4 May 2011

“Mançester Yunayted” “Barselona”ya doğru


Mayın 4-də futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin daha bir cavab görüşü keçiriləcək.

Lent.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 23:45-də İngiltərənin “Mançester Yunayted” klubu Almaniyanın “Şalke 04” komandasını qəbul edəcək.

Fəlakət baş verməsə, finalda İspaniya “Barselona”sının rəqibi “Mançester Yunayted” komandası olacaq. Çünki “qırmızı şeytanlar” ilk yarımfinal matçında “Şalke 04”ü səfərdə 2:0 hesabı ilə yeniblər. Komandanın veteranı Rayan Giqqz bu mövsüm ilk qolunu məhz həmin oyunda vurub. Digər topun müəllifi isə Ueyn Runi olub. Mançesterdəki “Old Trafford” stadionunda oynanılacaq təkrar qarşılaşmaya baş məşqçi Aleks Ferqyusonun komandası böyük üstünlüklə çıxacaq. Həm bu amili, həm də aprelin 8-də “Çelsi” ilə Premyer Liqada keçirəcəyi vacib oyunu nəzərə alan Ferqyuson bugünkü cavab görüşündə komandanın bir neçə liderinə istirahət verə bilər.

Amma “Mançester Yunayted”lə görüş bu mövsüm uğur qazanmaları baxımından “Şalke 04” üçün yeganə şansdır. Gelzenkirhen komandasının Almaniya Bundesliqasında uğursuz çıxışı ilə əlaqədar Feliks Maqat baş məşqçi postu ilə vidalaşıb. Onu əvəzləyən Ralf Ranqnik Çempionlar Liqasının ötənilki qalibi İtaliya “İnter”ini ¼ final mərhələsində mübarizədən kənarlaşdırıb. Hazırda Bundesliqada 10-cu pillədə olan komandanın Çempionlar Liqasında qət etdiyi yol yekunlaşmaq üzrədir. Əvvəlki 5 ev oyununda “Mançester Yunayted” cəmi 3 qol buraxıb. Çətin ki, Şalke 04” bu qədər qolu bir oyuna vura bilsin.

Digər tərəfdən, Ferqyusonun komandasının da əla oriyentiri var: Manuel Noyerin qapısına vurulacaq ilk top “qırmızı şeytanlar”ın Çempionlar Liqasında 300-cü qolu olacaq. Yubilyar olmaq və komandasının finala vəsiqəsini faktiki təmin etmək bombardirlər üçün əla mötivasiyadır. Amma kim vuracaq? Dimitar Berbatov zədəsini sağaltsa da, Avropanın ən nüfuzlu klub turnirində bir dəfə də fərqlənməyib. Ueyn Runi görüşə ehtiyat oyunçular skamyasından başlayacaq. Eyni sözlər Maykl Ouenə də aiddir.

Maraqlıdır ki, “Old Trafford”da “Şalke 04” də mini-yubileyini qeyd edə bilər. Edvin van der Sarın qoruduğu qapıdan keçirəcəyi ikinci top Ralf Ranqnikin komandasının Çempionlar Liqasında 50-ci qolu olacaq. “Şalke 04”ün heyətində zədə üzündən Benedikt Hövedes, Mario Qavranoviç, Klas-Yan Huntelar və Kristof Morits oynamayacaq.

“Mançester Yunayted” – “Şalke 04” matçını portuqaliyalı baş hakim Pedru Proensa idarə edəcək

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı