30 Nis 2011

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklik edilir

Mayın 6-da Milli Məclisin növbəti iclası keçiriləcək.

Lent.az-ın Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.


Deputatlar ilk olaraq “İnsan Hüquqları üzrə Müvəkkil haqqında” qanuna edilmiş konstitusiya dəyişikliyi ilə bağlı təkrar səsvermə keçirəcəklər. Daha sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklə bağlı sənəd müzakirə olunacaq. Millət vəkilləri həmçinin neftlə bağlı bir neçə sazişi də müzakirəyə çıxaracaqlar.


Plenar iclasın gündəliyinə həmçinin Balakən rayonunun inzibati ərazi bölgüsü ilə bağlı məsələ də daxil edilib. İclasın gündəliyinə Gömrük Məcəlləsinin müzakirəsi də daxil edilib.
Devamını Gör »

Məşhur cütlük bal ayını Ölü dənizdə keçirəcək

Aprelin 29-da təntənəli toy mərasimi olan Böyük Britaniya şahzadəsi Uilyam və xanımı Keyt Middlton bal aylarını keçirəcəyi məkan məlum olub.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Uilyam və Keyt İordaniyadakı Ölü dənizdə istirahət etməyi və dünyanın ən böyük çöl landşaftı
Devamını Gör »

İsmayıllı sakini Dubaydan ov bıçaqları gətirib

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı, İsmayıllı rayon sakini Mustafayev Rahil Orucalı oğlu gömrük nəzarətindən keçərkən əl yükünə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin əməkdaşları tərəfindən gömrük baxışı keçirilib.

Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2 ədəd üzərində “Columbia U.S.A SABER” sözləri yazılmış bıçaq araşdırma məqsədilə götürülüb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert arayışına əsasən tədqiqata təqdim edilən 2 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarıdır və soyuq silah olduğu müəyyən edilib.
Devamını Gör »

Ançelotti istefaya hazırdır

Londonun “Çelsi” klubunun baş məşqçisi Karlo Ançelotti uğursuz mövsüm keçirdikləri üçün istefaya hazır olduğunu etiraf edib.

Lent.az-ın verdiyi məlumata görə, Karlo Ançelotti “Football İtalia” nəşrinə müsahibəsində deyib ki, “Çelsi” ilə hələ 1 illik müqaviləsi olsa da, belə klubda hamı qələbə qazanılmasını hədəf sayır və qələbə olmayanda dəyişiklik barədə düşünür.

Baş məşqçi hələ ki, bu mövsümü yekunlaşdırmağı zəruri sayıb: “Sonrasına baxarıq. Mən “Çelsi”də qalmağı arzulayıram. Əgər azad edilsəm, digər variantlara baxarıq”.

Qeyd edək ki, Karlo Ançelotti “Çelsi” komandasına 2009-cu ildən rəhbərlik edir. O, bundan əvvəl “Milan” klubunun baş məşqçisi olub. Hazırda londonlular İngiltərə premyer-liqasında ikinci yerdədir və lider “Mançestr-Yunayted”dən 6 xal geridə qalır. “Çelsi” Çempionlar Liqası, İngiltərə Kuboku və İngiltərə Liqası Kubokunda da uğur qazana bilməyib.
Devamını Gör »

Suriyadan Türkiyəyə qaçış başladı

Ankara təşvişə düşüb

Suriyada rejimin təzyiqlərindən qaçan suriyalılar Türkiyəyə axışmağa başlayıblar. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında artıq 250 nəfərlik ilk qrup Hatayın Yayladağ rayonunda sərhəddən Türkiyəyə keçib.


Suriyalılar müvəqqəti olaraq rayon mərkəzindəki idman zalında yerləşdiriliblər. Onların 145-i kişi, 44-ü qadın, 61-i uşaqdır. Suriyalılara isti yemək verilib. Türkiyə Qızıl Aypara Cəmiyyəti qaçqınlar üçün çadır qurulacağını açıqlayıb. Sərhəddə qaçqın köçünün qarşısını almaq üçün bölgəyə əlavə hərbi qüvvələr gətirilib. Suriya sərhədində Türkiyəyə keçmək istəyən minlərlə insan toplaşmaqdadır.


Türkiyə hökuməti isə ölkəyə 100 minlərlə qaçqının gəlməsindən qorxmağa başlayıb. Parlament seçkilərinə hazırlıq məqsədi ilə Konyada olan xarici işlər naziri Əhməd Davudoğlu da səfərini yarımçıq qoyaraq dünən axşam saatlarında təcili Ankaraya dönüb. Əhməd Davudoğlu Xarici İşlər Nazirliyinin binasında daxili işlər naziri Osman Güneş, Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini Arslan Güner, Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Suriyanın Türkiyədəki səfəri Ömer Önhonun iştirakı ilə iclas keçirib. Saat 21:30 radələrində başlayan toplantı 2 saat çəkib, Suriyadan Türkiyəyə köçlə bağlı tədbirlər müzakirə edilib.
Devamını Gör »

Qəribə olay

“Bomj” oğurladığı pulları avtobusda sərnişinlərə paylayıb

ABŞ-ın Florida ştatında qəribə olay baş verib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Florida ştatının Sent-Pitersberq şəhərində Elmer Makqirt adlı 27 yaşlı “bomj” “Wachovia” bankının şöbəsini talan edib.

Elmer Makqirt hadisə yerindən uzaqlaşmaq üçün ictimai nəqliyyatdan istifadə etməyə qərar verib. Avtobusa daxil olan Elmer Makqirt sərnişinlərə pul paylamağa başlayıb. Polis sürücü ilə əlaqə saxlayıb və sürücü mühərrikin nasaz olması bəhanəsi ilə avtobusu saxlayıb. Sürücülər salonu tərk edən zaman oğru həbs olunub.

Elmer Makqirtdən pul alan sərnişinlərin bir hissəsi həmin pulları qaytarsalar da, bəziləri pulu götürərək aradan çıxmağı bacarıblar. Elmer Makqirtin bankdan nə qədər pul oğurladığı və həmin pulun hansı hissəsinin geri qaytarıldığı açıqlanmır.
Devamını Gör »

Çin istehsalı olan 192 telefon müsadirə edilib

Telefonlar avtomobillərin yanacaq çənlərində gizlədilib

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və “Sınıq-Körpü” gömrük postunun əməkdaşları Gürcüstan Respublikasından Azərbaycana gələn Gəncə şəhər sakini Hüseynov Mahir Bəhram oğlunun etibarnamə ilə idarə etdiyi “Mersedes-Benz 290 D” markalı “10-XF-290” dövlət nömrə nişanlı minik avtomobilinə “Sınıq-körpü” gömrük postunda gömrük nəzarəti həyata keçiriblər. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gömrük nəzarəti zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerində ümumi dəyəri 10910 manat olan 91 ədəd Çin istehsalı olan mobil telefonlar və onlara aid 220 ədəd mobil telefon aksessuarları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.


Eyni gündə Gürcüstan Respublikasından Azərbaycana gələn Marneuli rayonu sakini Əliyev Faiq Nəsib oğlunun etibarnamə ilə idarə etdiyi “Mersedes-Benz 190” markalı “10-OJ-182” dövlət nömrə nişanlı minik avtomobilinə “Sınıq-körpü” gömrük postunda gömrük nəzarəti həyata keçirilib. Gömrük nəzarəti zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerindən və qabaq sağ və sol qanadlarının üzlüklərinin altında 101 ədəd Çin istehsalı olan mobil telefonlar və onlara aid 389 ədəd mobil telefon aksessuarları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.
Devamını Gör »

Müxalifətçi gənclər ADNA-da hadisələrinin ildönümü ilə bağlı tədbir keçiriblər

Bu gün bir qrup gənc Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətlin ikinci ildönümü ilə bağlı tədbir keçirib.

APA-nın məlumatına görə, AXCP, Müsavat, ADP Gənclər Təşkilatlarının, 10 Dekabr”, “Azad Gənclik” və “Nida” təşkilatından olan gənclər Cəfər Cabbarlının heykəlinin qarşısından ADNA-nın faciə baş verən ikinci korpusunadək yürüş edib. Daha sonra aksiya iştirakçıları ADNA-nın ikinci korpusunun qarşısına gül düzüb, şamlar yandırıblar.
Devamını Gör »

Sərdar Cəlaloğlu İctimai Palatanın qərarını təqdir etdi

“İctimai Palatanın keçirdiyi aksiyalara geniş xalq kütləsinin xüsusi marağı olmayıb”

“Əgər söhbət İctimai Palatanın gücünün nümayiş etdirilməsindən gedirsə, artıq bu güc göstərilib. Bu mənada, mitinqlərin keçirilməsinə heç bir ehtiyac yoxdur. Yox, əgər mitinqlərin keçirilməsi siyasi inkişafa nail olmaq məqsədi güdürsə, bu cür mitinqlərlə siyasi inkişafa nail olmaq olmaz. Ona görə də İctimai Palatanın mitinqlərin keçirilməməsi ilə bağlı mövqeyini düzgün və mövcud şəraitə ən adekvat qərar hesab edirəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, İctimai Palata (İP) iki aksiya keçirib, lakin həmin aksiyalara geniş xalq kütlələrinin xüsusi marağı olmayıb, aksiyalarda yalnız partiya funksionerləri və tərəfdarları iştirak ediblər: “Bununla isə ölkədə siyasi dəyişikliyə nail olmaq mümkün deyil”.

S. Cəlaloğlu İP-nin aksiyaları dayandırmasını “müvəffəqiyyətli geriçəkilmə” adlandırıb: “Bu anlayış hərbdə də, siyasətdə də var. Yəni, geri çəkilmə məğlub olma əlaməti deyil, bir taktikadır”.

ADP sədri deyib ki, ölkədə siyasi dəyişilmələr üçün lazım olan şəraiti hazırlamadan mitinqlərin keçirilməsinin heç bir mənası yoxdur. “İctimai Palatanın taktikası hazırda Azərbaycanda ciddi siyasi proseslərin qarşısını alır”- deyə, S. Cəlaloğlu fikrini tamamlayıb.
Devamını Gör »

Kilsə torpaqlarını bölüşə bilməyən iki dövlət yenə silaha əl atdı

Bu gün Tailand və Kamboca hərbi qüvvələri arasında növbəti atışma baş verib.

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Tailandın Surin əyaləti ilə sərhəddə baş verən silahlı qarşıdurma yarım saatdan çox çəkib.


Ölən və yaralananlarla bağlı məlumat verilmir.


Qeyd edək ki, artıq 9-cu gündür ki, 2 ölkə arasında hərbi qarşıdurma davam edir. Bu müddət ərzində 16 hərbçi həlak olub, 70-dən çox hərbçi yaralanıb. Tərəflər münaqişə zonasından 100 min nəfərə qədər dinc sakini evakuasiya ediblər. Bu həftənin dördüncü günü münaqişə tərəfləri atəşin dayandırılması barədə razılığa gəlsələr də, cümə günü atəşkəs pozulub. Tərəflər bu məsələdə bir-birlərini ittiham edirlər.

Xatırladaq ki, Tailand və Kamboca arasında ərazi mübahisəsi YUNESKO-nun dünya irsi siyahısına salınmış XI əsrə aid olan Prea Vixear kilsəsi ilə bağlı verdiyi qərardan sonra yenə başlayıb. Beynəlxalq Məhkəmənin qərarı ilə iki ölkə sərhədində yerləşən kilsə Kambocaya verilib, kilsənin ətrafındakı torpaqlar barədə isə qərar çıxarılmayıb. Tailand bu torpaqları mübahisəli ərazi sayır. Kamboca isə Tailandın iddialı olduğu bu əraziləri mübahisəli saymır və öz torpaqları hesab edir.
Devamını Gör »

Elektrik enerjisinin dəyərinin ödənişində böyük artım qeydə alınıb

Azərbaycanda istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində artım qeydə alınıb.

Lent.az-ıns “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin mart ayında 591,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib, ümumi ödəniş isə 79 faizdən çox olub.


Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 7 faizə yaxın olub. Daimi əhali istehlakçı qrupu üzrə istehlak 218,5 milyon kilovatsaata yaxın olub və bu da ötən ilin eyni dövründəki göstəricidən 18,4 milyon kilovatsaat azdır. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,2 faiz artaraq 81 faizi keçib.


Mart ayında ümumi ödəniş üzrə 5 elektrik şəbəkəsində (EŞ) ötən ayların debitor borcu nəzərə alınmaqla, 100 faiz və ondan yuxarı, 6 EŞ-də isə 95 faiz və ondan yuxarı nəticə qeydə alınıb. Ümumiyyətlə, hesabat ayında ümumi ödənişdə yüksək göstərici “Ağstafa” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 103,9%), ən aşağı “Sabirabad” EŞ-də (37,1%) qeydə alınıb.


Daimi əhali istehlakçı qrupu üzrə ödənişdə isə 11 EŞ-də ötən ayların debitor borcu nəzərə alınmaqla, 100 faiz və ondan yuxarı nəticə qeydə alınıb. Bu istehlakçı qrupu üzrə hesabat ayında ən yüksək göstərici “Ağstafa” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 108,6%), ən aşağı göstərici isə “Sabirabad” EŞ-də (26,1%) olub.


Xatırladaq ki, “Azərenerji” ASC-nin əsas funksiyası Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalının və ötürülməsinin idarə edilməsini həyata keçirməkdir.
Bununla yanaşı, Səhmdar Cəmiyyət hazırda Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını da həyata keçirir.
Devamını Gör »

Dera şəhərinə yeni hərbi qüvvələr yeridildi

Suriyada hökumət əleyhinə aksiyaların başladığı Dera şəhərinə yeni hərbi qüvvələr yeridilib.

Lent.az-ın”mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Dera şəhərinə 4 tank və 20 zirehli transportyor daxil olub.

Qeyd edək ki, Dera şəhərində 6 həftədir ki, aksiyalar davam edir. Dera hökumət əleyhinə hərəkatın mərkəzi sayılır. Şəhər bu həftənin birinci günü tank qoşunları tərəfindən mühasirəyə alınıb. Buna baxmayaraq, aprelin 29-da cümə namazından sonra insanlar küçələrə axışıblar. Aksiyaçılara atəş asılıb. 10 aksiyaçı və 4 hərbçi həyatını itirib.
Devamını Gör »

Kılıcdaroğlu: “Anam erməni deyil”

Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlu anasının erməni olması barədə mediada yazılanlara çox sərt reaksiya verib.

Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, “SNN Türk” telekanalında efirə çıxan “Liderlər Zirvəsi” proqramında jurnalistlərin suallarını cavablandıran Kemal Kılıcdaroğlu deyib ki, anasının erməni olması barədə yazılanlardan çox narahatdır.

O, bu məsələnin təkrar-təkrar gündəmə gətirilməsini başa düşmədiyini və bunu yazan media orqanları ilə hüquqi müstəvidə mübarizə aparacağını vurğulayıb: “Anamın erməni olması barədə yazılanlar tamamilə yalandır. Erməni olmaq ayıb deyil, onu da Allah yaradıb. Amma biz erməni deyilik. Anam oxuyub-yazmaq bilmirdi, rəhmətə gedib. Böyük bacım da dünyadan köçüb. Hətta bir dəfə bir jurnalist evimizə zəng edib, böyük bacım götürüb. Jurnalist erməni olub-olmadığımızı soruşub. O da “erməni deyilik, müsəlmanıq” deyərək telefonu qapayıb”.
Devamını Gör »

Ümid Partiyasında imtahan sabah davam edəcək

Bu gün saat 10:00-dan etibarən Ümid Partiyasının qərargahında partiyanın Dairə Seçki Komissiyalarındakı təmsilçilərini müəyyənləşdirmək məqsədilə imtahan keçirilib.

Partiyadan Lent.az-a verilən məlumata görə, imtahan başlamazdan əvvəl namizədlərlə görüşən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə prosesin əhəmiyyəti haqqında danışıb.

İqbal Ağazadə çıxışında qeyd edib ki, bu, Azərbaycan siyasi sistemində yeni bir ənənədir: “Ümid Partiyası Azərbaycan siyasi sistemində ilk dəfə olaraq bu qaydanı həyata keçirir və bu siyasi sistemin daha da demokratikləşməsinə, təkmilləşməsinə təkan verəcək. Hakimiyyətdən şəffaflıq istəyən təşkilat bunu öz daxilində reallaşdırmağı bacarmalıdır. Bu cəmiyyətdə yeni bir üsulun, ənənənin tətbiqidir”.

İmtahan komissiyasının rəhbəri, MSK üzvü Akif Qurbanov imtahanın prosedur qaydaları, nəticələrin necə hesablanması haqqında ətraflı məlumat verərək qeyd edib ki, 58 dairə üzrə Ümid Partiyası öz nümayəndələrini imtahan əsasında seçib müəyyən edəcək: “Rayon təşkilatlarının göndərdiyi nümayəndələr partiyanın mərkəzi orqanının qərarı əsasında yazılı və şifahi imtahandan keçməlidirlər. Yazılı imtahanda namizədlərə 20, şifahi imtahanda isə beş sual verilir. Onlara bu suallara cavab vermək üçün 1 saat müddət nəzərdə tutulub. Hər bir sual üçün maksimum 1 bal, orta cavab isə 0,5 balla qiymətləndiriləcək və ümumi maksimal bal 25 bal olacaq. Yazılı və şifahi imtahanın hər ikisindən birgə 13 bal toplayan namizəd imtahandan müsbət qiymət almış hesab ediləcək”.

Şifahi imtahan iki qrup üzrə həyata keçirilib. Partiya Ali Məclisinin sədri Ənvər Ağazadənin rəhbərlik etdiyi qrupa partiya sədrinin müavinləri Şəbnəm Karslı, Arif Paşa və Səməd Hətəmov daxil olub. İcra Aparatının rəhbəri Nəsimi Məmmədlinin rəhbərlik etdiyi digər qrupa isə partiya sədrinin müavini Rəfail Tağızadə və şöbə müdiri Razi Abbasbəyli daxil edilib.

İmtahanda rayon təşkilatlarının hər birindən bir neçə nümayəndə iştirak edib və mətbuat nümayəndələrinə prosesi müşahidə etmək üçün şərait yaradılıb. Namizədlərin sayının çoxluğunu nəzərə alaraq, yazılı imtahan 3 növbədə həyata keçirilib.

İmtahan prosesi başa çatmadığından növbəti gün davam etdirilməsi qərara alınıb. İmtahanının nəticələri əsasında namizədlərin DSK üzvlüyünə göndərilməsi təsdiq ediləcək.
Devamını Gör »

Yaponiya turistlərə açıq elan olundu

Yaponiyanın xarici işlər naziri Takeaki Matsumoto turistləri və biznesmenləri ölkəsinə dəvət edib.

Lent.az-ın verdiyi məlumata görə, xarici işlər naziri “İnternational Herald Tiribune” qəzetində yazdığı məqaləsində ölkəsinin biznes və turizm üçün açıq olduğunu vurğulayıb.

Takeaki Matsumoto yazıb ki, beynəlxalq təşkilatlar, Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı Yaponiyada müstəqil təhqiqatlar aparıblar və dövlətin apardığı işə obyektiv qiymət veriblər: “Bu beynəlxalq təşkilatlar hesab edirlər ki, artıq ölkədə fövqəladə tədbirlərin görülməsinə ehtiyac yoxdur. Mən oxucuları bizim məlumatlara etibar etməyə və ictimai rəyi çaşdıran “sensasiyalı” məlumatlara inanmamağa çağırıram. İnsanlar ürəklə dincəlmək, təhqiqat, biznes və digər məqsədlərlə Yaponiyaya gələ bilərlər”.

Qeyd edək ki, martın 11-də Yaponiyada dağıdıcı zəlzələ baş verib, ölkənin şərq sahillərini sunami dalğaları vurub. Təbii fəlakət “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) da qəzalı vəziyyətə düşməsinə səbəb olub. Yaponiya hökuməti artıq AES ətrafında təhlükəli radiasiya səviyyəsinin azalmaqda olduğunu açıqlayıb.
Devamını Gör »

Qəza törədən sürücülərin cəzası sərtləşdiriləcək

Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq

Azərbaycanda nəqliyyat qəzaları yaradan sürücülərin vəziyyəti bundan belə ağır olacaq.
Lent.az-ın məlumatına görə, bununla bağlı cinayət məsuliyyəti yaradan maddənin sanksiyasında dəyişiklik ediləcək.

Hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərdə nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinə görə sanksiyalar sərtləşdirilib.

Dəyişikliyə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda (263.1-ci maddə) 2 ilədək müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hazırda qüvvədə olan məcəlləyə görə isə, bu maddənin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub və bu cəza həm az ağır, həm də ağır zərər vurulması zamanı tətbiq olunur. Təklif olunan dəyişikliyə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı