7 Tem 2011

Təyyarəmizin qəzaya uğradığı ərazidə 8 nəfərin qalıqları tapılıb


Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğradığı ərazidə 8 nəfərin cəsədinin qalıqları tapılıb.

Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyinin 3-cü katibi Çingiz Qəribli məlumat verib. O bildirib ki, hadisə yerində çalışan komanda təyyarənin və həlak olmuş 8 nəfərin qalıqlarını aşkarlayıb. Tanınmaz hala düşdüyü üçün qalıqların identifikasiyasını aparmaq hələlik mümkün olmayıb. Ç. Qəribli bu məqsədlə ekspertizanın təyin oluna biləcəyini söyləyib: “Ekspertizanın keçirilməsini və meyitlərin qalıqlarının nə vaxt göndəriləcəyini sabah hadisə yerinə gəlməsi gözlənilən komissiya həll edəcək”.

Qeyd edək ki, Əfqanıstanda baş verən qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycandan olan üzvləri bu gün Bakı vaxtı ilə saat 06.30-da Əfqanıstanın Baqram hava limanına çatıblar. Azərbaycan tərəfdən komissiyanın rəhbəri “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirovdur.

Xatırladaq ki, Bakı-Baqram marşrutu ilə uçuş yerinə yetirən təyyarə göyərtəsində 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxıb. Əfqanıstana uçuşdan əvvəl həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü Özbəkistan vətəndaşıdır.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı