15 May 2011

Biz bacardıq!


İlk dəfədir ki, böyük fərəhin yaratdığı həyəcan içində kompüter arxasına keçirəm; ilk dəfədir ki, barmağımdan monitora tökülən hərflərin belə sevindiyini hiss edirəm...

İllərdir belə sevinmədik, illərdir qələbə arzuladıq, bəzən dostların, qardaşların qələbəsini öz uğurumuz bilib yaşadıq. Amma ötən gecə ÖZ QƏLƏBƏMİZİ yaşadıq.

Bütün hallarda qələbə – bir millətin ruhunun ayaqda qalması, öz ölkəsi və Vətəni ilə fəxr etməsi, qürurunun qaytarmasını saxlayan əsas faktdır. Bu qələbə güclülərin yarışmasında əldə ediləndə, idraka, intellektə, sənətə əsaslananda, Avropanın nəzərlərinin dikildiyi bir mədəniyyət paytaxtında qazanılanda daha gözəl olur.

Bəli, biz bacardıq – Avropanın ən ünlü musiqi yarışmasında kiçik, bir çoxlarının görmədiyi, görmək istəmədiyi Azərbaycanın dillərdə dolaşmasını, diqqətə gəlməsini duymaq çox xoşdur!

Biz bacardıq – 4 illik çalışmalar, əziyyətlər öz bəhrəsini verdi;

Biz bacardıq – öz mədəniyyətimizlə bir Avropa dövləti olduğumuzu, Avropa dəyərlərini bölüşdüyümüzü, Avropa geomədəni çevrəsində yaşadığımızı sübut etdik.

Avropa insanı da artıq Azərbaycanı qəbul etməyə hazır olduğunu nümayiş etdirdi.

Bu qələbənin fərəhini artıran çalarlar çoxdur: illərdir bu yarışmaya qatılan, hətta bir dəfə qalib olmağı bacaran Türkiyə finala vəsiqə qazana bilməmişdi. Türkiyənin bir xəyal qırıqlığı vardı; Azərbaycan finala çıxdı, yarışdı, qazandı və… Qələbənin müəlliflərindən biri - Nigar səhnəyə Türkiyə bayrağını da daşıdı.

Türkiyə yarışmadan kənarda qalsa da, qələbə yaşadı – bayrağı yarışmanın qalibi kimi dalğalandı.

Bir baxsanız Türkiyə mətbuatına? Nələr yazmırlar… «Biz qalib gəlsək, Azərbaycanın bayrağını da Türkiyə bayrağı ilə birgə qaldırardıqmı» ritorikası qardaş ölkəni silkələyir: Bir daha, bir daha və bir daha Azərbaycanın nümunə göstərdiyinə, qardaş sevgisi ilə Türkiyəni duyğulandırdığına bir heyrət və məftunluq bildirilir. Finala çıxmayan Türkiyəni qalib edən qardaş Azərbaycanı bir millətin ikinci dövləti bağrına basmağa hazır!

Dünyanın bütün telekanallarının baş xəbəri Azərbaycan!

Dünyanın bütün KİV-lərinin manşeti Azərbaycan!

Bu böyük qələbəni bir ermənilər qısqandı, – yarış bitər-bitməz gələn il Bakıda keçiriləcək «Avroviziya-2012» yarışmasına qatılmayacaqları barədə indidən xəbərdarlıq etdilər, - bir də erməni kimi düşünənlər.

Bəli, Azərbaycan «Avroviziya -2011»-in baş mükafatını Bakıya gətirdi. İlk dəfə olaraq coğrafi baxımdan Avropada olmayan bir Asiya ölkəsi Avropa yarışmasının qalibi oldu – Avropanın mədəni çevrəsi “Avroaziya”ya doğru genişləndi.

Biz yenə ilk olduq – ilk Cümhuriyyətimiz kimi, ilk demokratiya daşıyıcısı kimi… Azərbaycan Qərbin Şərqə açılan qapısı olduğunu bir daha sübut etdi; Azərbaycan Şərqin Qərbə doğru yönələn baxışlarının mərkəzləşdiyi bir məkan olduğunu yenə təsdiqlədi.

2009-cu ildə Azərbaycan İslam ölkələrinin mədəniyyət paytaxtı idi.

2011-ci ildə Azərbaycan Avropanın mədəni paytaxtına çevrildi.

Təsəvvür edirsinizmi, Azərbaycanın belə təbliğatı, bütün dünyanın dilində dolaşması üçün nələr lazımdır – illərmi, onillərmi? Milyardlarmı, onmilyardlarmı?

Demək çətindir. Amma Azərbaycan bunu qısa bir sürədə bacardı – öz mədəniyyəti, sənəti, dünyaya açıqlığı, tolerantlığı sayəsində.

Avropa onun dilində danışan bir Azərbaycanı axır ki, gördü, qəbul etdi, sıralarına qatdı.

Azərbaycan bir gecənin içində boyunun artmasını, böyüməsini yaşadı: insanlar gecə səhərə qədər qələbə sevincini yaşamaq, bölüşmək üçün küçələrə çıxdı – Bakı gecəsi gündüzə çevrildi.

Təki bütün gecələrimiz gündüzə çevrilsin!

Şübhəsiz ki, “Avroviziya” müsabiqəsinin seçim turlarında münsiflərin tərəfkeşlik etdiklərini daha kimsə dilinə gətirməyəcək!

Şübhəsiz ki, bizə qələbə yaşadanlara, bu qələbədə payı olanlara hamı minnətdar olacaq!

Şübhəsiz ki, düzgün qurulmuş xarici siyasi-mədəni kursu hamı dəstəkləyəcək!

Şübhəsiz ki, bütün şübhələr aradan qalxacaq!

Niyyət, amal safdırsa, məqsəd Vətənin adını ucaltmaqdırsa – hədəfə çatmaq həmişə şübhəsiz olur.

Bizə qələbə yaşadanlara təşəkkürlər!

Hamını – bütün sevinənləri, fərəhlənənləri, hətta hər uğurda bir «əmma» axtaran soydaşlarımızı, Azərbaycanı sevən hər kəsi təbrik edirəm.

Qoy, Bakının bundan sonra bütün açılan sabahları bugünkü kimi hamımıza sevinc, xoşbəxtlik gətirsin!

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı