15 May 2011

Türkmənistan qazını Azərbaycan üzərindən Avropaya ötürəcək

Aşqabad ilk dəfə AGRİ layihəsinə qoşulmaq niyyətində olduğunu rəsmən açıqlayıb


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rumıniyaya 3 günlük səfərini başa vuraraq ölkəsinə dönüb. Lent.az-ın “haberaktuel.com” saytına istinadən verdiyi məlumata görə, Qurbanqulu Berdıməhəmmədovun Rumıniya səfəri zamanı əsas müzakirə mövzusu türkmən qazının Rusiyadan yan keçməklə Avropaya ixracı olub.

Əsas diqqət “Nabucco” və AGRİ (Azerbaijan - Georgia - Romania Interconnector) layihələrinə yönəlib. Türkmənistan ilk dəfə AGRİ layihəsinə qoşulmaq niyyətində olduğunu rəsmən açıqlayıb. Qurbanqulu Berdıməhəmmədovun rumıniyalı həmkarı Trayan Basesku ilə görüşündən sonra yayımlanan prezidentlərin ortaq açıqlamasında da bu, xüsusi qeyd edilib. Hər iki tərəf enerji sahəsində əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib, türkmən qazını Avropaya, xüsusən Rumıniyaya “Nabucco” və AGRİ layihələri çərçivəsində ötürülməsinin önəmli olduğu vurğulanıb.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında imzalanan AGRİ layihəsi Azərbaycan təbii qazının boru kəməri ilə Gürcüstanın Poti limanında tikiləcək qaz zavoduna ötürülməsini, bu zavodda qazın yüksək təzyiq altında mayeləşdirilməsini, maye qazın da tankerlərlə Qara dəniz üzərindən Rumıniyanın Köstence limanına daşınmasını və bu limandakı terminalda yenidən təbii qaz halına gətirilməsini, sonradan Rumıniya üzərindən boru xətti ilə Avropaya ötürülməsini nəzərdə tutur.

Avropa Birliyi ilə təbii qaz ixracı məsələsində əməkdaşlığa hazır olduqlarını bildirən Qurbanqulu Berdıməhəmmədov deyib ki, əsas məsələ siyasi iradə, eyni zamanda qaz ixracı ilə bağlı Türkmənistan, Avrorpa Birliyi və Azərbaycan arasında anlaşmadır. O, qəti addımların atılması və konsorsiumun qurulması üçün yeni imkanların açıldığını vurğulayıb. Qurbanqulu Berdıməhəmmədov Türkmənistan üçün Azərbaycan və Gürcüstanın Avropaya bir koridor rolunu oynadığını vurğulayıb.
Devamını Gör »

Şimşək çaxacaq, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 15-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Devamını Gör »

Azərbaycan “Eurovision”a ev sahibliyini təsdiqləyən sənədi aldı

Adil Kərimli: “Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək”

“Azərbaycanı bu qalibiyyət münasibəti ilə təbrik edirəm. Azərbaycanının bu yarışmanı yüksək səviyyədə həyata keçirəcəyinə əminik”. APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri “Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand deyib. İcraçı direktor Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. Jon Ola Sand Azərbaycana bu məsuliyyətli işdə uğurlar arzulayıb və bütün Azərbaycan xalqını qalibiyyət münasibəti ilə təbrik edib.
Adil Kərimli APA-ya açıqlamasında bu qələbə sevincini bölüşüb: “Bu qələbə sevinci inanılmaz bir hissdir. Hələ də bu sevincə inana bilmirik, bizə elə gəlir ki, başqasının sevincinə sevinirik. Bu bütün türk dünyasının qələbəsidir. Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək. Müsabiqədə iştirakımız boyu dövlət başçımız cənab İlham Əliyev hər zaman bizə dəstək olub və buna görə dövlət başçımıza təşəkkür edirik”. A.Kərimli deyib ki, Azərbaycan gedər-getməz “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq mərhələsinə başlanılacaq. Dördüncü dəfə iştirak ərzində Azərbaycanın ən yüksək dərəcələri əldə etdiyini vurğulayan A.Kərimli, bu tezliklə Azərbaycanın qələbə qazanmasını ölkəmizin bu müsabiqəyə ciddi hazırlığı ilə əlaqələndirib.
Devamını Gör »

Prezident və birinci xanım qalibləri təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala zəng edərək, onları Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Evrovision - 2011“ mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıblar.

APA-nın xəbərinə görə, prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, prezident və xanımı gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutmasını Eldar və Nigarın qələbəsi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin və xalqımızın böyük uğuru olduğunu vurğulayıblar.

Eldar Qasımov və Nigar Camal təbrikə görə Azərbaycan prezidentinə və xanımına dərin minnətdarlıqlarını bildirib, qələbəyə aparan yolda onlara daim göstərilən dəstəyə, diqqət və qayğıya görə təşəkkür ediblər.
Devamını Gör »

“Eurovision” qaliblərinə xüsusi təyyarə ayrıldı

Almaniyadakı heyətimiz və qaliblər bu gecə dönür

Azərbaycan “Eurovision“ qələbəsi yaşadan Eldar Qasımov və Nigar Camal onları müyiət edən nümayəndə heyəti ilə birlikdə Azərbaycana dönürlər.

APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, qalib təmsilçilərimiz üçün AZAL Dövlət Konserni tərəfindən xüsusi təyyarə ayırılıb.

Təyyarənin Heydər Əliyev Beynəlxalq Hava Limanına səhər saat 05:00 radələrində enəcəyi gözlənilir.

APA-nın müxbiri xəbər verir ki, bütün Avropa, eyni zamanda bu il müsabiqəyə ev sahibliyi edən Almaniyanın çoxsaylı televiziya kanalları və radio dalğalarında qalib təmsilçilərimizdən danışılır. Bütün radio dalğaları Eldar Qasımov və Nigar Camalın ifa etdiyi “Running Scared” mahnısını səsləndirirlər. Şəhərin mərkəzi küçələrində əcnəbilər belə, Azərbaycan bayrağını dalğalandırırlar. Hər kəs Azərbaycan nümayəndə heyətini təbrik edir və ölkəmizə gəlmək istəyini bildirirlər.

Onu da bildirək ki, mayın 14-də keçirilən final mərhələsindən sonra Düsseldorf şəhərinin ən böyük əyləncə məkanlarından birində Azərbaycanın qalibiyyəti qeyd olunub. Azərbaycanın adı ilə bağlı olan bağlanış tədbirində digər ölkə təmsilçiləri də iştirak ediblər.
Devamını Gör »

“Biz Eurovisionu ugurlu təşkil edəcəyik!”

EBU-nun baş direktoru İnqrid Deltenre: “Əminəm ki, Azərbaycan “Eurovision-2012”-ni möhtəşəm şəkildə həyata keçirəcək

Avropa Yayım Birliyinin (EBU) baş direktoru İnqrid Deltenre “Eurovision-2011” müsabiqəsində qələbə qazanan Azərbaycanı təbrik edib, ölkəmizin bu müsabiqənin ən yüksək səviyyədə təşkil edəcəyindən əminliyini dilə gətirib.

APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, EBU-nun baş direktoru İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovla görüşüb.

“İctimai Televiziyanın 2010-cu ilin iyulunda Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının yay sessiyasına necə ev sahibliyi etdiyini çox gözəl xatırlayıram. Belə Baş Assambleya EBU-nun tarixində yenilik idi. Əminəm ki, 2012-ci ildəki “Eurovision” müsabiqəsi də möhtəşəm olacaq“.

İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov Azərbaycanın bir çox möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, ölkəmizin son illərdə əldə etdiyi uğurları xatırladaraq, Azərbaycanın bu beynəlxalq layihəni də uğurla təşkil edəcəyini söyləyib.

İctimai Teleradionun baş direktoru tədbirin Azərbaycanda yüksək səviyyədə təşkili üçün bütün imkanların olduğunu qeyd edərək, tezliklə müsabiqənin təşkilatı məsələlərinin müzakirəsinə başlanacağını deyib.
Devamını Gör »

Biz bacardıq!

İlk dəfədir ki, böyük fərəhin yaratdığı həyəcan içində kompüter arxasına keçirəm; ilk dəfədir ki, barmağımdan monitora tökülən hərflərin belə sevindiyini hiss edirəm...

İllərdir belə sevinmədik, illərdir qələbə arzuladıq, bəzən dostların, qardaşların qələbəsini öz uğurumuz bilib yaşadıq. Amma ötən gecə ÖZ QƏLƏBƏMİZİ yaşadıq.

Bütün hallarda qələbə – bir millətin ruhunun ayaqda qalması, öz ölkəsi və Vətəni ilə fəxr etməsi, qürurunun qaytarmasını saxlayan əsas faktdır. Bu qələbə güclülərin yarışmasında əldə ediləndə, idraka, intellektə, sənətə əsaslananda, Avropanın nəzərlərinin dikildiyi bir mədəniyyət paytaxtında qazanılanda daha gözəl olur.

Bəli, biz bacardıq – Avropanın ən ünlü musiqi yarışmasında kiçik, bir çoxlarının görmədiyi, görmək istəmədiyi Azərbaycanın dillərdə dolaşmasını, diqqətə gəlməsini duymaq çox xoşdur!

Biz bacardıq – 4 illik çalışmalar, əziyyətlər öz bəhrəsini verdi;

Biz bacardıq – öz mədəniyyətimizlə bir Avropa dövləti olduğumuzu, Avropa dəyərlərini bölüşdüyümüzü, Avropa geomədəni çevrəsində yaşadığımızı sübut etdik.

Avropa insanı da artıq Azərbaycanı qəbul etməyə hazır olduğunu nümayiş etdirdi.

Bu qələbənin fərəhini artıran çalarlar çoxdur: illərdir bu yarışmaya qatılan, hətta bir dəfə qalib olmağı bacaran Türkiyə finala vəsiqə qazana bilməmişdi. Türkiyənin bir xəyal qırıqlığı vardı; Azərbaycan finala çıxdı, yarışdı, qazandı və… Qələbənin müəlliflərindən biri - Nigar səhnəyə Türkiyə bayrağını da daşıdı.

Türkiyə yarışmadan kənarda qalsa da, qələbə yaşadı – bayrağı yarışmanın qalibi kimi dalğalandı.

Bir baxsanız Türkiyə mətbuatına? Nələr yazmırlar… «Biz qalib gəlsək, Azərbaycanın bayrağını da Türkiyə bayrağı ilə birgə qaldırardıqmı» ritorikası qardaş ölkəni silkələyir: Bir daha, bir daha və bir daha Azərbaycanın nümunə göstərdiyinə, qardaş sevgisi ilə Türkiyəni duyğulandırdığına bir heyrət və məftunluq bildirilir. Finala çıxmayan Türkiyəni qalib edən qardaş Azərbaycanı bir millətin ikinci dövləti bağrına basmağa hazır!

Dünyanın bütün telekanallarının baş xəbəri Azərbaycan!

Dünyanın bütün KİV-lərinin manşeti Azərbaycan!

Bu böyük qələbəni bir ermənilər qısqandı, – yarış bitər-bitməz gələn il Bakıda keçiriləcək «Avroviziya-2012» yarışmasına qatılmayacaqları barədə indidən xəbərdarlıq etdilər, - bir də erməni kimi düşünənlər.

Bəli, Azərbaycan «Avroviziya -2011»-in baş mükafatını Bakıya gətirdi. İlk dəfə olaraq coğrafi baxımdan Avropada olmayan bir Asiya ölkəsi Avropa yarışmasının qalibi oldu – Avropanın mədəni çevrəsi “Avroaziya”ya doğru genişləndi.

Biz yenə ilk olduq – ilk Cümhuriyyətimiz kimi, ilk demokratiya daşıyıcısı kimi… Azərbaycan Qərbin Şərqə açılan qapısı olduğunu bir daha sübut etdi; Azərbaycan Şərqin Qərbə doğru yönələn baxışlarının mərkəzləşdiyi bir məkan olduğunu yenə təsdiqlədi.

2009-cu ildə Azərbaycan İslam ölkələrinin mədəniyyət paytaxtı idi.

2011-ci ildə Azərbaycan Avropanın mədəni paytaxtına çevrildi.

Təsəvvür edirsinizmi, Azərbaycanın belə təbliğatı, bütün dünyanın dilində dolaşması üçün nələr lazımdır – illərmi, onillərmi? Milyardlarmı, onmilyardlarmı?

Demək çətindir. Amma Azərbaycan bunu qısa bir sürədə bacardı – öz mədəniyyəti, sənəti, dünyaya açıqlığı, tolerantlığı sayəsində.

Avropa onun dilində danışan bir Azərbaycanı axır ki, gördü, qəbul etdi, sıralarına qatdı.

Azərbaycan bir gecənin içində boyunun artmasını, böyüməsini yaşadı: insanlar gecə səhərə qədər qələbə sevincini yaşamaq, bölüşmək üçün küçələrə çıxdı – Bakı gecəsi gündüzə çevrildi.

Təki bütün gecələrimiz gündüzə çevrilsin!

Şübhəsiz ki, “Avroviziya” müsabiqəsinin seçim turlarında münsiflərin tərəfkeşlik etdiklərini daha kimsə dilinə gətirməyəcək!

Şübhəsiz ki, bizə qələbə yaşadanlara, bu qələbədə payı olanlara hamı minnətdar olacaq!

Şübhəsiz ki, düzgün qurulmuş xarici siyasi-mədəni kursu hamı dəstəkləyəcək!

Şübhəsiz ki, bütün şübhələr aradan qalxacaq!

Niyyət, amal safdırsa, məqsəd Vətənin adını ucaltmaqdırsa – hədəfə çatmaq həmişə şübhəsiz olur.

Bizə qələbə yaşadanlara təşəkkürlər!

Hamını – bütün sevinənləri, fərəhlənənləri, hətta hər uğurda bir «əmma» axtaran soydaşlarımızı, Azərbaycanı sevən hər kəsi təbrik edirəm.

Qoy, Bakının bundan sonra bütün açılan sabahları bugünkü kimi hamımıza sevinc, xoşbəxtlik gətirsin!
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı