içkili vəziyyətdə avtomobil idarə edərkən yaxalanıb.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, polis yaşı çox az olduğu üçün uşağı sərbəst buraxıb. Son 2 ildə İngiltərənin şimalında yetkinlik yaşına çatmamış 2 min 467 azyaşlı sürücü saxlanılıb. Polis bildirib ki, saxlananlar arasında 10, 11 yaşlı uşaqlar var, onlar əsasən avtomobil oğurlayarkən yaxalanıblar.
Devamını Gör »

Fatih Terim: ““Qalatasaray”ın adı varsa...”

Türkiyəli mütəxəssis Fatih Terim “Qalatasaray” futbol klubundan aldığı baş məşqçilik təklifini dəyərləndirib.

Lent.az-ın məlumatına görə, 58 yaşlı “İmperator” klubunun yeni prezidenti Ünal Aysalın təklifinə müsbət reaksiya verib.

“Lig TV”də “Qalatasaray”ın UEFA Kubokunu qazanmasının 11-ci ildönümü münasibətilə hazırlanan verilişə telefonla qatılan Terim deyib: “Qalatasaray”ın adı varsa, bəzi şeylərin üzərində çox dayanılmır. Gerisi təfərrüat olur. İnşallah, danışıqlar nəticəsində bir şey alınacaq. Hər şeyin xeyirlisi olsun. Ən önəmli məsələ budur”.

Təcrübəli mütəxəssis “Ali Sami Yen” stadionuna ilk dəfə 1974-cü ildə ayaq basdığını xatırladıb və 2011-ci ildə də “Qalatasaray”ı “bizim yuvamız, bizim klubumuz” adlandırıb. Terim 2000-ci ildəki kimi pressinq tətbiq edən bir komandanın sonradan formalaşmadığını bildirərək, məhz belə bir komanda yaradacağını söyləyib. O, UEFA Kubokunu qazanmış futbolçular üçün “İnşallah, bu ölkə sizi heç unutmayacaq" deyib.
Devamını Gör »

“Bugatti”yə rəqib gəlir?

İngiltərənin “Mclaren” şirkəti yeni “Mega Mac” modeli üzərində işləyir.

XezerXeber-in “auto123.com”a istinadla xəbərinə görə, 2014-cü ildə satışa çıxarılacaq bu modellə ingilislər “Bugatti Veyron”a rəqib hazırlamaq istəyirlər.

Qiyməti 500 000 avro olacaq avtomobil cəmi 500 ədəd hazırlanacaq. avtomobil 799 at gücü V8 mühərriklə təchiz ediləcək. Maksimal sürəti 321 km/saat olacaq avtomobil 100 km/saata cəmi 2.8 saniyəyə çatacaq. Maksimal sürətə çatmaq üçün isə cəmi 22 saniyə sərf ediləcək.

İdman modellərinin şassisi üzərində hazırlansa da, avtomobil görünüşcə “Formula 1” modellərindən fərqlənəcək.
Devamını Gör »

“Mingəçevir” SES-in sel sularının qəbuluna və buraxılmasına hazırdır

Hidroaqreqatlar sökülüb, yenilənir

“Mingəçevir” və “Varvara” su elektrik stansiyalarının (SES) daxil olduğu “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə yenidənqurma işləri aparılır. Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, yenidənqurma layihəsi çərçivəsində “Mingəçevir” SES-də yeni Baş İdarə Şitinin tikintisinə başlanılıb.


Bir saylı hidroaqreqat tam sökülüb, üç saylı hidroaqreqatın turbininin quraşdırılması üçün hazırlıq işləri görülür. Yeni 110 kV-lik yarımstansiyanın da tikintisinə başlanılıb. Eyni zamanda yardımçı tikililərin də tikintisi davam etdirilir.


“Varvara” SES-də isə 1 və 3 saylı hidroaqreqatlar sökülüb və 2 saylı hidroaqreqatda bu işlər davam etdirilir. Eyni zamanda aşağı məcrada sağ və sol sahildə təmir-bərpa işləri aparılır.


Silsilə üzrə yaz-yay daşqını üçün tərtib edilmiş tədbirlər planı da yerinə yetirilib. Stansiya sel sularının qəbulu və buraxılmasına tam hazırdır.
Devamını Gör »

15 May 2011

Türkmənistan qazını Azərbaycan üzərindən Avropaya ötürəcək

Aşqabad ilk dəfə AGRİ layihəsinə qoşulmaq niyyətində olduğunu rəsmən açıqlayıb


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rumıniyaya 3 günlük səfərini başa vuraraq ölkəsinə dönüb. Lent.az-ın “haberaktuel.com” saytına istinadən verdiyi məlumata görə, Qurbanqulu Berdıməhəmmədovun Rumıniya səfəri zamanı əsas müzakirə mövzusu türkmən qazının Rusiyadan yan keçməklə Avropaya ixracı olub.

Əsas diqqət “Nabucco” və AGRİ (Azerbaijan - Georgia - Romania Interconnector) layihələrinə yönəlib. Türkmənistan ilk dəfə AGRİ layihəsinə qoşulmaq niyyətində olduğunu rəsmən açıqlayıb. Qurbanqulu Berdıməhəmmədovun rumıniyalı həmkarı Trayan Basesku ilə görüşündən sonra yayımlanan prezidentlərin ortaq açıqlamasında da bu, xüsusi qeyd edilib. Hər iki tərəf enerji sahəsində əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib, türkmən qazını Avropaya, xüsusən Rumıniyaya “Nabucco” və AGRİ layihələri çərçivəsində ötürülməsinin önəmli olduğu vurğulanıb.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında imzalanan AGRİ layihəsi Azərbaycan təbii qazının boru kəməri ilə Gürcüstanın Poti limanında tikiləcək qaz zavoduna ötürülməsini, bu zavodda qazın yüksək təzyiq altında mayeləşdirilməsini, maye qazın da tankerlərlə Qara dəniz üzərindən Rumıniyanın Köstence limanına daşınmasını və bu limandakı terminalda yenidən təbii qaz halına gətirilməsini, sonradan Rumıniya üzərindən boru xətti ilə Avropaya ötürülməsini nəzərdə tutur.

Avropa Birliyi ilə təbii qaz ixracı məsələsində əməkdaşlığa hazır olduqlarını bildirən Qurbanqulu Berdıməhəmmədov deyib ki, əsas məsələ siyasi iradə, eyni zamanda qaz ixracı ilə bağlı Türkmənistan, Avrorpa Birliyi və Azərbaycan arasında anlaşmadır. O, qəti addımların atılması və konsorsiumun qurulması üçün yeni imkanların açıldığını vurğulayıb. Qurbanqulu Berdıməhəmmədov Türkmənistan üçün Azərbaycan və Gürcüstanın Avropaya bir koridor rolunu oynadığını vurğulayıb.
Devamını Gör »

Şimşək çaxacaq, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 15-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Devamını Gör »

Azərbaycan “Eurovision”a ev sahibliyini təsdiqləyən sənədi aldı

Adil Kərimli: “Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək”

“Azərbaycanı bu qalibiyyət münasibəti ilə təbrik edirəm. Azərbaycanının bu yarışmanı yüksək səviyyədə həyata keçirəcəyinə əminik”. APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri “Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand deyib. İcraçı direktor Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. Jon Ola Sand Azərbaycana bu məsuliyyətli işdə uğurlar arzulayıb və bütün Azərbaycan xalqını qalibiyyət münasibəti ilə təbrik edib.
Adil Kərimli APA-ya açıqlamasında bu qələbə sevincini bölüşüb: “Bu qələbə sevinci inanılmaz bir hissdir. Hələ də bu sevincə inana bilmirik, bizə elə gəlir ki, başqasının sevincinə sevinirik. Bu bütün türk dünyasının qələbəsidir. Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək. Müsabiqədə iştirakımız boyu dövlət başçımız cənab İlham Əliyev hər zaman bizə dəstək olub və buna görə dövlət başçımıza təşəkkür edirik”. A.Kərimli deyib ki, Azərbaycan gedər-getməz “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq mərhələsinə başlanılacaq. Dördüncü dəfə iştirak ərzində Azərbaycanın ən yüksək dərəcələri əldə etdiyini vurğulayan A.Kərimli, bu tezliklə Azərbaycanın qələbə qazanmasını ölkəmizin bu müsabiqəyə ciddi hazırlığı ilə əlaqələndirib.
Devamını Gör »

Prezident və birinci xanım qalibləri təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala zəng edərək, onları Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Evrovision - 2011“ mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıblar.

APA-nın xəbərinə görə, prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, prezident və xanımı gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutmasını Eldar və Nigarın qələbəsi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin və xalqımızın böyük uğuru olduğunu vurğulayıblar.

Eldar Qasımov və Nigar Camal təbrikə görə Azərbaycan prezidentinə və xanımına dərin minnətdarlıqlarını bildirib, qələbəyə aparan yolda onlara daim göstərilən dəstəyə, diqqət və qayğıya görə təşəkkür ediblər.
Devamını Gör »

“Eurovision” qaliblərinə xüsusi təyyarə ayrıldı

Almaniyadakı heyətimiz və qaliblər bu gecə dönür

Azərbaycan “Eurovision“ qələbəsi yaşadan Eldar Qasımov və Nigar Camal onları müyiət edən nümayəndə heyəti ilə birlikdə Azərbaycana dönürlər.

APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, qalib təmsilçilərimiz üçün AZAL Dövlət Konserni tərəfindən xüsusi təyyarə ayırılıb.

Təyyarənin Heydər Əliyev Beynəlxalq Hava Limanına səhər saat 05:00 radələrində enəcəyi gözlənilir.

APA-nın müxbiri xəbər verir ki, bütün Avropa, eyni zamanda bu il müsabiqəyə ev sahibliyi edən Almaniyanın çoxsaylı televiziya kanalları və radio dalğalarında qalib təmsilçilərimizdən danışılır. Bütün radio dalğaları Eldar Qasımov və Nigar Camalın ifa etdiyi “Running Scared” mahnısını səsləndirirlər. Şəhərin mərkəzi küçələrində əcnəbilər belə, Azərbaycan bayrağını dalğalandırırlar. Hər kəs Azərbaycan nümayəndə heyətini təbrik edir və ölkəmizə gəlmək istəyini bildirirlər.

Onu da bildirək ki, mayın 14-də keçirilən final mərhələsindən sonra Düsseldorf şəhərinin ən böyük əyləncə məkanlarından birində Azərbaycanın qalibiyyəti qeyd olunub. Azərbaycanın adı ilə bağlı olan bağlanış tədbirində digər ölkə təmsilçiləri də iştirak ediblər.
Devamını Gör »

“Biz Eurovisionu ugurlu təşkil edəcəyik!”

EBU-nun baş direktoru İnqrid Deltenre: “Əminəm ki, Azərbaycan “Eurovision-2012”-ni möhtəşəm şəkildə həyata keçirəcək

Avropa Yayım Birliyinin (EBU) baş direktoru İnqrid Deltenre “Eurovision-2011” müsabiqəsində qələbə qazanan Azərbaycanı təbrik edib, ölkəmizin bu müsabiqənin ən yüksək səviyyədə təşkil edəcəyindən əminliyini dilə gətirib.

APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, EBU-nun baş direktoru İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovla görüşüb.

“İctimai Televiziyanın 2010-cu ilin iyulunda Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının yay sessiyasına necə ev sahibliyi etdiyini çox gözəl xatırlayıram. Belə Baş Assambleya EBU-nun tarixində yenilik idi. Əminəm ki, 2012-ci ildəki “Eurovision” müsabiqəsi də möhtəşəm olacaq“.

İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov Azərbaycanın bir çox möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, ölkəmizin son illərdə əldə etdiyi uğurları xatırladaraq, Azərbaycanın bu beynəlxalq layihəni də uğurla təşkil edəcəyini söyləyib.

İctimai Teleradionun baş direktoru tədbirin Azərbaycanda yüksək səviyyədə təşkili üçün bütün imkanların olduğunu qeyd edərək, tezliklə müsabiqənin təşkilatı məsələlərinin müzakirəsinə başlanacağını deyib.
Devamını Gör »

Biz bacardıq!

İlk dəfədir ki, böyük fərəhin yaratdığı həyəcan içində kompüter arxasına keçirəm; ilk dəfədir ki, barmağımdan monitora tökülən hərflərin belə sevindiyini hiss edirəm...

İllərdir belə sevinmədik, illərdir qələbə arzuladıq, bəzən dostların, qardaşların qələbəsini öz uğurumuz bilib yaşadıq. Amma ötən gecə ÖZ QƏLƏBƏMİZİ yaşadıq.

Bütün hallarda qələbə – bir millətin ruhunun ayaqda qalması, öz ölkəsi və Vətəni ilə fəxr etməsi, qürurunun qaytarmasını saxlayan əsas faktdır. Bu qələbə güclülərin yarışmasında əldə ediləndə, idraka, intellektə, sənətə əsaslananda, Avropanın nəzərlərinin dikildiyi bir mədəniyyət paytaxtında qazanılanda daha gözəl olur.

Bəli, biz bacardıq – Avropanın ən ünlü musiqi yarışmasında kiçik, bir çoxlarının görmədiyi, görmək istəmədiyi Azərbaycanın dillərdə dolaşmasını, diqqətə gəlməsini duymaq çox xoşdur!

Biz bacardıq – 4 illik çalışmalar, əziyyətlər öz bəhrəsini verdi;

Biz bacardıq – öz mədəniyyətimizlə bir Avropa dövləti olduğumuzu, Avropa dəyərlərini bölüşdüyümüzü, Avropa geomədəni çevrəsində yaşadığımızı sübut etdik.

Avropa insanı da artıq Azərbaycanı qəbul etməyə hazır olduğunu nümayiş etdirdi.

Bu qələbənin fərəhini artıran çalarlar çoxdur: illərdir bu yarışmaya qatılan, hətta bir dəfə qalib olmağı bacaran Türkiyə finala vəsiqə qazana bilməmişdi. Türkiyənin bir xəyal qırıqlığı vardı; Azərbaycan finala çıxdı, yarışdı, qazandı və… Qələbənin müəlliflərindən biri - Nigar səhnəyə Türkiyə bayrağını da daşıdı.

Türkiyə yarışmadan kənarda qalsa da, qələbə yaşadı – bayrağı yarışmanın qalibi kimi dalğalandı.

Bir baxsanız Türkiyə mətbuatına? Nələr yazmırlar… «Biz qalib gəlsək, Azərbaycanın bayrağını da Türkiyə bayrağı ilə birgə qaldırardıqmı» ritorikası qardaş ölkəni silkələyir: Bir daha, bir daha və bir daha Azərbaycanın nümunə göstərdiyinə, qardaş sevgisi ilə Türkiyəni duyğulandırdığına bir heyrət və məftunluq bildirilir. Finala çıxmayan Türkiyəni qalib edən qardaş Azərbaycanı bir millətin ikinci dövləti bağrına basmağa hazır!

Dünyanın bütün telekanallarının baş xəbəri Azərbaycan!

Dünyanın bütün KİV-lərinin manşeti Azərbaycan!

Bu böyük qələbəni bir ermənilər qısqandı, – yarış bitər-bitməz gələn il Bakıda keçiriləcək «Avroviziya-2012» yarışmasına qatılmayacaqları barədə indidən xəbərdarlıq etdilər, - bir də erməni kimi düşünənlər.

Bəli, Azərbaycan «Avroviziya -2011»-in baş mükafatını Bakıya gətirdi. İlk dəfə olaraq coğrafi baxımdan Avropada olmayan bir Asiya ölkəsi Avropa yarışmasının qalibi oldu – Avropanın mədəni çevrəsi “Avroaziya”ya doğru genişləndi.

Biz yenə ilk olduq – ilk Cümhuriyyətimiz kimi, ilk demokratiya daşıyıcısı kimi… Azərbaycan Qərbin Şərqə açılan qapısı olduğunu bir daha sübut etdi; Azərbaycan Şərqin Qərbə doğru yönələn baxışlarının mərkəzləşdiyi bir məkan olduğunu yenə təsdiqlədi.

2009-cu ildə Azərbaycan İslam ölkələrinin mədəniyyət paytaxtı idi.

2011-ci ildə Azərbaycan Avropanın mədəni paytaxtına çevrildi.

Təsəvvür edirsinizmi, Azərbaycanın belə təbliğatı, bütün dünyanın dilində dolaşması üçün nələr lazımdır – illərmi, onillərmi? Milyardlarmı, onmilyardlarmı?

Demək çətindir. Amma Azərbaycan bunu qısa bir sürədə bacardı – öz mədəniyyəti, sənəti, dünyaya açıqlığı, tolerantlığı sayəsində.

Avropa onun dilində danışan bir Azərbaycanı axır ki, gördü, qəbul etdi, sıralarına qatdı.

Azərbaycan bir gecənin içində boyunun artmasını, böyüməsini yaşadı: insanlar gecə səhərə qədər qələbə sevincini yaşamaq, bölüşmək üçün küçələrə çıxdı – Bakı gecəsi gündüzə çevrildi.

Təki bütün gecələrimiz gündüzə çevrilsin!

Şübhəsiz ki, “Avroviziya” müsabiqəsinin seçim turlarında münsiflərin tərəfkeşlik etdiklərini daha kimsə dilinə gətirməyəcək!

Şübhəsiz ki, bizə qələbə yaşadanlara, bu qələbədə payı olanlara hamı minnətdar olacaq!

Şübhəsiz ki, düzgün qurulmuş xarici siyasi-mədəni kursu hamı dəstəkləyəcək!

Şübhəsiz ki, bütün şübhələr aradan qalxacaq!

Niyyət, amal safdırsa, məqsəd Vətənin adını ucaltmaqdırsa – hədəfə çatmaq həmişə şübhəsiz olur.

Bizə qələbə yaşadanlara təşəkkürlər!

Hamını – bütün sevinənləri, fərəhlənənləri, hətta hər uğurda bir «əmma» axtaran soydaşlarımızı, Azərbaycanı sevən hər kəsi təbrik edirəm.

Qoy, Bakının bundan sonra bütün açılan sabahları bugünkü kimi hamımıza sevinc, xoşbəxtlik gətirsin!
Devamını Gör »

10 May 2011

Rza Zərrabdan Ebru Gündəşə jest

Məşhur türk müğənni Ebru Gündəşə həyat yoldaşı azərbaycanlı iş adamı Rza Zərrab maraqlı jest edib.

XezerXeber-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rza Zərrab hazırda hamilə olan həyat yoldaşı üçün Bodrumdakı bir oteldə lüks nömrə kirayə götürüb. Ebru Gündeş iyulun 1-dən sentyabrın 1-ə qədər iki ay müddətində orada istirahət edəcək. O, hamilə müğənninin qızmar yay günlərində istidən əziyyət çəkməməsi üçün bu addımı atıb.

Rza Zərrabın Ebru üçün lüks nömrə sifariş etdiyi otel Bodrum Rixos Premium adlanır. Bu oteldə standart otaqların bir gecəlik məbləği 800 lirədir. Lüks nömrələrin bir günlük qiyməti isə 5 min dollardan başlayır.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı