1 May 2011

NATO Qəddafinin oğlunu öldürdü

Müəmmar Qəddafinin yeddi oğlundan biri Saif əl-Qəddafi Müəmmər əl-Ərəb NATO hərbi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində həlak olub,

Liviya liderinin özü isə xəsarət almayıb.

APA-nın verdiyi xəbərə görə, Liviyanın hökumət nümayəndəsi bildirib ki, NATO qüvvələri Qəddafinin iqamətgahı yerləşən Bab əl-Əziz rayonuna zərbə endirib.

Bombardman zamanı Qaddafi iqamətgahında olub. Hökumət nümayəndəsinin sözlərinə görə, hücum nəticəsində Qəddafinin üç nəvəsi də həlak olub.
Devamını Gör »

İki erməni boksçu Bakıya gəlir

Erməni əsilli 2 boksçu Bakıda keçiriləcək boks üzrə dünya çempionatında Rusiyanı təmsil etmək hüququnu qazanıblar.

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ufada keçirilən Rusiya çempionatında Mişa Aloyan üçüncü dəfə dalbadal 52 kiloqram çəkidə Rusiya çempionu olub.

David Ayrapetyan isə 6-cı dəfə 49 kiloqram çəkidə Rusiya birincisi olub.

Xatırladaq ki, Bakıda keçiriləcək boks üzrə dünya çempionatı 2012-ci il London Olimpiya Oyunlarına seçmə xarakteri daşıyır.
Devamını Gör »

Yəmən prezidenti hakimiyyətin təhvil verməsi haqqında sazişi imzalamaqdan imtina edib

Yəmən prezidenti Əli Abdullah Saleh hakimiyyətin təhvil verməsi haqqında sazişi imzalamaqdan imtina edib.
APA-nın "RİA Novosti " agentliyinə istinadən verdiyi məlumata görə, Yəməndə Abdullah Salehin istefası tələbi ilə fevral ayından keçirilən etiraz aksiyalarında baş vermiş iğtişaşlarda 120-dən çox insan həlak olub.
Devamını Gör »

“Sarvan” rəqs qrupu Gürcüstanda 2010-cu il rəqs müsabiqəsinin yekunlarına görə, fəxri diplom və mükafata layiq görülüb

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında gənc və yeniyetmələrdən ibarət rəqs qrupu və ifaçıları arasında keçirilən 2010-cu ildə başlanan müsabiqəyə yekun vurulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, müsabiqədə Gürcüstanda yaşayan soydaşlarımızı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” təmsil edib. Aprelin 29-da Gənc və yeniyetmələrin yaradıcı kollektivlərinin mükafatlandırılma mərasimi keçirilib. “Sarvan” folklor rəqs qrupu Azərbaycan folklor-rəqs nümunələrini peşəkarlıqla nümayiş etdirdiklərinə görə Gürcüstanın Birləşmiş Həmkarlar İttifaqının 2010-cu il rəqs müsabiqəsinin yekunlarına görə, fəxri diplom və mükafatına layiq görülüb. Münsiflər heyətinin sədri, Gürcüstan Bəstəkarlar İttifqınını sədri Vaja Azaraşvili çıxışında “Sarvan” folklor rəqs qrupunun ifalarını yüksək qiymətləndirərək, Azərbaycan mədəniyyətinin təbliği ilə səmərəli məşğul olduqlarına görə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənova təşəkkürünü bildirib.
Mükafatlandırma mərasiminə münsiflər heyətinin digər üzvlərindən tanınmış bəstəkar Kaxa Sabadze, Gürcüstanın xalq artisti Manana Todadze, bəstəkar Qia Maçaraşvili, rəqqas, xalq artisti Omar Mxeidze, folklorşunas-rəqqas Tamaz Andğuladze və əməkdar artist Marina Qelaşvili də qatılıb.
Sonra səhnəyə Gücüstanın müxtəlif bölqələrindən gəlmiş rəqs qrupları, ifaçılar, əlillər cəmiyyətinin az yaşlı nümayəndələri şən mahnılar və rəngarəng rəqslər ilə tədbirdə çıxış ediblər. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən ”Sarvan” folklor rəqs qrupu həmin gün “Yallı”, “Odlar yurdu” və “Cücələrim” rəqslərini nümayiş etdirib.
Devamını Gör »

Yaponiyanın baş nazirin radiasiya məsələləri üzrə müşaviri istefa verib

Yaponiyanın baş naziri Naoto Kanın radiasiya məsələləri üzrə müşaviri Toşiso Kosako hökumətin Fukuşima AES-dakı qəzaya lazımi dərəcədə cavab vermədiyinə etiraz edərək istefa verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Tokio universitetinin radiasiya eksperti Toşiso Kosako bildirib ki, nüvə obyekti yaxınlığındakı məktəblərin radiasiyaya məruz qalmaması üçün hökumət məhdud işlər görür. O, bir alim kimi bunu qəbul edə bilmədiyini deyib. Rəy sorğularına görə, yapon ictimaiyyəti Kanın fəlakətdən sonrakı fəaliyyətlərindən narazıdır. Respondentlərin 4/3 hissəsi baş nazirin işindən narazılığını bildirib. Bu arada, Yaponiya parlamentinin aşağı palatası yenidənqurma işləri üçün 48 milyard dollarlıq vəsait ayrılması qərarını təsdiq edib. Yuxarı palatanın sənədi bazar ertəsi təsdiq edəcəyi gözlənilir.
Devamını Gör »

Tamas Heqedüs: Bizim mövqeyimiz erməniləri razı salmayacaqdır

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində Macarıstan Azərbaycanın mövqeyini daim dəstəkləyəcək. Bu mövqeyimiz Macarıstan parlamentinə təqdim olunan sənəddə də öz əksini tapıb. Amma bilirik ki, bizim bu mövqeyimiz erməniləri razı salmayacaq”.
APA-nın AzərTAc agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türk-Macar İş adamları Dərnəyinin təşkilatçılığı ilə Budapeşt şəhərində keçirilən iş adamları, alimlər, mədəniyyət xadimləri və tələbələrin iştirak etdiyi konfransda məruzə ilə çıxış edən Türk-Macar Parlamentlərarası Dostluq Qrupunun sədri Tamas Heqedüs deyib.
Heqedüs keçən həftə üç deputatın imzası ilə parlamentə təqdim edilən sənəddə Dağlıq Qarabağı işğal edən ermənilərin Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməsinin, bir milyon Azərbaycan vətəndaşının öz doğma yurdlarına qayıtmasının əksini tapdığını vurğulayıb.
T.Heqedüs deyib: “Biz bu sənədlə parlamentimizdə bu hadisələrə qarşı nümayiş olunan laqeyd münasibətə son qoyduq. Biz macarlar olaraq bildirmək istəyirik ki, bu məsələdə Azərbaycan xalqına hər zaman dəstək olacağıq. Onlar üçün əlimizdən gələni edəcəyik. Bilirik ki, Avropa İttifaqının sədri vəzifəsini yerinə yetirən Macarıstanın bu məsələni öz parlamentində müzakirə etməsi erməniləri də narahat edəcək. Buna baxmayaraq, biz düzgün hesab etdiyimiz mövqeyi nümayiş etdirəcəyik”.
Devamını Gör »

Venesuelada mühafizə əməkdaşlarını girov götürmüş dustaqlar danışıqlara başlamağa razılıq veriblər

 Venesuelanın “Rodeo-2” həbsxanasında 22 mühafizə əməkdaşlarını girov götürmüş dustaqlar danışıqlara başlamağa razılıq veriblər.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Venesuela Daxili İşlər və Ədliyyə nazirliyinin nümayəndəsi bildirib ki, həbsxanadakı üsyançılara girovları azad etmək üçün kompromis təklif edilib və onlar yaxın saatlarda təklifə cavab verməlidirlər.
“Rodeo-2”-də üsyana səbəb həbsxanada vərəm xəstəliyinin yayılması xəbəri olub. Venesuela hökumətinin bunu yalnız şayiə olduğunu bildirib. Lakin üsyan qaldıran dustaqlar aralarında həbsxananın rəisi olmaqla 22 nəfər mühafizə əməkdaşlarını tərksilah edib və onları girov götürüb.
Rəsmi rəqəmlərə görə "Rodeo-2"-də 1200 məhbus saxlanılır.
Devamını Gör »

Barak Obama qaz və neft şirkətlərinin vergi imtiyazlarının dayandırılmasına çağırıb

ABŞ prezidenti Barak Obama qaz və neft şirkətlərinin 4 milyard dollarlıq vergi imtiyazlarının dayandırılmasına çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, həftəlik radio müraciəti zamanı prezident deyib ki, vergi imtiyazları ağıllı və düzgün bir qərar olmadığı üçün dayandırılmalıdır. Barak Obama Konqresi onun tələbinə cavab verməyə çağırıb. Lakin müxalif respublikaçılar prezidentin planının amerikalıların işlərini itirmə bahasına başa gələcəyini deyir. Respublikaçıların həftəlik radio müraciəti zamanı konqresmen Ceyms Lankford deyib ki, prezidentin bu təklifi yanacaq qiymətlərinin azalmasına xidmət etməyəcək.
Devamını Gör »

Bəhreynin Ticarət Palatası İran malların boykot etməyə çağırıb

 Bəhreynin Ticarət Palatası İranın bu ölkənin daxili işlərinə qarışmasına etiraz olaraq İran mallarını boykota çağırıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Bəhreyn eyni zamanda İran xakerlərini Bəhreynin hökumət saytlarına hücum etməkdə günahlandırıb.
Bəhreyn monarxiyası şiə məzhəbinə məxsus yerli əhali ilə münaqişədən İranının özü üçün xeyir çıxarmasına çalışmaqda ittiham edir. İran tərəfi bu ittihamı rəd edir.
Devamını Gör »

Günün tarixi

1 may. İlin sonuna 244 qalır.

1797. Venesiya Respublikası Avstriyaya ilhaq edilib

1834. Britaniyaya məxsus bütün ərazilərdə köləlik ləğv edilib

1873. Şotland missioner, Afrikanın tədqiqatçısı David Livinqston vəfat edib

1884. Amerikalı işçilər 8 saatlıq iş vaxtı tələbi ilə nümayiş keçiriblər. Sonradan bu tarix zəhmətkeşlərin bayramı kimi qeyd edilib. Keçmiş SSRİ-də 1918-1990-cı illərdə 1 may hər il bayram kimi qeyd edilib

1910. Müğənni Sürəyya Qacar anadan olub

1920. “Kommunist” qəzeti Bakıda rus dilində nəşr edilməyə başlayıb

1920. Rus hərbi donanması Bakı limanına daxil olub

1929. Azərbaycanın əməkdar jurnalisti Sona Bağırova anadan olub

1948. Koreya Xalq Demokratik Respublikası elan edilib

1950. Tarixi roman ustası, jurnalist və tərcüməçi Məmməd Səid Ordubadi vəfat edib

1959. Aktrisa Firəngiz Mütəllimova anadan olub

1960. ABŞ-a məxsus “Lockheed U-2” casus təyyarəsi Ural üzərində 19 000 metr yüksəklikdə vurulub. Pilot Frensis Qari paraşütlə atılaraq salamat qalıb. Sverdlovsk əhalisi onu tutaraq milisə təhvil verib. Təyyarənin vurulması Sovet – ABŞ münasibətlərini daha da gərginləşdirib

1962. Fransa ilk dəfə yeraltı nüvə sınağı keçirib

1970. Amerika ordusu Kambocaya daxil olub

1992. Türkmənistanda latın əlifbasına keçilib

1999. Avropa Birliyinin əsasını qoyan Amsterdam Sazişi qüvvəyə minib

2004. Yunan Kipri, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniya Avropa Birliyinə daxil olub. Bu, təşkilatın tarixində ən irimiqyaslı genişlənmədir

2007. Türkiyə Konstitusiya məhkəməsi prezident seçkilərinin ilk turunun nəticələrini ləğv edib

2009. Prezident İlham Əliyev Neft Akademiyasında həlak olanların ailələrinə 30 000 manat, xəsarət alanlara isə 15 000 manat təzminat ödənilməsi barədə sərəncam imzalayıb.

Günün aforizmi

“İnadın nəticəsi rüsvaylıq, qəzəbin nəticəsi peşmanlıqdır”.
Devamını Gör »

Fəhlə cəsədləri üzərində yaranan 120 yaşlı bayram

Mindən çox insanın ölümünə səbəb olan bayramın tarixçəsi

“İnsanlıq xoş günlərə çıxanda 1 Mayı bayram kimi keçirəcək”
(Roza Lüksemburq)


Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Haymarket üsyanı, anarxistlərin edamı - qanla boyanmış may günləri və sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu şərəfli tarixin simvolu isə 1 May bayramıdır.

1 May bayramının yaranma zərurəti

Bu gün Azərbaycanın da Konstitusiyası və Əmək Məcəlləsində təsbit edilmiş əmək hüququ, sosial qarantiya, 8 saatlıq iş günü irticanın təzyiq və istismarına, cüzi maaş müqabilində bəzən 15-16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsidir. Bəs bu tarixi proses və onun məntiqi nəticəsi olan 1 May bayramı necə meydana gəldi?

XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Lüksemburq (Almaniya) 1894-cü ilin fevralında Parisdə dərc olunmuş "May bayramı necə yarandı?" adlı tarixi məqaləsində yazırdı: “Azad düşüncə - 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı.

Yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar.

Bu bayram günü 21 aprelə təyin edildi. Öncə, 1856-cı ildə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi.

Bu qərar gerçəkdən, işçi kütlələrə kütləvi işə çıxmamaq kimi öz güclərinə inam və cəsarəti verdi. Zavod, fabrik və emalatxanaların əbədi qullarına öz daxili birliklərinə baxış zəminində cəsarət, gücü bəxş etdi”.

Beləcə, proletar bayramı düşüncəsi tez bir zamanda mənimsəndi, Avstraliyanı aşıb başqa ölkələrə yayıldı, ta ki o, bütün proletar dünyasını fəth etdi. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarladı.

“...hər küçəni bir işçinin cəsədiylə bəzəyəcəyik”

1866-cı ildə Amerikan işçiləri Baltimorda toplandıqları konqresdə günlük iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqda qərar qəbul etdilər. Ancaq işçilərin bu haqlı tələbi rədd edildi. Bundan sonra “8 saatlıq iş günü” artıq bütün Amerikan əməkçilərinin ortaq tələbinə çevriləcək, onların təşkilati mübarizəsinin başlanğıcına damğasını vuracaq, işçi sinfi qanlı və ağır mübarizələrlə burjualardan bu haqqı zorla alacaqdı.

1884-cü ildə Çikaqoda toplanan Amerika İşçi Federasiyası və Beynəlxalq İşçilər Birliyi “8 saatlıq iş günü”nü burjuaziyaya zorla qəbul etdirmək haqda qərar qəbul etdi. Bu qərara görə 2 il sonra - 1 may 1886-cı ildə 8 saatlıq iş günü üçün boykotlar ediləcək və aksiyalar keçirəcəkdilər.

Amerikan burjuaziyası bu qərara qarşı hücuma keçdi. Burjuaziyanın idarəçiliyindəki kapitalist media monopolistləri, mitinqdən öncəki günlərdə küçələrin qan gölünə çevriləcəyi kimi gülünc iddialar yayımlayırdı. Buna misal olaraq “Çikaqo Tribun” qəzeti “Şəhəri dağıdıb yandıracaqlar? Bunun qarşısını almaq üçün lazım gələrsə, Çikaqonun hər küçəsini bir işçinin cəsədiylə bəzəyəcəyik” - deyə alçaqcasına hədələyici yazılar verirdi...

1 may 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində - Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda... 200 mindən çox işçi boykota başladı. Çikaqoda 80 min işçi haqları olan “8 saatlıq iş günü” tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirdi.

“... gün gələcək”

Ümummilli boykotun və bu aksiyaların yayılmasından qorxan burjuaziya silahlı əsgərlərlə yanaşı həm də, casus provakatorlar tutaraq hücuma keçdi. 3 may günü “McCormic” fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açıldı və bir işçi öldürüldü. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəldilər.

4 may günü işçilər daha güclü bir mitinq təşkil etdilər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girdi. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşdü. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrildi. İşçilər güllə yağışına tutuldular. 4 işçi və 7 polis öldü, onlarla işçi isə yaralandı. Həmkarlar ittifaqlarının sədrləri və 8 işçi hərəkatının lideri tutuldu.

Siyasi şou kimi keçən məhkəmə sonrasında işçi hərəkatının liderlərindən olan 4 işçi - Avgust Spies, Albert Parsons, Corc Engel ve Adolf Fişer edama məhkum edildilər.

11 noyabr 1887-ci ildə edama aparılan Avgust Spiesin son sözü belə oldu: ”Səssizlyimizin, bu gün boğacağınız səslərdən daha güclü olacağı gün gələcək”. Doğrudan da, bu repressiya və edam qərarları etirazlar, zəhmətkeşlərin beynəlxalq birliyinə və yeni, daha güclü mübarizələrə təkan verdi.

II İnternasionalın tarixi qərarı

Bu arada Avropada da işçi hərəkatı güclü inkişaf etdi və canlandı. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı.

Beləliklə, bu hərəkat özünün güc ifadəsini İşçilərin Beynəlmiləl Konqresi ilə tapdı. Sözü gedən Konqresə 400 nümayəndə toplanmışdı. Öncə 8 saatlıq iş günü tələbi haqda qərar verildi.

Fransız Həmkarlar İttifaqının üzvü, bordolu fəhlə Lavign təklif etdi ki, hər bir ölkənin zəhmətkeşləri Əmək Bayramı günü adı altında bu tələbi ortaya qoysunlar. Burada amerikalı işçilərin nümayəndəsi diqqəti 1890-cı ilin 1 Mayı ilə bağlı yoldaşlarının eyni qərarına yönəltdi, beləliklə Konqres həmin günü proletariatın bayram günü kimi müəyyən etdi.

Proletariat nümayəndələri əslində, bu halda da 30 il öncə Avstraliyada olduğu kimi yalnız bir günlük manifestasiya haqda düşünürdülər. Konqres qərarlaşdırmışdı ki, 1 Mayda (1890-cı il) bütün ölkələrin proletariatları 8 saatlıq iş günü tələbi ilə birlikdə nümayiş keçirsinlər.

Növbəti illərdə aparılan müzakirələrdə bayramın təkrar keçirilməsi təklifləri səslənmədi. Heç kim qabaqcadan prosesin belə parlaq şəkildə reallaşacağını və qısa zamanda işçi sinfi arasında yayılacağını təxmin edə bilməmişdi.

SSRİ-nin dağılmasından sonra

Dünyanı bürüyən sinfi mübarizə Rusiyada bir qədər də kəskin xarakter almışdı. Rusiyada baş qaldıran fəhlə-kəndli çıxışları daha fundamental xarakter daşıyırdı.

Rusiya proletar kütlələrinin daha güclü ittifaqlarda birləşməsi və kommunist-bolşevik partiyası sıralarında güclü siyasi fəaliyyəti sonradan Böyük Oktyabr İnqilabına və nəhayətdə Leninin başçılığı ilə tarixdə sosialist sistemə dayanan ilk fəhlə-kəndli dövlətinin - SSRİ-nin yaradılmasına gətirib çıxardı.

Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. 30 yaşdan yuxarı vətəndaşlarımız - keçmiş sovet adamları 1 May bayramını yaxşı xatırlayırlar. Bayramdan bir neçə gün öncə bütün ölkə boyu - idarə, müəssisə və təşkilatlarda, məktəblərdə böyük çoşqu ilə hazırlıq gedirdi.

Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına - Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

Lakin SSRİ-nin dağılmasından sonra “qurunun oduna yaşı da yandırdılar” və bütün yaxşı ənənələr kimi 1 May bayramını da ləğv etdilər. Lakin Rusiyada və bəzi digər respublikalarda 1 may hər il keçirilir - qarşıdurmaların yaranması ilə olsa belə.

Azərbaycanda 1 May bayramının tarixi

1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.

SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.

1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi.

Həmin bayramın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığını əsas gətirdilər. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu.

Ölkəmizdə bu tarixi sadəcə kommunist partiyaların üzvləri kiçik bir yürüşlə qeyd edirlər. Lakin demək olar ki, bütün sosioloqlar, psixoloqlar, müxalifət və iqtdar nümayəndələri də belə bir bayramın yüksək səviyyədə keçirilməsinin vacib olduğunu bildirirlər.

“İnsanlıq xoş günlərə çıxanda...”

"Sosialist Bacı" adı ilə tanınan kommunist Roza Lüksemburq öz tarixi məqaləsində yazırdı: “1 May əsasən, 8 saatlıq iş günü çağırışları ilə başlasa da, bu məqsədə nail olduqdan sonra da bu proses bitmədi. Nə qədər ki işçilərin burjuaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, nə qədər ki bütün tələblər yerinə yetirilməyib, 1 May bayramı da hər il bu tələblərin ifadəsi olacaq.

Xoş günlərə çıxanda və dünyanın dörd bir yanında işçi sinfi azadlığa qovuşanda belə, çox güman ki, mübarizə yolu və çəkilən əzabları anaraq insanlıq 1 Mayı bayram kimi keçirəcək”.

1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.

Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. Bunu edənlər isə 100 il öncəki kimi yenə də burjuaziyanın, azğın kapitalizmin casus provakatorlarıdır.

İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb. Lakin bu qurbanlar 1 Mayı Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd edən milyonları qorxutmur. Çünki “Sosialist bacı”nın dediyi kimi, nə vaxtadək dünyada sosial ədalət, sinfi bərabərlik, insan hüquqları tam bərqərar olmayıb, o zamanadək 1 may tarixi ampluasında qeyd olunacaq...
Devamını Gör »

Çimərlik paltarında gəzmək olmaz

Barselonada qaydanı pozanlar cərimələnəcəklər

Aprelin 29-da Barselona Şəhər Şurası şəhər küçələrində çimərlik paltarlarında gəzməyə qadağa qoyulması barədə qərar layihəsini bəyənib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, qaydanı pozanları 120-300 avro cərimə gözləyir.

Əgər həmin şəxs belə bir davranışı təkrarlasa, o halda 300-500 avro civarında cərimələnəcək. Barselona Şəhər Şurası qərarını ictimai yerlərdə vətəndaşların hüquqlarını qorumaqla əlaqələndirib və insanlara necə geyinməyi əmr etmədiklərini vurğulayıb.

Kataloniya paytaxtındakı satıcıların əksəriyyəti bu qərarı dəstəkləyiblər. Ancaq yarıçılpaq gəzmək istəyənlər narazıdırlar.

Qeyd edək ki, hər il Barselonaya 6,5 milyon nəfər turist gəlir.
Devamını Gör »

Temperatur 20 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gecə və səhər duman, çiskin olacaq, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 1-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı