3 Tem 2011

Neftin qiyməti düşüb

Dünya bazarında neftin qiyməti ucuzlaşıb.

Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Çin və Avropada sənaye istehsalının aşağı düşməsi fonunda düşüb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 0,48 dollar itirərək 94,94 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,71 dollar düşərək 111,77 dollar təşkil edib.
Devamını Gör »

“BMW X5” geri çağırılır

Almaniyanın “BMW” şirkəti “X5” ofroderinin “XDrive35d” (2012 variantı) modelini geri çağırır.

Lent.az-ın xəbərinə görə, geri çağırılmaya səbəb intiqal qayışının dartıcı kronşteyndəki qüsurdur. Kronşteyndə baş verən çat nəticəsində intiqal qayışı qırılır və nəticədə sükan gücləndirici nasos da sıradan çıxır. Yüksək sürətdə sükan gücləndiricinin sıradan çıxması isə qəza riski yaradır.

Çağırış kampaniyası 923 avtomobilə aiddir və benzin modellərə şamil edilmir.
Devamını Gör »

Yeni “Audi TT” 2013-də gələcək

“Audi TT”nin yeni modeli 2013-cü ildə təqdim ediləcək.

Lent.az-ın “novgorodauto.ru”ya istinadla xəbərinə görə, avtomobilin şassisi yenilənsə də, dizayn baxımından hazırkı modeldən əsaslı şəkildə fərqlənmir. Lakin gələcək modeldə istisnasız olaraq turbo mühərriklər quraşdırılacaq. Avtomobillərin əksəriyyətini 350 – 380 at gücünə malik benzin mühərrikləri ilə təchiz etmək nəzərdə tutulub.
Devamını Gör »

Rusiyada texniki baxış haqqında yeni qanun qüvvəyə mindi

Rusiya prezidenti Dmitri Medvedev ötən gün nəqliyyat vasitələrinə texniki baxışın yeni qaydalarını təsdiq edib.

Lent.az-ın “novgorodauto.ru”ya istinadla xəbərinə görə, indi texniki baxışdan keçməyən avtomobilin sürücüsü cərimə edilməyəcək. Bununla bellə texniki baxışdan keçməyən avtomobillər sığortalanmayacaq (sığorta RF-da məcburidir).

Yeni qaydaya əsasən 3-7 yaşlı avtomobillər 2 ildən bir, yaşı 7-dən çox olan avtomobillər isə hər il texniki baxışdan keçməlidir. Təzə avtomobillər isə texniki baxışdan azaddır.

Xatırladaq ki, qonşu Gürcüstanda da texniki baxış ləğv edilib.
Devamını Gör »

“Microsoft” “Office” paketinin yekun “bulud” versiyasını istifadəyə verib

“Microsoft” korporasiyası “Office 365 “bulud” servisinə çıxışın artıq bütün ölkələrdə açıq olduğunu rəsmi elan edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni işləmə özündə tanınmış “Microsoft Office” ofis proqram paketinin onlayn versiyasını əks etdirir və “Word”, “Excel”, “PowerPoint” (hər biri brauzerdə işləyir), eləcə də “Exchange”, “SharePoint” və “Microsoft”-un kommunikasiya platforması olan “Lync” kimi ofis əlavələrinin veb-versiyalarını birləşdirir.


Paket kiçik biznesdən tutmuş iri müəssisələrə kimi şirkətlərdə istifadə olunmaq üçün nəzərdə tutulub. “Office 365” üzrə lisenziyalar dünyanın 40 ölkəsində satılacaq. “Microsoft”-un yeni ofis paketi “Google Docs” servisinin bazarda birbaşa rəqibidir.
Devamını Gör »

Yaradıcılarından biri “Twitter”-i tərk edir

“Twitter”in yaradıcılarından biri olan 37 yaşlı Kristofer Ayzek Stoun sosial şəbəkəni tərk etməyə qərar verib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Kristofer Ayzek Stoun deyib ki, “Twitter” komandası ilə 5 ildir, işləyir və artıq başqa xüsusi layihələrlə məşğul olmağın zamanı gəlib.


Bununla belə, o, gələcəkdə “Twitter”-ə dəstək verməyə davam edəcəyini dilə gətirib.
Devamını Gör »

Uşaqlar üçün planşet buraxılıb

İnkişafetdirici oyuncaq istehsalçısı “LeapFrog” şirkəti “LeapPad Explorer” planşet kompüteri buraxıb.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni planşet 4-9 yaşlı uşaqlar üçün nəzərdə tutulub. “LeapPad Explorer” 480x272 piksel təsvir ölçülü beş düyümlü sensor ekranla təchiz olunub və 400 meqahers tezlikli prosessor üzərində yığılıb. Uşaqlar üçün qurğuda foto və video çəkmək üçün kamera, akselerometr və mikrofon təqdim olunub. Öyrədici oyunlar və proqramlarla işləmək imkanı verən planşetin yaddaşı dörd əlavə ilə təmin edilib. Bundan başqa, “LeapFrog”-un saytında yüzə yaxın xüsusi proqram mövcuddur və bu əlavələri azyaşlı istifadəçilər öz planşetlərinə yükləyə bilər. Onların arasında oxu və yazı qabiliyyətlərinin mənimsənilməsi üçün xüsusi proqramlar (planşetlə komplektdə stilus da təqdim olunur), interaktiv boyama əlavələri, musiqi proqramları, eləcə də sağlam həyat tərzinin əsaslarının öyrənilməsi üçün əlavələr mövcuddur.


“LeapPad Explorer”-də “Wi-Fi” modulu olmadığından proqramların yüklənilməsi üçün planşeti kompüterlə birləşdirmək lazımdır. Planşet ABŞ-da u avqustun 15-də 99,99 dollar qiyməti ilə satışa çıxarılacaq. Onun digər ölkələrdə nə vaxt satışa çıxarılacağı açıqlanmayıb.
Devamını Gör »

“News Corp” “MySpace”-i satıb

“News Corp” media korporasiyası “Specific Media” reklam şirkəti ilə “MySpace.com” sosial şəbəkəsinin satılmasına dair razılığa gəlib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, media nəhəngi sosial şəbəkəni 6 il bundan əvvəl aldığından xeyli aşağı qiymətə satıb.


Şirkətlər hələ ki, əldə olunmuş razılığa dair heç bir şərh vermir. Yalnız “Spacific Media” öz saytında bu haqda xəbər verib, lakin məsələyə təfərrüatı ilə aydınlıq gətirməyib. Bununla yanaşı, müxtəlif mənbələrin məlumatına görə, “News Corp” “MySpace”-ə görə 35 milyon dollar, eləcə də “Specific Media”-nın səhmlərinin 5 faizlik hissəsini əldə edib.


Analitiklərin sözlərinə görə, “News Corp” resursu kiçik qiymətə satmasına baxmayaraq, şirkət bununla özünün ən problemli və ziyan gətirən aktivlərindən birindən qurtulub. Sosial şəbəkənin hazırkı baş direktoru Mayk Consun “MySpace”-i tərk edəcəyi gözlənilir. O, bu barədə artıq öz işçilərinə xəbərdarlıq edib.


Xatırladaq ki, “News Corp” 2005-ci ildə “MySpace.com” sosial şəbəkəsini 580 milyon dollara əldə edib.
Devamını Gör »

“Pic3D” plyonkası adi displeyi 3D-panelə çevirəcək

Yaponiyanın “Global Wave” şirkəti adi ekranda stereoskopik təsvirə baxmaq imkanı verən “Pic3D” plyonkasını təqdim edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni plyonkada işıq şüalarının keçirtmə qabiliyyəti 90 faiz, görünüş bucağı isə 120 dərəcə təşkil edir.

Bu zaman irihəcmli təsvirə baxmaq üçün xüsusi eynəyə ehtiyac yoxdur. “Global Wave” 12,1 (1280×800 pikselov), 15,6 (1366×768), 21,5 (1920×1080) və 23 (1920×1080) düym diaqonallı displeylər üçün plyonkalar istehsal etməyi planlaşdırır. Bundan əlavə, işləmənin “iPad 2” planşet kompüterləri, “iPhone” smartfonları və “iPod” touch pleyerləri üçün versiyalarının da təklif olunacağı nəzərdə tutulur.

3D təsvirə baxmaq üçün xüsusi proqram təminatı yükləmək lazım olacaq. “Windows” və “iOS” platformaları üçün artıq versiyalar hazırlanıb.

“Pic3D”-in satışı cari ilin avqust ayında başlanacaq. Onun qiyməti isə ölçüsündən asılı olaraq 25-186 dolları civarında olacaq.
Devamını Gör »

“Nokia” əsas mobil servisini satır

“Nokia” korporasiyası istifadəçiləri elektron poçt, ani ismarıclar və mobil rabitə operatorlarının digər xidmətləri ilə təmin edən “Nokia” “Messaging” bölməsini “Synchronica” şirkətinə satır.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, razılaşmanın bu ilin III rübündə tam yekunlaşacağı gözlənilir.

Sazişin məbləği isə hələ açıqlanmır. Danışıqların şərtlərinə əsasən “Nokia”-nın 10 mobil rabitə operatoru, o cümlədən “AT&T”, “Verizon”, “T-Mobile”, “Sprint’, “Rogers”, “Telus” ilə imzaladığı müqavilələr ‘Synchronica”-nın nəzarətinə keçəcək.

2008-ci ildə fin şirkətinin istifadəyə verdiyi “Nokia Messaging” servisinin məqsədi “Nokia” telefonlarının sahiblərini ‘Yahoo! Mail”, “Yahoo! Messenger’, “Windows Live Hotmail”, ‘Gmail və Google Talk”, “AOL Mail” və digər elektron poçt və ani ismarıc xidmətləri ilə təmin etməkdən ibarət idi.
Devamını Gör »

“VAZ 2106” 10 yaşlı piyadanı vurdu

Yaralının vəziyyəti ağırdır

Xaçmaz rayonun Xudat şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xudat şəhər sakini, 2001-ci il təvəllüdlü İslam Mirzəyev Qusar rayon Əniğoba kənd sakini Zabit Əkbərovun idarə etdiyi 05 BD 018 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan şəxsi dərhal Xudat Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, 10 yaşlı məktəblinin vəziyyəti ağırdır.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.
Devamını Gör »

“Uimbldon” turniri: Cokoviç və Nadal finalda

Tennis üzrə “Böyük dəbilqə” seriyasından “Uimbldon” turnirində kişilərin fərdi mübarizəsində də finalçılar müəyyənləşib.

XezerXeberin məlumatına görə, həlledici görüşdə serbiyalı Novak Cokoviçlə ispaniyalı Rafael Nadal üz-üzə gələcək.

Yarımfinalda Cokoviç fransalı Jo-Vilfrid Tsonqanı yenib - 7:6, 6:2, 6:7, 6:3. Bununla da serbiyalı tennisçi karyerasında ilk dəfə “Uimbldon”un finalına yüksəlməklə bərabər, Peşəkar Tennisçilər Assosiasiyasının yeni reytinqində birinci pilləni təmin edib.

Nadal isə digər yarımfinal görüşündə britaniyalı Endi Mürreyi üstələyib - 5:7, 6:2, 6:2, 6:4. İspaniyalı tennisçi “Böyük dəbilqə” seriyalı turnirlərdə 10 dəfə qalib olub ki, bunların 2-si (2008, 2010) “Uimbldon”a təsadüf edib.

Final matçı iyulun 3-də keçiriləcək. Bundan bir gün öncə isə qadınların fərdi mübarizəsində rusiyalı Mariya Şarapova ilə çexiyalı Petra Kvitova arasında həlledici qarşılaşma olacaq.
Devamını Gör »

“Bakı” Verpakovski ilə müqavilə bağladı

“Bakı” futbol klubu yeni transferini reallaşdırıb.

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Kiyev “Dinamo”sundan transfer olunan Maris Verpakovskidir.

Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb. O, yeni klubunda 22 nömrəli formanı geyəcək.

Maris Verpakovski 1979-cu il oktyabrın 15-də anadan olub. O, karyerası ərzində əvvəlcə Latviyanın “Baltika”, “Metallurq”, “Skonto” klublarının formasını geyib. 2003-cü ildə Kiyev “Dinamo”suna transfer olunan Verpakovski 2007 - 2008-ci illərdə İspaniyanın “Xetafe” və “Selta”, Xorvatiyanın “Hayduk” və Yunanıstanın “Erqotelis” klublarında oynayıb. O, 3 dəfə (2001, 2002, 2003) Latviya çempionu tituluna sahib çıxıb, Latviya Kubokunun 2 qat (2001, 2002) sahibidir. 2004-cü ildə Kiyev "Dinamo"su ilə Ukrayna çempionu titulunu qazanıb, 2005-2006-cı illərdə ardıcıl 2 dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.

Maris Verpakovski Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb. 2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdır. Onun qolları sayəsində Avro-2004-ün “pley-off” mərhələsində Latviya Türkiyəni mübarizədən kənarlaşdırıb. Verpakovski 2003 və 2004-cü illərdə Latviyanın ən yaxşı futbolçusu seçilib.
Devamını Gör »

Devid Bekhemin onurğa sütununda çat aşkarlanıb

ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun futbolçusu Devid Bekhem ona məşq etməyə mane olan çiynindən şikayətlənib.

Lent.az-ın məlumatına görə, tibbi müayinə nəticəsində 36 yaşlı yarımmüdafiəçinin onurğa sütununda kiçik çat aşkarlanıb.

Bekhem deyib: “10 gün öncə çiynim daha çox ağrıyırdı. Lakin indi bir qədər keçib. Məşqləri və matçı buraxmaqdan zəhləm gedir. Həyatımda iki dəhşətli həftə keçirdim. Xüsusən ona görə üzgünəm ki, bu, mənim üçün yeni zədədir. Əvvəllər belə problem hiss etməmişəm”.

Qeyd edək ki, özünü pis hiss etdiyi üçün “San-Xose” ilə matçı buraxmış Devid Bekhem “Siettl”lə görüşdə də oynamayacaq.
Devamını Gör »

Voleybolçularımızın Çempionlar Liqasındakı rəqibləri

Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

Apasport.az saytının xəbərinə görə, Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə Bakının qadınlardan ibarət “Rabitə” və “Azərreyl” klublarının da rəqibləri bəlli olub.

B qrupuna düşən “Rabitə” “Fənərbaxça Acibadəm” (Türkiyə), “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) ilə mübarizə aparacaq.
D qrupunda yer alan “Azərreyl” isə “Berqamo” (İtaliya), “VaqıfGünəş Bank” (Türkiyə), “Tomis” (Rumıniya) ilə qarşılaşacaq.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı