6 May 2011

Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşüb

Mayın 6-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı səfiri Mixal Labendanı qəbul edib. 

XezerXeber-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.


Səfir də öz növbəsində, hər iki dövlətin müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini qeyd edib.
Devamını Gör »

Jurnalistlər indi də deputatlarla futbol oynayacaq

Mayın 12-də Azərbaycan jurnalistləri ilə Milli Məclisin deputatları arasında futbol matçı keçiriləcək.

Mətbuat Şurasından XezerXeber-e verilən məlumata görə, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Saat 16:30-da başlayacaq görüş Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq. Bu münasibətlə ilk oyun bu il martın 19-da “Şəfa” stadionunda jurnalistlərlə polislər arasında təşkil olunub.

Qeyd edək ki, tədbirlər planına jurnalistlərin veteran futbolçularla da matçının təşkili və idman mövzusunda yazan jurnalistlərin mükafatlandırılmaları da daxildir.
Devamını Gör »

Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşdan keçdi

Mayın 6-da Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi haqqında məsələ müzakirəyə çıxarılaraq, ikinci oxunuşdan keçib.

XezerXeber-in məlumatına görə, çıxış edən deputatlar layihənin ilk oxunuşa nisbətən daha da təkmilləşdirildiyini, mövcud olan bir sıra qeyri-dəqiqliklərin aradan qaldırıldığını diqqətə çatdırıblar. Layihədə mövcud olan bir çox maddənin ilk oxunuşa görə, sadələşdirildiyini, həmçinin hazırlanmış layihənin beynəlxalq standartlara uyğun şəkildə hazırlandığını qeyd edən deputatların əksəriyyəti layihənin üçüncü oxunuşa saxlanılmadan səsverməyə qoyularaq qəbul edilməsini təklif ediblər.

Sonda layihə ilə bağlı çıxış edən Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev hesabat xarakterli çıxış edərək, layihə ilə bağlı bəzi deputatlarda yaranmış suallara aydınlıq gətirib. O, həmçinin, layihənin ilk oxunuşu zamanı iradlarını nəzərə çatdıran deputatlara da minnətdarlıq edərək, həmin boşluqların artıq aradan qaldırıldığını bəyan edib.

Qanun layihəsi 59 fəsil 3 bölmədən ibarətdir. Spiker Oqtay Əsədov qanun layihəsinin böyüklüyünü nəzərə alaraq, 10 fəsil-10 fəsil səsə qoyulmasını təklif edib.

Səsvermənin yekununda qanun layihəsi ikinci oxunuşdan keçib.
Devamını Gör »

BAXCP-dən hicab aksiyasına sərt təpki

Partiya siaysi qüvvələrə, ziyalılara və mediaya çağırış edib

“Dünyəvi və demokratik inkişaf perspektivinə qarşı yönəlmiş bütün təzahürlərə qarşı sərt tədbirlər görməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bir qrup şəxsin dini şüarlarla Təhsil Nazirliyinin qarşısında aksiya keçirməsini qətiyyətlə pisləyib. Lent.az-ın məlumatına görə, partiya məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bir daha bəyan edir ki, Azərbaycanda din dövlətdən ayrıdır və təhsil dünyəvidir. Bu prinsiplərin Azərbaycan xalqının iradəsinə və seçiminə uyğun bir şəkildə Konstitusiyada əks olunduğunu bilə-bilə dünyəvi təhsil müəssisələrində dini atributların daşınmasına icazə verilməsiylə bağlı aksiyaların keçirilməsi isə ölkədə sabitliyin pozulmasına, düşmən dəyirmanına su tökülməsinə xidmət edir.

BAXCP hesab edir ki, Azərbaycanın müvafiq dövlət qurumları belə aksiyaları təşkil edən şəxslərin və onların arxasında dayanan qüvvələrin kimliyini dərindən araşdırılmalı, xalqımızın dünyəvi və demokratik inkişaf perspektivlərinə qarşı yönəlmiş bütün təzahürlərə qarşı sərt tədbirlər görməlidir".

Son zamanlar ayrı-ayrı xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaqla bağlı təhdidləri nəzərə alan BAXCP siyasi qüvvələri, kütləvi informasiya vasitələrini, qeyri-hökumət təşkilatları və bütün ölkə ictimaiyyətini baş verənləri qətiyyətlə pisləməyə, Konstitusiyamızın təməl prinsiplərinə zidd davranışlara qarşı birgə mübarizəyə çağırır.
Devamını Gör »

İndoneziyanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov İqamətgahı İranın paytaxtı Tehranda yerləşən İndoneziyanın Azərbaycandakı səfiri İvan Viranataatmacanı ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı səfir İ.Viranataatmaca Azərbaycanda İndoneziyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb.

İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə XİN-lə faydalı əməkdaşlığını qeyd edib. Öz növbəsində nazir səfirə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Devamını Gör »

İsveçrə Azərbaycanın notasına cavab verdi

Federal Departament təəssüfünü bildirib

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin İsveçrə Xarici İşlər Federal Departamentinə göndərdiyi etiraz notasına cavab verilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XezerXeber-e verilən məlumata görə, etiraz notası 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisinin aprelin 29-da İsveçrənin Cenevrə şəhərində keçirilmiş açılış mərasimində Ermənistana aid olan “stend”lərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müxtəlif materialların nümayiş etdirilməsi ilə əlaqədar göndərilib.

Federal Departamentdən səfirliyimizə daxil olmuş cavab notasında sərgidə ermənilər tərəfindən təhrif olunmuş materialların nümayiş edilməsinin təəssüf doğurduğu bildirilir. Materiallara görə stend sahiblərinin məsuliyyət daşıdığı, hüquqi təminatın yalnız İsveçrənin qanunları pozulduğu halda mümkün ola biləcəyi qeyd edilib. Məsələ ilə bağlı sərginin təşkilatçıları Departament tərəfindən məlumatlandırılıb və təşkilatçılar erməni stend sahiblərini inandırmaq üçün əllərindən gələni ediblər.

Məktubda ermənilər tərəfindən nümayiş etdirilmiş təhrifedici materialların Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf rayonlarla bağlı İsveçrə Hökumətinin mövqeyi ilə ziddiyyət təşkil etdiyi və İsveçrə Xarici İşlər Federal Departamentinin rəsmi internet səhifəsində İsveçrə vətəndaşlarına ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionuna və ətraf rayonlara səfər etməmələrinin rəsmən tövsiyə edildiyi xüsusi qeyd olunub.
Devamını Gör »

Aksiya keçirən dindarlar 1 polisi yaralayıb, 4 maşına zərər vurublar

Təhsil Nazirliyinin yaxınlığındakı obyektlərə ziyan vurulub

Bu gün bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında keçirmək istədiyi razılaşdırılmamış aksiya zamanı ətrafdakı obyektlərdə çalışan insanlara məxsus 4 avtomobilə ziyan dəyib. Hüquq-mühafizə orqanlarından XezerXeber-e verilən məlumata görə, aksiya iştirakçılarının polislərə atdıqları daşların bəziləri obyekt sahibləri və müştərilərə aid olan avtomobillərə dəyib. Nəticədə 4 avtomobilə zərər dəyib.

Verilən digər məlumata görə, aksiya zamanı 1 nəfər polis əməkdaşı qolundan xəsarət alıb.

Həmçinin bir neçə mülki şəxs də müxtəlif bədən xəsarətləri ilə ambulator müalicə üçün qeydiyyata düşüb.
Devamını Gör »

Məşhur müğənni oğluna 420 min dollarlıq “Lamborghini” aldı

Türkiyənin məşhur müğənnilərindən olan Səda Sayan oğlu Can Enginə “Lamborghini Gallardo” markalı avtomobil alıb.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, oğlunun bu israrlı arzusunu yerinə yetirməzdən öncə Səda Sayan ona sərxoş vəziyyətdə avtomobil idarə etməyəcəyi və yolda hərəkət qaydalarına əməl edəcəyi ilə bağlı and içdirib.


Qeyd edək ki, Can Engin az əvvəl Səda Sayanın aldığı “Audi r8” markalı avtomobili sataraq pulunu cibinə qoyub, “Lamborghini Gallardo” almaq üçün lazım olan pulu isə anasından istəyib. Səda Sayan işlənmiş “Lamborghini Gallardo” üçün 420 min dollardan keçib.
Devamını Gör »

Rusiyada təzə avtomobillər texniki baxışdan azad ediləcək

Prezident Medvedyevin bir-neçə gün əvvəlki göstərişindən sonra Daxili İşlər Nazirliyi texniki baxışa dair yeni prosedur qaydalarının hazırlanmasına başlayıb.

Lent.az-ın rus saytlarına istinadla xəbərinə görə, yeni qaydaya əsasən, təzə avtomobillər ilk 3 il ərzində texniki baxışdan azad ediləcək. Digər ciddi dəyişiklik isə mühərriklə bağlıdır. Belə ki, indi texniki baxış zamanı mühərrik nömrəsi yoxlanmayacaq. Səhv nömrə texniki baxışdan imtina üçün əsas sayılmayacaq. Yeni qaydaların tətbiqi barədə son sözü prezident Medvedyev iyun ayında deyəcək. Texniki baxış prosedurunun DİN-dən alınaraq başqa quruma verilməsi də istisna edilmir.

Bu həftə aparılmış rəy sorğusuna əsasən Rusiya əhalisinin cəmi 19%-i texniki baxışın tərəfadrıdır. 66% isə bunu formal prosedur hesab edir.
Devamını Gör »

“Heydər Əliyev – dünya miqyaslı siyasətçi”

Qazaxıstanda konfrans keçiriləcək

Mayın 8-də tarixində Qazaxıstanın Qazax Texnologiya və Biznes Universitetində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – dünya miqyaslı siyasətçi” adlı elmi-nəzəri konfrans keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda tarix elmləri doktoru, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının sədri, “Turan-Times” beynəlxalq ictimai-siyasi qəzetinin baş redaktoru Vidadi Salahov “Heydər Əliyev və Qazaxıstan” mövzusunda nitq söyləyəcək.

Elmi-nəzəri konfransda eləcə də texnika elmləri doktoru, “Qazax Texnologiya və Biznes Universiteti”nin prezidenti Baybek Seytkasım, fəlsəfə elmləri doktoru, professor Serik Jalmakanov, fəlsəfə doktoru, “Avrasiya Universiteti”nin professoru Vladimir Koçinov, tələbələr Elçin Həsənov, Elmira Vlasova və digərləri çıxış edəcəklər.
Devamını Gör »

Dindarların aksiyası ilə bağlı cinayət işi başlanıb

26 polis əməkdaşına bədən xəsarəti yetirilib, onlardan 5-i hospitala yerləşdirilib

Mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilmiş aksiya ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə məlumat yayıb. Lent.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, saat 11 radələrində 150-dək radikal yönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Bəyanatda deyilir: “İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməyib və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törədiblər. Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulub. Vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilib. Onlardan 5-i hospitala yerləşdirilib. Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb”.

Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə həvalə olunub. İstintaqın tam və hərtərəfli aparılması üçün istintaq-əməliyyat qrupu yaradılıb.

Birgə məlumatda bildirilir ki, qeyd edilən cinayətin təşkilatçıları və iştirakçılarının dairəsi müəyyənləşdirilməklə həmin şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin ediləcək.
Devamını Gör »

“Rabitə” 5 qat çempion oldu

“Rabitə” klubu qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi olub.

Lent.az-ın məlumatına görə, Çempionlar Liqasının finalçıları mövsümün başa çatmasına bir tur qalmış qızıl medalları təmin ediblər.

“Rabitə” ardıcıl 5-ci dəfə bu uğuru əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatın 6 komandanın iştirakı ilə start götürüb. “Rabitə”dən əlavə, “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” da medallar uğrunda yarışır. “Bakı” ilə “Şahdağ-Şirvan” isə seçmə mərhələdə ilk “4-lüy”ə düşə bilmədiklərindən, mübarizəni dayandırıblar.
Devamını Gör »

Binəqədidə müharibə veteranları ilə görüş keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində II Dünya Müharibəsi veteranları ilə görüş keçirilib.

RİH ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev Lent.az-a bildirib ki, RİH başçısı Alı Qocayev veteranları qələbənin 66-cı ildönümü münasibətilə təbrik edib.


YAP Binəqədi Rayon Təşkilatının sədri Nəbi Xəlilov veteranların cəmiyyətin ən əziz, ən hörmətli insanları olduğunu bildirib.
Sonra çıxış edən Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov, şuranın üzvü, tarixçi alim Əmralı Əmralıyev onlara göstərilən diqqət və qayğıdan razılıqla danışıblar.


Tədbirin sonunda bir qrup müharibə veteranına maddi yardım göstərilib.
Devamını Gör »

ARDNŞ 140 müəssisəsində SAP proqramını tətbiq edib

ARDNŞ-də SAP şirkətinin proqramları tətbiq edilməkdədir.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, SAP proqramları ARDNŞ-də 2008-ci ildən tətbiq olunmağa başlayıb. Korporativ proqram təminatı bazarında lider şirkətlərdən olan SAP-ın MDB məkanındakı bütün tərəfdaşlarına göndərilmiş “SOCAR 140 müəssisəsində SAP proqramını tətbiq etmişdir” sərlövhəli hesabatında qeyd olunur ki, insan resurslarının idarəedilməsi, maliyyə-uçot əməliyyatlarının həyata keçirilməsi, təchizatın və satışın avtomatlaşdırılması, eləcə də risklərin idarəolunması üzrə SAP proqramları ARDNŞ-də uğurla tətbiq olunub və səmərəli nəticələr verib. Hazırda ARDNŞ yüksək inkişaf və dəyişikliklər mərhələsindədir. Şirkət Azərbaycan iqtisadiyyatında böyük paya malikdir, buna görə də proqramların tətbiqi ölkə miqyasında əhəmiyyətlidir.


Hesabatda qeyd olunub ki, ARDNŞ-də işin keyfiyyətini yüksəltmək üçün hesabatların hazırlanması müddətinin qısaldılmasına, maliyyə nəzarəti və şəffaflığın möhkəmləndirilməsinə, biznes-proseslərin standartlaşdırılmasına və avtomatlaşdırılmasına ehtiyac duyulurdu: “Düzgün qərarlar qəbul edilməsi üçün həmçinin real zaman çərçivəsində dolğun informasiya əldə olunması, təchizatçılar və müştərilər üzərində nəzarətin gücləndirilməsi, əmək haqqlarının hesablanması prosesinin sürətləndirilməsi tələb olunurdu. Bundan başqa Şirkət öz qarşısına manipulyasiya risqlərini azaltmaq, təhlükəsizliyin pozulmasının yoxlanılması prosesini avtomatlaşdırmaq, pul axınlarının idarəolunması və proqnozlaşdırılmasını təkmilləşdirmək, ödənişlərə nəzarəti, bank sistemi ilə qarşılıqlı əlaqələri yaxşılaşdırmaq vəzifələrini qoyub”.


Hesabatda bildirilir ki, proqramların tətbiqi nəticəsində hesabatların hazırlanması müddəti 20 günədək azaldılıb, hazırlanan hesabatlar zəruri səviyyənin müəyyənləşdirilməsinə və dövriyyədəki əmtəə ehtiyatlarının optimallaşdırılmasına imkan verib. Əmək haqlarının hesablanması müddəti 5 günədək qısaldılb və onların köçürülməsi prosesi standartlaşdırılıb. Bu da vəsaitlərin əhəmiyyətli dərəcədə qənaət olunmasına gətirib çıxarıb. Sistemdə mümkün olan risklər təhlil və ləğv edilib. Əmək haqlarının şəffaflığı və bank sisteminə köçürülmədə avtomatlaşdırma təmin edilib.
ARDNŞ eyni zamanda konsalidə olunmuş hesabatların və proqnozların hazırlanması məqsədi ilə innavativ xarakterli “SAP BusinessObjects Planning and Consolidation” təklifini gerçəkləşdirib. Planlaşdırma və büdcənin hazırlanması məqsədlərinə xidmət edən bu yeniliyin tətbiq olunması işi davam etdirilir: “İş sona çatdırılmaqdadır və ARDNŞ bütün MDB məkanında bu məsələni həll etmiş ən böyük istifadəçimiz olacaq”.
Qeyd edək ki, SAP müxtəlif sahələrdə ixtisaslaşmış təşkilatlara biznesin effektiv idarəolunması üzrə proqramlar və məsləhətlər təklif edən dünya miqyaslı şirkətlərdəndir. SAP-ın proqram təminatı təşkilatın fəaliyyətində səmərəliliyin artırılmasına və rəqabət üstünlüyünün yaradılmasına imkan verir. Hazırda SAP-ın xidmətlərindən 105 min müştəri yararlanır. Şirkətin qabaqcıl texnologiyaları yüksək rentabelliyi təmin edərək fasiləsiz adaptasiya və sabit artım üçün münbit şərait yaradır. 1992-ci ildə Moskva şəhərində SAP AG ofisi açılıb. Sonrakı illərdə SAP-ın Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, Rostov-Don, Almatı, Minsk və Kiyev şəhərlərində də nümayəndəlikləri təşkil olunub.
Devamını Gör »

Smartfon bazarında liderin mövqeyi zəifləyir

“International Data Corporation” (IDC) analitik şirkəti bu ilin birinci rübündə ən iri smartfon istehsalçılarının bazardakı paylarını qiymətləndirib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-ci ilin yanvar-mart ayları ərzində dünya üzrə müxtəlif proqram platformaları ilə işləyən 99,6 milyon smartfon satılıb.


Bu, 2010-cu ilin həmin göstəricisi ilə müqayisədə 80 faiz artıqdır. “Nokia” dünyanın ən iri smartfon istehsalçısı adını qoruyub saxlaya bilsə də, Finlandiya şirkətinin qlobal bazardakı payı il ərzində 38,8 faizdən 24,3 faizədək enib. Rüb ərzində “Nokia” 24,2 milyon smartfon sata bilib.
“Nokia”-nın mövqeyinə yaxınlaşmaqda olan ən iri smartfon istehsalçıları siyahısının ikinci pilləsinin sahibi “Apple” şirkəti ilin birinci rübündə 18,7 milyon müxtəlif “iPhone” modellərini satıb. Keçən ilin yanvar-mart ayları ərzində isə ABŞ şirkətinin bu göstəricisi 8,7 milyon olub. Beləliklə, hazırda qlobal smartfon bazarının 18,7 faizi Apple-ın payına düşür.


İlk üçlüyü isə birinci rübdə 13,9 milyon smartfon satmış Kanadanın “Research In Motion” (RIM) şirkəti tamamlayır. BlackBerry istehsalçının bazardakı payı 14 faizdir. Keçən il bu göstərici 19,1 faiz olub. “Samsung”-un payı 4,3 faizdən 10,8 faizə qədər artıb. Üç ay ərzində 10,8 milyon smartfon satmış Cənubi Koreya şirkəti siyahının dördüncü yerindədir.
Beşinci pillənin sahibi HTC şirkəti cari ilin birinci rübü ərzində 8,9 milyon smartfon sataraq bazarın 8,9 faizinə nəzarəti ələ alıb.


Digər istehsalçıların smartfon bazarında ümumi payı isə cəmi payı 23,2 faizdir.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı